İnformasiya müharibəsində Ermənistanın mövqeləri ciddi şəkildə zəifləyib – TƏHLİL

Müasir dövrdə Azərbaycan Respublikasının xarici əlaqələrində mühüm istiqamətlərdən birini ölkəmizin Ermənistanın hərbi təcavüzünə məruz qalması gerçəkliyi və onun nəticələri, konfliktin regionun stabil gələcəyinə mənfi təsiri barədə obyektiv informasiyanın müxtəlif dövlətlərə və beynəlxalq qurumlara çatdırılması siyasəti təşkil edir. 1990-cı illərin əvvəllərində Azərbaycan informasiya blokadasında idi və erməni lobbisinin bütün dünyada apardığı yalan təbliğat kampaniyası ölkəmizin mənfi beynəlxalq imicini formalaşdırmaq məqsədinə xidmət edirdi. Bu, ilk növbədə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə əsassız iddiaların dünya ictimaiyyəti tərəfindən qəbul edilməsinə yönəlmişdi. Belə bir dövrdə ölkəmiz barəsində beynəlxalq ictimaiyyətdə formalaşdırılan yanlış təsəvvürləri aradan qaldırmaq və əsl gerçəkliyi ortaya qoymaq kimi gərgin fəaliyyət tələb edən bir vəzifə dayanırdı. Müstəqil Azərbaycana rəhbərlik etdiyi ilk günlərdən etibarən Ümummilli lider Heydər Əliyev fəaliyyətində məhz bu məqama xüsusi diqqət ayırdı. Ulu öndər iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə, dövlət və hökumət başçıları ilə görüşlərində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi barədə həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırırdı. Həmin dövrlərdə dövlət başçısı İlham Əliyevin prezident seçilməzdən əvvəl Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Azərbaycan Parlamenti daimi nümayəndə heyətinin rəhbəri kimi səmərəli fəaliyyəti, qurumun iclaslarında cəsarətli çıxışları ilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, respublikamızın Avropa məkanında nüfuzunun artmasında xidmətlər göstərib. Beləliklə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində Ulu öndərin yorulmadan çalışmasının, eyni zamanda bu siyasətin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsinin nəticəsi olaraq AŞPA, İKT, ATƏT, BMT və digər qurumlar tərəfindən Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin, məcburi köçkünlərinin yurd-yuvalarına qayıtmasının zəruriliyini göstərən qərar və qətnamələr qəbul edilib. Azərbaycan torpaqlarının işğal faktı, eləcə də zəbt olunmuş ərazilərdə törədilən talanlar, maddi-mədəniyyət nümunələrinin məhv edilməsi barədə həqiqətlərin dünyaya çatdırılmasında respublikamızın müxtəlif dövlətlərdə fəaliyyət göstərən səfirlikləri də xüsusi aktivlik nümayiş etdirirlər. Belə ki, səfirliklərimizin də yaxından iştirakı ilə hər il xarici ölkələrdə Azərbaycanla bağlı həqiqətləri özündə əks etdirən kitablar dərc olunur, çoxsaylı konfrans və tədbirlər keçirilir. Məlumat üçün bildirək ki, bu günlərdə Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 19-cu ildönümü ilə əlaqədar olaraq dünyanın müxtəlif regionlarında təşkil olunan tədbirlərdə işğal faktı və zəbt olunmuş ərazilərdə gerçəkləşdirilən vandalizm əməlləri həmin ölkələrin elmi və siyasi dairələrinin diqqətinə çatdırılıb. Ermənilərin Azərbaycan xalqının başına gətirdikləri bəlaların, faciələrin dünyaya çatdırılmasında, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə Heydər Əliyev Fondunun xidmətlərini xüsusi vurğulamaq lazımdır. Fondun rəhbəri, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində təbliğat və təşviqatın aparılması yönündə çoxşaxəli fəaliyyət həyata keçirilir. Bu baxımdan, Fondun Rusiyadakı nümayəndəliyinin aktiv fəaliyyətini xüsusi qeyd etmək yerinə düşər. Belə ki, Fondun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il may ayının 8-də elan olunan "Xocalıya ədalət" beynəlxalq kampaniyası Rusiya, ABŞ, Türkiyə və bir sıra Avropa dövlətlərində uğurla reallaşdırılır. Fondun həyata keçirdiyi çoxsaylı layihələrin və aparılan işlərin nəticəsi olaraq müxtəlif ölkələrin ictimaiyyətinə, habelə gənclərə Azərbaycanın məruz qaldığı faciələr barədə dolğun məlumatlar çatdırılır. Məhz bu qurumun fəaliyyəti dünyanın müxtəlif ölkələrində Azərbaycanın daha yaxından tanınmasında, ölkəmizin başlıca uğurları və əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin tarixi səbəbləri və faciəli nəticələri barədə əsaslı informasiyaların kütləvi xarakter almasında müsbət irəliləyişlərə gətirib çıxarıb. Məlum olduğu kimi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında milli diasporumuzun geniş potensial imkanlarından istifadə olunması dövlətin diqqət yetirdiyi vacib məqamlardandır. Azərbaycan hökumətinin yaxından dəstəklədiyi, müxtəlif ölkələrdə fəaliyyət göstərən yüzlərlə diaspor təşkilatlarımız hər il təşkil etdikləri tədbir və aksiyalarla ölkəmizə qarşı yönələn dezinformasiyanın aradan qaldırılmasına, beynəlxalq ictimaiyyətin düzgün məlumatlandırılmasına öz töhfələrini bəxş edirlər. Sevindirici haldır ki, bu gün dünyanın hər bir regionunda yaşayan soydaşlarımız taleyüklü məsələlərdə doğma vətənə xidmət göstərmək məqsədilə öz aralarında böyük sürətlə təşkilatlanmaqda, bununla da Azərbaycanın mənafelərinin beynəlxalq miqyasda müdafiəsində güclü təsirə malik qüvvəyə çevrilməkdədir. Qeyd edək ki, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi köklərinin, konfliktin indiki səviyyəyə gəlib çıxmasına səbəb olan amillərin üzə çıxarılması, erməni yalanlarının ifşa olunması təkcə dövlətin deyil, hər bir vətəndaşın üzərinə düşən vəzifədir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında elm adamlarının, sadə vətəndaşların, o cümlədən gənclərin bundan sonra daha aktiv fəaliyyət göstərməsinə ehtiyac var. Xatırladaq ki, Prezident İlham Əliyevin bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının illik yığıncağındakı çıxışında da bildirdiyi kimi, ölkəmizə qarşı erməni təbliğatı bütün dünyada işə salınıb və buna qarşı elmi sahə də daxil olmaqla çoxistiqamətli tədbirlər görülməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə