Serj Sarkisyan, Robert Köçəryan kimi cinayətkarların cəzalandırılmasının zamanı çatıb - ARAŞDIRMA

Müasir dövrdə də insanlıq əleyhinə yönələn qətliamların təşkilatçıları mütləq şəkildə öz layiqli cəzalarını alırlar. Xəbər verildiyi kimi, Serbiya Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı birləşməsinin keçirdiyi əməliyyat zamanı Bosniya serblərinin hərbi qüvvələrinin komandanı Radko Mladiç həbs olunub. Hər kəs bilir ki, tarixdə heç bir cinayət cəzasız qalmayıb. Üstündən müəyyən zaman keçdikdən sonra belə bütün vəhşiliklər, insanların kütləvi məhvinə səbəb olan addımlar mütləq şəkildə öz layiqli qiymətini alıb. Buna aid bir sıra misallar göstərmək olar. Məsələn, ən populyar misal kimi II Dünya müharibəsindən sonra keçirilən məşhur Nürnberq məhkəməsini yada salmaq kifayətdir. Xatırladaq ki, 2008-ci ildə Radovan Karadziçin həbsindən bəri azadlıqda olan ən görkəmli müharibə cinayətkarı sayılan Radko Mladiç 90-cı illərin əvvəllərində Bosnya və Herseqovinada müharibə zamanı soyqırımı və hərbi cinayətlərdə ittiham olunur. Bir müddət Belqradda azad yaşayan Radko Mladiç 2001-ci ildə keçmiş Yuqoslaviya prezidenti Slobodan Miloşeviçin həbsindən sonra yox olmuşdu. Saxlanan şəxsin Radko Mladiç olub-olmadığı araşdırılıb. Həbs olunan şəxsdən DNK analizi götürülüb və Mladiç olduğu üzə çıxıb. Bunu Serbiyanın hazırkı prezidenti Boris Tadiç keçirdiyi mətbuat konfransında təsdiqləyib. Qeyd edək ki, Yuqoslaviyada törədilmiş hərbi cinayətlər üzrə yaradılmış Beynəlxalq Tribunal Radko Mladiçi 1992-1995-ci illərdə Bosniya-Herseqovinada hərbi cinayətlər və soyqırımı törətməkdə ittiham etsə də, 15 il onu tapmaq mümkün olmayıb. Serb cinayətkarın gec də olsa, ədalət mühakiməsi qarşısında öz layiqli cəzasını alması analoji qətliamları törədən insanlıq düşmənlərinin də öz cəzasına çatacağı ümidini artırır. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Dağlıq Qarabağın ermənilər tərəfindən işğalı zaman azərbaycanlılara qarşı törədilən soyqırımları bu gün Ermənistanın rəhbərliyində oturan şəxslərin rəhbərliyi altında həyata keçirilib. 1992-ci ilin fevralında Xocalıya edilən hücuma rəhbərlik edən şəxslərdən biri Ermənistanın indiki müdafiə naziri Seyran Muşeqoviç Ohanyan olub. Məhz onun komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandanlığı altında 3-cü batalyon, 1 saylı batalyonun qərargah rəisi Valeriy İsayeviç Çitçyan və alayda xidmət edən 50-dən artıq erməni zabit və gizir Xocalıya hücumda iştirak ediblər. Qeyd edək ki, bu soyqırımda 613 nəfər dinc azərbaycanlı, o cümlədən, 63 uşaq, 106 qadın, 70 qoca bir neçə saatın içində milli zəmində amansızlıqla qətlə yetirilib. Erməni-rus birləşmələri 487 nəfəri ağır xəsarətlərə məruz qoyub, 1275 nəfəri isə girov götürüb.

Ohanyan bu soyqırımı aktında birbaşa iştirak edib. Bununla yanaşı, bu terror hadisəsinə rəhbərlik keçmiş Ermənistan prezidenti Robert Koçaryan və hazırkı prezident Serj Sarkisyan tərəfindən həyata keçirilib. Hətta ASALA erməni terror təşkilatının fəal üzvlərindən biri Vazgen Sislyan Xocalıda azərbaycanlı uşaqların qətlə yetirilməsində əli olduğunu və bu işdə Koçaryanın da ondan geri qalmadığını mətbuatdan da gizlətməyib və xarici mətbu nəşrlər ayrı-ayrı zamanlarda dəfələrlə bu mövzuya müraciət ediblər. Həmin qanlı cinayətin ən fəal iştirakçısı, sonralar Ermənistanın prezidenti seçilən Robert Köçəryan Sislyanı bu vəhşiliklərdəki iştirakına görə, Qarabağ müharibəsinin qəhrəmanı elan etmişdi. Xocalı soyqırımının iştirakçısı Davud Xeyriyanın Xocalı soyqırımı ilə bağlı kitabında belə yazırdı: "...martın 2-də "Qafqan" erməni qrupu 100-dən artıq türk meyitini yığıb Xocalıdan təxminən bir kilometr aralıdakı qəbiristanlıqda yandırdı. Axırıncı maşında mən alnından və əlindən yaralanmış on yaşlı qız uşağını gördüm. Sifəti göyərmiş bu qız uşağı aclığa, soyuğa və aldığı yaralara baxmayaraq, hələ də sağ idi. Sakitcə nəfəs alırdı. Ölümlə çarpışan balaca qızın baxışlarını unuda bilmirəm. Bir qədər sonra Tiqranyan deyilən əsgər hərəkətsiz qızı götürüb meyitlərin üstünə atdı. Sonra onları yandırdılar. Mənə elə gəlirdi ki, yanan meyitlərin arasından kimsə qışqırır, köməyə çağırırdı. Bundan sonra mən daha yeriyə bilmədim". Ermənistan rəhbərliyinin məhz bu cür qanlı aktlara imza atması onların adıçəkilən Mladviçdən də qorxulu cinayətkar olmasını sübuta yetirir. Amma qeyd etdiyimiz kimi, heç bir cinayət cəzasız qalmır. Tarix özü zamanı çatanda bu cəzanı verir və həmin şəxslər öz layiqli cəzalarını alırlar. Bu gün Azərbaycan dövləti işğal altında olan torpaqlarının azadlığı uğrunda mübarizə aparır və bu istiqamətdə bütün vasitələrdən istifadə olunacağını bildirir. Xüsusi olaraq qeyd etmək yerinə düşər ki, istər diplomatik müstəvidə, istərsə də hərbi gücdə Azərbaycandan geridə olan Ermənistan tərəfi özü də dərk edir ki, artıq onların zorla dünyaya sırımaq istədikləri yalanları ayaq tutub yeriyə bilmir. Artıq Azərbaycan öz torpaqlarını işğaldan azad etmək qüdrətindədir. Və Azərbaycan xalqı inanır ki, çox qısa müddət ərzində bu problem öz ədalətli həllini tapacaq və Xocalı cinayətini törədən şəxslər kimliklərindən asılı olmayaraq məhkəmə qarşısında cavab verəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə