Saxta sənəd şousuna münasibətlər necədir? - ARAŞDIRMA

"WikiLeaks" saytında yerləşdirilmiş məlumatların məzmunu geniş müzakirə mövzusuna çevrilib, lakin bu məlumatların necə əldə edilməsi və ya meydana çıxması məsələsi diqqətdən kənarda qalıb. Diplomatik sənədlərin hansı yolla əldə edilməsi, "WikiLeaks"a necə ötürülməsi, bu saytın əsl sahiblərinin kimliyi qaranlıq olaraq qalır. Qeyd edək ki, "WikiLeaks" saytı tərəfindən ABŞ-ın müxtəlif ölkələrdəki diplomatik missiyalarından 250 min məxfi diplomatik məktub və teleqram "New York Times"a və bir sıra ABŞ və Avropa KİV-nə ötürülüb.

Dünyada baş verən mühüm ictimai-siyasi, iqtisadi və hərbi proseslər fonunda bu hadisənin analizi belə deməyə əsas verir ki, "WikiLeaks"-ın məlumatları, əslində "idarə olunan psevdo-xəbər" xarakteri daşıyır və nüfuzlu qüvvələr arasında informasiya müharibəsinin bir hissəsidir. Saxta sənədlərdə adı çəkilən bütün ölkələr yayılan məlumatları təkzib edirlər. Azərbaycan da rəsmi səviyyədə veridiyi açıqlama ilə ölkəmizlə bağlı yayılan materialların həqiqətə uyğun olmadığını bəyan edib. Azərbaycan Prezidentinin mətbuat xidməti "Wikileaks" internet saytında yazılanlarla bağlı açıqlamasında deyilir ki, saytda Azərbaycan Prezidentinə aid edilən fikir və mülahizələr qətiyyən həqiqəti əks etdirmir və onların heç bir əsası yoxdur. Bu materiallar Azərbaycanın qonşu dövlətlərlə münasibətlərini korlamaq, ölkə başçıları arasında inamsızlıq və etimadsızlıq yaratmaq məqsədi daşıyan açıq təxribatdır. Prezidentin leksikonunda saytda ifadə olunmuş jarqon ifadələr, kəskin və emosional dəyərləndirmələr mövcud deyil. Açıqlamada qeyd olunur ki, Azərbaycan heç zaman qonşu dövlətlərin daxili siyasət məsələlərinə qarışmayıb və hər zaman region dövlətləri ilə mehriban qonşuluq əlaqələrinin saxlanılmasına, inkişaf etdirilməsinə xidmət edən şəffaf siyasət yürüdüb. Azərbaycan Prezidenti istənilən görüş və çıxışlarında milli maraqlardan irəli gələn fikirləri açıq-aydın ifadə edib. Ölkənin xarici siyasəti həmişə müstəqil, davamlı, məntiqli və səmimi olub. "Wikileks"də dərc olunan məlumatların real əsası yoxdur". Bunu isə dünən jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

"Saytdakı materiallar təxribat xarakteri daşıyır. Kiminsə maraqları çərçivəsində Xəzər bölgəsində, o cümlədən Cənubi Qafqazda, həmçinin Avrasiyada ayrı-ayrı dövlətləri, dövlət başçılarını bir-birinə qarşı vurmaq, dövlət başçıları arasında etimadsızlıq, inamsızlıq cəhdi kimi qiymətləndiririk. Bu cəhd nəyə xidmət edir, bunu sonrakı hadisələr və zaman göstərəcək. Hazırda isə bizi əhatə edən ölkə başçılarının əksəriyyəti bu materialın təxribat xarakteri daşıdığını, məqsədyönlü şəkildə düzəlişlər edilərək yazıldığını bəyan ediblər",- deyə şöbə müdiri bildirib.

"WikiLeaks" resursunun yaydığı materiallarda məqsəd Azərbaycanla Türkiyəni çox ustalıqla qarşı-qarşıya qoymaqdır"-deyən Ə. Həsənov bildirib ki, Azərbaycan Prezidenti ölkənin qaz ixracı ilə bağlı siyasətində şaxələndirmə tərəfdarı olduğunu ifadə edib, çünki bununla bağlı dünyada acı təcrübələr var, ona görə də Azərbaycan özünü hansısa ölkədən, qurumdan asılı salmayacaq enerji siyasəti yürüdür.

"Prezidentin dəfələrlə çıxışlarında ifadə etdiyi bu fikirləri çox ustalıqla redaktə edərək, "Azərbaycan Türkiyənin enerji mərkəzi olmasını istəmir" fikrini ortaya atıblar. Azərbaycanda da, Türkiyədə də hər kəsə məlumdur ki, Azərbaycanın ulu öndəri Heydər Əliyev Bakı-Tiflis-Ceyhan kəmərinin məhz Türkiyədən keçməsi üçün hansı təzyiqlərə məruz qaldı, Azərbaycanın ətrafında beynəlxalq qalmaqallar yaradıldı, Xəzərin statusu məsələsini ortaya atdılar. Amma bütün bunlara baxmayaraq, Azərbaycan dövləti təzyiqlərə sinə gərib, kəmərin Türkiyədən keçməsini təmin etdi. Bunu eləyən dövlətin başçısı indi belə bir söz deyərmi? Əlbəttə, prezident heç vaxt belə fikir səsləndirməyib, bu sadəcə, maraqlara uyğun olaraq edilmiş redaktədir"- deyə Əli Həsənov bildirib.

PA rəsmisinin sözlərinə görə, bununla həm də Azərbaycanla İranı da üz-üzə qoymağa çalışırlar: "Bəziləri İrana təzyiq etmək üçün platsdarm axtarırlar. Amma İranda bizim soydaşlarımız yaşayır, bu ölkə ilə əlaqələrimiz var. Biz hər zaman bəyan etmişik, Azərbaycan dostluqlara, əməkdaşlıqlara platsdarm ola bilər".

Şöbə müdiri qeyd edib ki, Azərbaycanın Türkiyə və İran, yaxın qonşuları ilə yaxşı əlaqələri kimlərəsə sərf etmir: " Bildiyiniz kimi, bu iddialar Azərbaycan prezidentinin mətbuat xidməti tərəfindən birmənalı şəkildə təkzib edilib. Bu informasiyaların heç bir əsası yoxdur".

Əli Həsənov bildirib ki, Azərbaycan qarşıdurma mərkəzi, kimlərinsə maraqlarının mübarizə mərkəzi ola bilməz: "Bu gün Türkiyə ilə Azərbaycan arasında olan münasibətlər, Azərbaycanla İran arasındakı münasibətlər kimlərəsə sərf etmir. Çoxları istəyir ki, Azərbaycan onların İrana basqısında bir meydan olsun. Buradan İranı bombalasınlar. Məgər İranı bombalamaq üçün Amerikanın başqa imkanları yoxdur? Nəyə görə Azərbaycan və İran xalqları üz-üzə qoyulmalıdır? İranda bu gün 30 milyona yaxın azərbaycanlı yaşayır. Məgər onların taleyi bizi düşündürmürmü? Düşündürür", - o, qeyd edib.

Məlum materiallara ölkəmizdəki xarici diplomatik missiyaların rəhbərləri də münasibət bildirib. "WikiLeaks" saytının materialları Azərbaycan və Türkiyə arasındakı qardaş əlaqələrə təsir göstərə bilməz. Bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bildirib. "Azərbaycan ilə Türkiyənin sağlam əlaqələri var. Əlaqələrimizi "WikiLeaks" saytındakı dedi-qodulara görə qurmuruq. Türkiyə Azərbaycanı yanında görür. Bu səbəbdən bu məlumatların dərci münasibətlərə ziyan vura bilməz", - Kılıç deyib. O, qeyd edib ki, iki ölkə arasında tarixi qan bağlantıları var. Eyni zamanda Azərbaycan Türkiyəni hər zaman yanında görüb. 1918-də, 1991-də, bu gündə Türkiyə Azərbaycanın yanındadır. Bu cür sözlər təbii ki, münasibətlərə heç bir zərər verməyəcək".

Göründüyü kimi, bütün analizlər və münasibətlər bu qlobal maxinasiyanın saxtalığını ifşa etməyə kifayət edir. Sadəcə bəzi qüvvələr dünyada yeni proseslər başlamaq istəyirlər ki, bu da onların qlobal planlarını həyata keçirmələri üçün ilkin addımlardan biri sayıla bilər. Lakin dünya liderlərinin bəyanat və açıqlamaları belə əməllərin heç bir effekt vermədiyini ortaya qoyur. Azərbaycanın siyasi əlaqələrinə isə. Belə saxta materaiallar heç bir təsir göstərə bilməz. Çünki Azərbaycan öz xarici siyasətində tam səmimidir.

Bütün xəbərlər Facebook səhifəmizdə