Ermənistanda insan haqları ilə bağlı vəziyyət xeyli acınacaqlıdır - TƏHLİL
Bu gün demokratik inkişaf yolunu seçmiş bir sıra dövlətlər həyata keçirdikləri siyasətdə müəyyən mənada insan hüquqlarının və azadlıqlarının qorunmasına çalışırlar. Bununla belə, bundan sui-istifadə etsələr də, ayrı-ayrı ölkələrdə insan hüquqlarının qorunması istiaqmətində də təşəbbüslər göstərirlər. Amma çox təəssüflər olsun ki, hal-hazırda həm işğalçılığı, həm də öz vətəndaşlarına qarşı mövcud olan bütün beynəlxalq hüquq normalarını pozan siyasi rejimlər qaymaqdadır. Hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesindən kifayət qədər uzaq olan, özbaşınalıq və qanunsuzluğun hökm sürdüyü Ermənistanda insanların hüquq və azadlıqları hər addımda pozulur. Ermənistan ictimaiyyətinin daim dilə gətirdiyi, o cümlədən müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə vurğulanan insan haqlarının müdafiəsi ilə bağlı problemlər nəinki azalır, əksinə zaman keçdikcə daha da dərinləşir. Bu günlərdə ABŞ dövlət departamentinin dünyada insan haqlarının vəziyyəti ilə bağlı 2010-cu il üzrə yaydığı hesabatda göstərilir ki, Ermənistan seçki məcəlləsindəki boşluqların aradan qaldırılmamasının vətəndaşların iradəsinin seçkilərdə obyektiv ifadə imkanlarını məhdudlaşdırır. Hesabatda, həmçinin, polis zorakılığının, hərbi hissələrdə döyülmə, işgəncə faktlarının, qeyri-döyüş şəraitində müəmmalı ölüm hallarının mövcudluğu, məhbusların saxlanma şəraitinin pisləşdiyi bildirilir. Ermənistanda ictimai həyatının ən müxtəlif sahələrində insan haqlarının pozulması ilə bağlı ümumi mənzərənin təsvir olunduğu hesabatda bu ölkədə məhkəmələrin icraedici hakimiyyətin əlində siyasi təzyiq vasitəsi kimi istifadə olunduğu, tutarlı səbəb göstərilmədən gerçəkləşdirilən həbslərin mövcudluğu da ölkənin reallıqları kimi göstərilib. O da qeyd olunur ki, 2008-ci il prezident seçkiləri dövründə baş verən məlum hadisələrlə əlaqədar hələ də həbsdə oluan insanlar var. Hesabatda əksini digər bir məqam isə mediaya senzura tətbiq olunması, KİV nümayəndələrinə hədə-qorxu, zorakılıq və bu kimi müxtəlif yollarla təzyiq göstərilməsi ilə bağlıdır. Söz azadlığını xeyli dərəcədə məhdudlaşdıran Ermənistan rəhbərliyinin ölkədə tüğyan edən korrupsiyanı cilovlamaq üçün kifayət qədər tədbirlər görmədiyi də hesabatda vurğulanır. Göründüyü ki, ABŞ dövlət departamentinin Ermənistanda insan haqları ilə bağlı vəziyyətin xeyli acınanaqlı olması faktını bir daha təsdiqləyir. Onu da qeyd edək ki, Ermənistanda çoxları Sarkisyan hakimiyyətinin legitimliyinə şübhə ilə yanaşır. Hakimiyyətini onlarla insanın qətlə yetirilməsi ilə təmin etmiş Sarkisyan rejimindən sadə vətəndaşların hüquqlarına hörmətlə yanaşacağını da gözləmək, əslində doğru olmazdı. Erməni Milli Konqresinin rəhbəri Levon Ter-Petrosyan bu yaxınlarda paytaxt İrəvanda keçirilən mitinqlərin birində çıxışında əhaliyə qarşı 2008-ci il martın 1-də törədilən cinayətlərdə əli olanların məsuliyyətə cəlb edilməli olduğunu bildirib. Qeyd edək ki, Ermənistanda insan haqları ilə bağlı vəziyyət təkcə ABŞ deyil, digər bir sıra dövlət və beynəlxalq qurumlar tərəfindən də narahatlıqla qarşılanır. Bu günlərdə Böyük Britaniya Xarici İşlər Nazirliyinin yayımladığı Avropa İttifaqının 2010-cu il üzrə "İnsan haqları və demokratiya" üzrə məruzəsində Ermənistanda "Televiziya və radio" haqqında qanuna əlavə və dəyişikliklərin mətbuat azadlığını təmin etməyə kifayət etmədiyi bildirilir. Məruzədə, həmçinin, 2008-ci ilin 1 mart hadisələrindən sonra Ermənistan məhkəmə-hüquq sistemində vəziyyətin pisləşdiyi öz əksini tapıb. Əslində, Ermənistanda insanların hüquq və azadlıqlarının addımbaşı pozulmasının, siyasi baxışına görə insanların həbs olunmasının adi hala çevrilməsi ölkədəki ümumi xaos və böhranla birbaşa əlaqəlidir. Belə ki, işğal siyasəti üzündən regional iqtisadi əməkdaşlıqdan əsas etibarilə kənarda qalan bu ölkə Sarkisyan rejiminin yarıtmaz daxili siyasəti ilə daha dərin iqtisadi problemlərlə üzləşib. Ölkə iqtisadiyyatının ildən-ilə geriləməsi əhalinin sosial durumunun ağırlaşmasına, demoqrafik problemlərin artmjasına səbəb olub. Mövcud sosial-demoqrafik problemlər isə öz növbəsində, əhalinin haqlı etirazlarına, hakimiyyətin istefasını tələb etməsinə gətirib çıxarır. Nəticədə, Sarkisyan rejimi hakimiyyətini itirəcəyi qorxusu ilə ölkədə hər cür siyasi hüquq və azadlıqları məhdudlaşdırmaq yönündə addımlar atır. Digər tərəfdən, Ermənistanda iqtisadi sahədə hökm sürən monopoliya, orta və kiçik sahibkarlığın sıxışdırılması vətəndaşların siyasi sahədə olduğu kimi, iqtisadi sferada da hüquq və azadlıqlarının xeyli dərəcədə məhdudlaşmasına gətirib çıxarıb. Ermənistanda hüquqi cəmiyyətin formalaşmasına mane olan başlıca səbəblərdən biri isə ölkədə hökm sürən qanunsuzluq şəraitində məmur özbaşınalığı, korrupsiya, cinayətkarlıq kimi sosial bəlaların dərin kök salmasıdır. Beləliklə, beynəlxalq qurumların hesabatları Ermənistanda insan haqlarının qorunması ilə bağlı durumun ildən-ilə pisləşdiyini deməyə əsas verir. Bu ölkənin düşdüyü sosial, siyasi-iqtisadi burulğanlar girdabından çıxması perspektivlərinin görünmədiyini nəzərə alsaq, hüquq və azadlıqların təmini məsələsi hələ uzun müddət Ermənistan cəmiyyətinin əsas problemlərindən biri olaraq qalacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB