Humanizmin əyani nümayişi - ANALİZ

Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan dövlətinin humanizm və ədalət prinsiplərinə əsaslanan siyasətini davam etdirərək, 28 may Respublika günü ilə bağlı bağlı əfv fərmanı imzalayıb. Fərmana əsasən, bu gündən başlayaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmiş şəxslərin həbsxanadan buraxılmasına başlanıb.

Qeyd edək ki, Prezident yanında Əfv Komissiyası iclaslarını yekunlaşdıraraq əfv siyahısını prezidentə təqdim edib. Əfv verilərkən məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının, Mətbuat Şurasının prezidentə ünvanlanmış əfv haqqında müraciətləri, eləcə də məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, cəzalarının müəyyən hissəsini çəkdikləri, bu müddətdə davranışları nəzərə alınıb.

Prezidentin mətbuat xidmətinin məlumatına görə, məhkumlarla bağlı bir sıra məsələlər üzrə insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə müxtəlif formatlarda davamlı və konstruktiv müzakirələr aparılıb.

Cəzaçəkmə müəssisələrinə mütəmadi baş çəkən, məhkumların saxlanma şəraiti ilə tanış olan, penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarəti həyata keçirən hüquq müdafiəçiləri bu müzakirələr çərçivəsində məhkumların humanitar əsaslarla azad olunması və əfv edilməsi barədə təklif və tövsiyələr veriblər.

Azərbaycanda vətəndaş cəmiyyəti ilə dövlət arasında dialoqun möhkəmləndirilməsinə nümunə olan belə əməkdaşlıq dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən problemlərin həllində qeyri-hökumət təşkilatlarının rolunun önəmli dərəcədə artdığını göstərir.

Prezident İlham Əliyev hər zaman vurğulayır ki, insan hüquq və azadlıqlarının müdafiəsi Azərbaycan dövlətinin ali məqsədi və fəaliyyətinin ən mühüm istiqamətlərindən biridir. Şübhəsiz ki, əfv olunan vətəndaşlarımız bu humanist aktdan düzgün nəticə çıxaracaq, dövlət və cəmiyyət qarşısında öz vətəndaşlıq borclarını dərk edəcək, qanunlara dönmədən əməl edəcək, Azərbaycanın davamlı və sabit inkişafına öz töhfəsini verəcəklər.

Əfv fərmanını ölkə ictimaiyyətinin nümayəndələri alqışlayıblar. Dünən və bu günsosial şəbəkələrdə keçirilən müzakirələrdə vətəndaşlar bu fərmanın verilməsinin həm ölkə vətəndaşlarına, həm də ADR-in yaranma gününə böyük hörtmət olduğunu qeyd ediblər.

Ümumiyyətlə, bu Prezident İlham Əliyevin imzaladığı yeganə əhv fərmanı deyil. Dövlət başçısı bundan əvvəl də bir neçə dəfə analoji fərmanlar imzalayıb və amnistiya aktlarını təsdiq edib. Sonuncu dəfə Prezident İlham Əliyev ötən il Novruz bayramı öncəsi analoji fərman vermişdi. Həmin vaxt bu fərman 72 nəfərə şamil edilmişdi.

Ümumiyyətlə, Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər salsaq, siyasi sistemdə təkmilləşmənin, dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsinə və tətbiqinə marağın şahidi olarıq. Bu, müstəqil dövlətimizin sivil, hüquqi dəyərlərə sadiqliyini əməli işi ilə sübut etdiyini təsdiqləyir.

Demokratik cəmiyyətin varlığını şərtləndirən amillərin ölkəmizdə bərqərar olması istiqamətində atılan addımlar daim beynəlxalq təşkilatlar, dövlətlər tərəfindən təqdir olunur. Əfv olunanlar arasında həmkarımız Eynulla Fətullayevin də olması dövlət başçısının ölkədə söz və mətbuat azadlığının təmin edilməsində qətiyyətli mövqeyini göstərir.

Prezident İlham Əliyev bütün çıxışlarında bəyan edir ki, vətəndaş cəmiyyətinin yaradılması və möhkəmlənməsi, demokratikləşmə prosesinin sürətləndirilməsi, hüquqi dövlətin qurulması sadəcə bir şüar, yaxud da bir niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərtdir.

Ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması sahəsində görülən işlər beynəlxalq təşkilatlar tərəfindən də təqdir edilir. Konstitusiyamızda əksini tapan maddələrin böyük əksəriyyəti insan hüquq və azadlıqlarının qorunmasına və müdafiəsinə xidmət edir. Ən mühüm dəyişikliklərdən biri budur ki, dövlətin ali məqsədi yalnız insan hüquq və azadlıqlarını qorumaq deyil, onların layiqli həyat səviyyəsini təmin etməkdir.

Nüfuzlu beynəlxalq təşkilatlarmütəmadi olaraq dünyada demokratiya və insan hüquqları sahəsində mövcud durumla bağlı hesabatını açıqlayır. Daim ölkəmiz həmin hesabatlarda müsbət göstəriciləri ilə yer tutur. Dövlət başçısı İlham Əliyevin imzaladığı əfv fərmanları, amnistiya aktları, insan hüquqlarının müdafiəsinə xidmət edən Proqramın təsdiqlənməsi, eyni zamanda insan hüquqları gününün təsis edilməsi buna əyani sübut kimi qeyd olunur.

Dövlətimizin humanizm siyasətini yüksək dəyərləndirən beynəlxalq birlik imzalanan əfv fərmanlarını demokratik inkişaf yolunda atılan addım kimi təqdir edir. Bu fikir hər zaman qeyd olunur ki, Azərbaycan dövləti siyasətində insan amilinə yüksək dəyər verir.

Bu humanist siyasətin nəticəsində son illərdə ölkədə kriminogen durum xeyli yaxşılaşıb və cinayətlərin sayı xeyli azalıb. Üstəlik Azərbaycan dünyada sivil bir ölkə olduğunu, ölkədə vətəndaş cəmiyyətinin inkişafına dəstək verildiyini və dövlətin vətəndaşlara qayğısının yüksək səviyyədə olduğunu bir daha sübut etmiş oldu.

Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə