Sarkisyan rejiminin yarıtmaz siyasəti ölkədəki vəziyyəti daha da ağırlaşdırıb – TƏHLİL
Ermənistanın iqtisadiyyatında qeydə alınan "göstəricilər" bütün sahələr üzrə tənəzzüldən xəbər verir. Çökmüş iqtisadiyyatı bərpa etmək isə Sarkisyan rejiminin imkanları xaricindədir. SİA-nın araşdırmasına görə, Ermənistanda hökm sürən rüşvətxorluq və monopoliya qiymətlərin davamlı olaraq qalxmasına, daxili istehsalın idxaldan baha başa gəlməsinə səbəb olub. Ölkədə işsizlik artıb, əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb, ölkəni tərk edənlərin sayı çoxalıb və əhalinin əksər hissəsi ifrat yoxsulluq səviyyəsində yaşamaqdadır. Qiymət artımının sürətlə davam etməsi isə xalqın narazılığına səbəb olub. Ermənistan rəhbərliyi insanları daha da təşvişə salmamaq üçün ölkədəki real vəziyyəti əhalidən gizlətməyə çalışmasına baxmayaraq, ermənilərin xarici ölkələrə axınının qarşısını ala bilmir. Kütləvi miqrasiyanın yaratdığı demoqrafik problemlər isə artıq Ermənistan ictimaiyyətində həyəcan təbilinin çalınmasına səbəb olub. Belə ki, əhalinin əsasən gənc və orta nəslin nümayəndələrindən ibarət iş qabiliyyətli hissəsi ölkəni kütləvi şəkildə tərk edir ki, bu prosesin davam edəcəyi təqdirdə yaxın gələcəkdə Ermənistan əhalisinin sürətlə qocalması problemi qaçılmaz olacaq. Digər tərəfdən, yoxsul həyat tərzi erməni cəmiyyətində başqa bir təhlükəli demoqrafik problem olan ana və uşaq ölümünün sayının da artmasını surətləndirir. Bununla yanaşı, Ermənistanda inflyasiyanın artması ərzaq məhsullarının bahalaşması ilə müşahidə olunmaqdadır. İqtisadi rəqabətin müdafiəsi üzrə Dövlət Komitəsinin apardığı monitorinq son günlər xüsusilə, şəkər tozunun qiymətinin durmadan artdığını göstərib. Digər tərəfdən, Ümumdünya Bankının açıqlamalarına görə, bu gün Ermənistan əhalisinin 34,1 faizi yoxsulluq həddində yaşayır. Eyni zamanda, işğalçı ölkənin xarici borcu 4 milyard dollar, yaxud ÜDM-nin 44,4 faizini təşkil edir. Ermənistanın Maliyyə Nazirliyinin rəsmi açıqlamalarına görə isə, 2009-2011-ci illərdə Ermənistan xarici mənbələrdən 2,1 milyard dollar kredit alıb. Qurumun hesabatından belə məlum olur ki, son 2 ildə İrəvan həm xarici dövlətlərdən, həm də beynəlxalq maliyyə təşkilatlarından sözügedən məbləğdə kreditlər alıb. Məbləğin 500 milyon dolları isə təkcə Rusiyanın payına düşür. Bu arada, Ermənistanın "Yeni Zaman" partiyasının sədri Aram Karapetyan İrəvanda keçirdiyi mətbuat konfransındakı verdiyi açıqlamada ölkədəki real vəziyyəti təsvir edərək, belə bir zamanda Moskvada keçirilən ümumerməni milli mükafatının təqdim edilmə mərasiminin keçirilməsinə təəssüfləndiyini bildirib. O, ölkənin iqtisadiyyatının vəziyyətinin acınacaqlı olduğu bir vaxtda belə bir tədbirin keçirilməsini "taun vaxtı şadyanalıq"la eyniləşdirib. Siyasətçi millətin təbliği üçün belə şişirdilmiş və sadəcə göstəriş xatirinə dəbdəbəli tədbirlərin keçirilməsinin əleyhinə olduğunu əsaslandıraraq deyib ki, Ermənistandakı hazırki sosial-iqtisadi vəziyyət belə dəbdəbəli mərasimlə harmoniya təşkil etmir. O, həmçinin, külli miqdarda vəsait xərcləməklə belə bahalı məclisin tərtib edilməsini Yuri Lujkovun istefasından sonra Moskvada ermənilərin ciddi maliyyə problemi ilə üzləşməsi barədə yayılan şaiyələri susdurmaq məqsədi ilə də birbaşa bağlı olduğunu vurğulayıb. Siyasi partiyanın sədri bildirib ki, şou-biznes nümayəndələrinə bahalı hədiyyələr, mənzillər bağışlayan ermənilərin vətənində 20 ilə yaxındır ki, Spitak zəlzələsinin qurbanı olan 4 min ailə hələ də evsizsdir. Rusiya mətbuatı isə yerli KİV-ə istinadən "erməni millətinin ən yaxşı qız və oğlanlarının mükafatlandırma törənini" Ermənistanda yoxsul, bir tikə çörəyə möhtac vətəndaşları tərəfindən etirazla qarşılandığını xəbər verib. Keçirilən sosioloji sorğuda iştirak edən respondentlərin heç biri mərasimlə bağlı müsbət fikir səsləndirməyib. Beləliklə, məlum olduğu kimi, işğalçı ölkədəki sosial-iqtisadi, siyasi vəziyyətin gözlənildiyi kimi daha da gərginləşməsi xalqın etirazına və mitinqlərin keçirilməsinə səbəb olub. Lakin bir çox siyasətçilər danışıqlar yolu ilə və indiki iqtidarın hakiimiyyətdə qalması şərti ilə sadəcə kiçik kadr islahatlarının aparılması vəziyyəti istənilən yöndə dəyişdirməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB