Ermənistanın dilemması - ANALİZ

Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşündə rəsmi Yerevanın mövqeyində az da olsa müsbətə doğru dəyişiklik hiss olduğu qeyd olunur. Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib ki, sonuncu görüş təxminən il yarıma yaxın müddətdə Ermənistan tərəfinin danışıqlar prosesində tutduğu mövqedən az da olsa fərqlənir: "Çünki bu günə qədər Ermənistan tərəfinin danışıqlar prosesində tutduğu mövqe tam destruktiv xarakter daşıyırdı, indi burada bir fərq artıq görünməkdədir".

"Sülh zəmanəti torpaqların azad olunmasından sonra mümkün ola bilər"

Novruz Məmmədovun fikrincə, Ermənistan tərəfinin mövqeyində az da olsa müsbətə doğru dəyişikliyin olmasının müəyyən səbəbləri var: "Düşünürəm ki, bu müddət ərzində Ermənistan rəhbərləri gördülər ki, tutduqları mövqe belə gedərsə, heç vaxt onlara uğur gətirə bilməyəcək və onların müəyyən planlarını da alt-üst edəcək. Ola bilsin ki, Ermənistan tərəfi bu təhlilin nəticəsində mövqeyində müəyyən dəyişiklik etmək niyyətindədir".

PA rəsmisi Rusiya Prezidentinin Dağlıq Qarabağ probleminin həllində aktivlik nümayiş etdirməsinin Ermənistan tərəfinin mövqeyində müəyyən dəyişikliklərin olmasına təsirini də istisna etmir. Onun sözlərinə görə, Həştərxan görüşünün davamı olaraq prezidentlərin yenə bir bəyanatı qəbul edildi, bu bəyanatda da iki məsələ qeyd olunurdu - biri hərbi əsirlərin dəyişdirilməsi, qaytarılması, ikinci məsələ isə müəyyən insidentlər baş verərsə, təmas xəttində onların ətrafında araşdırma apararaq həmsədrlərin də iştirakı ilə müəyyən nəticələr, qərarlar qəbul etməkdir.

"Lakin Ermənistan kütləvi informasiya vasitələrində bu bəyanatla bağlı erməni tərəfinin özlərinin istədiyi kimi yozma və şərh etmələrini müşahidə edirəm. Amma bu, heç də belə deyil, bəyanatda Azərbaycanın sülhə zəmanətlə bağlı heç bir öhdəliyi yoxdur və ola da bilməz. Müharibə etməmək, yəni sülh zəmanəti torpaqlarımızın tam azad olunmasından sonra mümkün ola bilər"- N.Məmmədov deyib.

"Düşmən hələ də körpə qatili olmaqdan usanmayıb, doymayıb"

Azərbaycan son vaxtlar danışıqlar prosesində üstünlüyü ələ alıb. Ermənistan isə bir tərəfdən danışıqlar prosesində vaxtı uzatmağa çalışır, digər tərəfdən cəbhə bölgəsində təxribatla məşğuldur. Yerevan hər dəfə yüksək səviyyəli görüşdən ya öncə, ya da sonra hansısa təxribata əl atmaqla sülh danışıqlarını pozmağa çalışır. Bu, artıq ənənə şəklini alıb. Prezidentlərin Soçi görüşü zamanı da eyni vəziyyətin şahidi olduq. Ermənistan Silahlı Qüvvələri cəbhənin 10-a yaxın istiqamətində atəşkəs rejimini pozaraq avtomat və digər iri çaplı silahlardan mövqelərimizi atəşə tutdular. Erməni əsgərlərinin atəşi ilə 10 yaşlı azərbaycanlı uşaq həlak oldu. Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu bildirib ki, bütün bunların təsadüfi baş verdiyini düşünmək sadəlövhlük olardı: "Burada Ermənistan hakimiyyətinin və hərbi rəhbərliyinin rolu danılmazdır. Hər şey bilavasitə onların tapşırığı ilə yerinə yetirilir. Dünya birliyi Ermənistanın bu qeyri-konstruktiv fəaliyyətini diqqət altına almalıdır. Əks təqdirdə bir anın içərisində hər şey dəyişə bilər və bunun qarşısını dayandırmaq olduqca çətinləşər".

Artıq son vaxtlar Ermənistan Silahlı Qüvvələrinin yaşayış məntəqələrini də mütəmadi atəş altında saxladığını, dinc əhaliyə qarşı müxtəlif silahlardan istifadə etdiyini bildirən E.Sabiroğlu erməni snayperinin açdığı atəş nəticəsində Orta Qərvənd kənd sakini, 2002-ci il təvəllüdlü Bədəlov Fariz Arif oğlunun ölümünün məsluliyyətini Ermənistan rəhbərliyinin daşıdığını deyib: "Bu 10 yaşlı körpə uşağın günahı nə idi? Onu nişangaha almaq üçün əmr verən erməni zabit həmin an gözləri önünə öz övladını gətirdimi? Çətin. Onlar üçün körpə, qoca, qadın fərqi yoxdur. Xocalı faciəsində onlarla belə körpənin qatilinə çevrilmiş Seyran Ohanyan və digərləri görəsən nə vaxt uşaqlara güllə atmaq, onları öldürmək kimi vəhşi bir fikirdən daşınacaqlar? Deyəsən, düşmən hələ də körpə qatili olmaqdan usanmayıb, doymayıb. Ancaq nə qədər çətin olsa da, Azərbaycan Silahlı Qüvvələri cəbhədə vəziyyətin kəskinləşməməsi üçün cavab atəşi açmadı. Biz mürəkkəbi hələ qurumamış vədlərə belə tezliklə xilaf çıxmamaq üçün bu addımı atmış olduq. Ancaq uşaq qatilləri bilməlidirlər ki, bu vəhşiliklər hər dəfə ağır nəticələr verir".

"Ermənistanda vəziyyət Azərbaycandakının 180 dərəcə əksinədir"

Yeri gəlmişkən, Rusiya Müasir İnkişaf İnstitutunun idarə heyətinin sədri, Rusiya Federasiyası prezidenti yanında vətəndaş cəmiyyəti və insan haqları institutlarının inkişafına dəstək Şurasının üzvü İqor Yurgensin Dağlıq Qarabağ münaqişəsi artıq sərtləşmə mərhələsinə qədəm qoyduğunu bildirib. Onun fikirncə, burada iqtisadi potensial önəmli faktor olaraq qalır. İlk növbədə səbəb kimi Azərbaycanın siyasi, iqtisadi, maliyyə və hərbi vəziyyətinin yaxşılaşmasını göstərmək olar. Lakin Azərbaycanın inkişafı fonunda Ermənistanda vəziyyətin 180 dərəcə tərsinə olduğu- pisləşməsi faktdır".

İqor Yurgensin Dağlıq Qarabağ münaqişəsini çox ciddi və güclü problem adlandırıb: "Dağlıq Qarabağ probleminin həlli yolları tapılmazsa, bu münaqişə partlaya bilər". Ermənistan münaqişənin sülh yolu ilə həllini uzatmaqla nəyə isə nail olmaq istəyir, amma Yerevanda yaxşı anlayırlar ki, gec ya tez Azərbaycan öz ərazilərini azad edəcək. Təbii ki, Azərbaycan öz ərazisində hansısa hərbi əməliyyatlar keçirmək qərarına gəlsə, yəqin ki, öz sərhədindən kənara çıxmağa ehtiyacı qalmaz. Lakin Azərbaycan işğal altında olan torpaqlarını sülh yolu ilə azad etmək niyyətini davam etdirir.

Azərbaycanın işğal olunmuş ərazilərini qısa zamanda hərbi yolla azad etmək imkanı olsa da, Bakı problemin sülh yolu ilə həlli üçün bütün imkanlardan istifadə edir. Münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatların daha fəal çalışması üçün siyasət yeridir. Beləliklə, bölgədə gedən son proseslərin Ermənistanın xeyirnə olmadığını həm Yerevanda, həm də Moskvada yaxşı anlayırlar. Elə Bakıda da. Fakt odur ki, Azərbaycan artıq bütün cəbhələrdə Ermənistanı dalana dirəyib. Belə durumda Yerevan son seçimini etməyə məcburdur və bunun üçün onun sərəncamında çox az zaman qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə