Ulu öndər Heydər Əliyevin 23 may 2001-ci il tarixli Fərmanı ilə ölkədə ekologiya, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, geologiya, meşəçilik və balıqçılıq sahəsində vahid dövlət siyasətini həyata keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıllb. Prezident İlham Əliyevin 16 may 2007-ci il tarixdə imzaladığı Sərəncama uyğun olaraq həmin tarix ekoloqların peşə bayramı kimi qeyd olunur.
Peşə bayramı münasibətilə nazirliyin kollektivi Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, sonra ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidləri yad ediblər.
Daha sonra nazirliyin binasında peşə bayramına həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan nazir Hüseyn Bağırov ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə olduğu kimi ekoloji tarazlığın qorunması və ətraf mühitin sağlamlaşdırılması sahəsində də çoxsahəli ardıcıl quruculuq işlərinin davam etdirildiyini bildirib və Nazirliyin fəaliyyət göstərdiyi 10 il ərzində görülən işlər və həyata keçirilən tədbirlər barədə məlumat verib.
Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 21 may 2011-ci il tarixli Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında Sərəncamlarına müvafiq olaraq Nazirliyin bir qrup əməkdaşı "Dövlət qulluğunda fərqlənməyə görə", "Tərəqqi" medalları və "Əməkdar mühəndis" fəxri adı ilə təltif olunublar.
Həmçinin, nazir Hüseyn Bağırov ekologiya, təbii sərvətlərdən səmərəli istifadə və ətraf mühitin qorunub mühafizə edilməsi, bərpası və davamlı inkişafı sahələrində xüsusi xidmətlərinə görə nazirliyin 13 əməkdaşını "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Fəxri Fərmanı" ilə təltif edib.
Vurğulanıb ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən davamlı istifadə olunması siyasətini ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında daha da uğurla davam etdirərək üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək, əhalinin sağlam ətraf mühitdə yaşamasının təmin edilməsində bütün imkanlarını səfərbər edəcəkdir.
Sonda Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin ölkə Prezidentinə müraciəti qəbul olunub.
Qeyd edək ki, mayın 21-də nazirlik işçilərinin peşə bayramı ilə bağlı Zığ-Hava Limanı magistral avtomobil yolunun 10-cu kilometrliyində iməcilik keçirilib.
İməcilikdə nazirliyin əməkdaşları iştirak edərək 5 hektar sahədə 3000 ədəd zeytun ağacı əkiblər. Peşə bayramı ilə bağlı iməciliklər respublikanın yerli meşə təsərrüfatlarında, o cümlədən Bakı-Quba, Bakı-Şamaxı, Ələt-Salyan və Ələt-Hacıqabul magistral avtomobil yollarının kənarlarında da keçirilib.
Qeyd etməliyik ki, həqiqətən də son illərdə ölkənin ekologiyasının qorunması və sağlamlaşdırılması istiqamətində nazirliyin həyata keçirdiyi işlərin böyük nəticələri var.
2010-cu ilin ölkə başçısı tətrəfindən "Ekologiya ili" elan olunması isə ETSN-nin bu dövr üçün fəaliyyət proqramının prioritetlərinin ardıcıllığını müəyyənləşdirib, Azərbaycan ərazisində yaşıllıqların sayının daha da artırılması ön plana çəkilib və əvvəlki illərdə olduğu kimi ekoloji siyasət sahəsində aparılan məqsədyönlü fəaliyyət davam etdirilib.
"Ekologiya ili"ndə nazirliyin əməkdaşları tərəfindən Bakı və onun ətraf ərazilərində, magistral avtomobil yollarının kənarında 1 milyon 841 min, respublika ərazisində isə ümumilikdə 11 milyona yaxın min ədəd ağac və kol bitkisi əkilib.
Meşələrin bərpa olunması və artırılması istiqamətində meşə və qeyri-meşə fondu torpaqlarında 10.550 hektara qarşı 10.692 hektar sahədə meşəbərpa işləri aparılıb, bundan 3.521 hektarda meşə əkini və səpini, 7.171 hektarda isə təbii bərpa işləri olub.
Böyük Qafqazın Bazardüzü-Şahdağ-Tufandağ ərazilərinin ekosistemlərində hidrometeoroloji və ekoloji tədqiqat işlərinin aparılması məqsədilə yaradılmış "Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi"nin fəaliyyətinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilib.
2010-cu ilin avqust ayında Tufandağ ərazisində (4161 mhündürlükdə) sonuncu, 3-cü Avtomat Meteoroloji Stansiya quraşdırılıb, günəş enerjisi ilə işləyən batareyalarla təmin olunaraq istifadəyə verilib.
Azərbaycan Prezidentinin "Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar tədbirlər haqqında" sərəncamlarına əsasən, ETSN tərəfindən Kür-Araz boyu və digər yaşayış məntəqələrində 2010-cu ildə 76 min əhalisi olan 34 yaşayış məntəqəsində sutəmizləyici qurğular quraşdırılıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Baş Qafqazın cənub yamacında "qara şistlərdə" qızıl, manqan, molibden, nikel, kobalt, civə filizləşməsinin bir sıra klarkdan dəfələrlə yüksək tutumlu təzahürləri aşkar edilib. Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən 2 mis-qızıl, 2 qızıl, gümüş, 4 sement xammalı yataqları (vulkan külü, gips), 7 gil, 1 əhəngdaşı, 4 qum yataqlarında geoloji işlər tamamlanıb.
Nazirlik Milli Parkların yaradılması və genişləndirilməsi istiqamətində də işlər həyata keçirib. Almaniya Federal Hökumətinin dəstəyi ilə "Qafqaz təşəbbüsü" proqramı çərçivəsində "Samur-Yalama" Milli Parkı layihəsi ilə əlaqədar tender vasitəsilə icraçı şirkət müəyyən olunub.
Zaqatala-Balakən regionunda ölkə tarixində ilk biosfer rezervatının yaradılması ilə əlaqədarxarici ekspertlərlə birlikdə müvafiq tədbirlər həyata keçirilib.
Azərbaycan Prezidentinin 26 dekabr 2008-ci il tarixli 109 nömrəli Sərəncamına əsasən ölkəmizdə ən müasir standartlara cavab verən Zooloji Parkın yaradılması təsbit edilib. Bu məqsədlə Abşeron rayonunun Qobu ərazisində 55 hektar torpaq sahəsi ayrılıb. "Ekodenge" Təşkilatının və QHT nümayəndələrinin iştirakı ilə Zooloji Park Layihəsinin təqdimatı keçirilib.
Su bioresurslarının artırılması və mühafizəsi sahəsində 2010-cu ildə 440 mln-dək müxtəlif növ vətəgə əhəmiyyətli balıq körpələri süni və təbii yolla artırılıb su hövzələrinə buraxılıb.
Azərbaycan Respublikası və Dünya Bankı tərəfindən maliyyələşdirilən "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi" çərçivəsində birinci və ikinci mərhələlər üzrə müəyyən olunmuş rayonların su təchizatı və kanalizasiya şəbəkələrinin yenidənqurulması məqsədilə Texniki İqtisadi Əsaslandırma, Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) və tikinti layihələrinin razılaşdırılması işləri yerinə yetirilib.
2010-cu il-Ekologiya ilində BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən İtaliyanın Genuya, İsveçrənin Cenevrə şəhərləri ilə yanaşı Bakı şəhəri də Dünya Ətraf Mühit Gününün 2010-cu ildə Avropa regionunda qeyd edilməsi üçün əsas 3 şəhərdən biri elan edilib. "Ümumdünya Ətraf Mühit Günü-2010"-a Avropa regionu üzrə öndərlik edəcək 3 şəhərdən biri kimi Bakının seçilməsi heç də təsadüfi deyil.
Bu, ilk növbədə Azərbaycanda ekoloji tarazlığın qorunması, ətraf mühitin sağlamlaşdırılmasında aparılan ardıcıl və məqsədyönlü fəaliyyətin uğurlu nəticəsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB