Türk düşmənlərinin yeni projesi alınmadı - TƏHLİL

Ötən əsrin sonlarında Türkiyənin Azərbaycandakı səfirliyində işləmiş bir Turqut Ər adlı bir şəxsin "Azadlıqdan Tiranlığa" adlı kitab Türkiyədə nəşr olunandan bəri bəzi qüvvələr bu kitab ətrafında ajiotaj yaratmağa çalışır. Kitabda əks olunan fikirlər tamamilə Azərbaycan dövlətinin və xüsusilə də Azərbaycan-Türkiyə dostluğunun əksinə yönəlib. Müəllifin cəfəngiyyatlarının yer aldığı, heç bir sənədə və digər fakta söykənmədən qələmə alınan iddialar göstərir ki, kitab müəyyən qüvvələrin xüsusi sifarişi ilə yazılıb.

Əli Həsənov: "Hər iki ölkədə bəzi qüvvələr mövcuddur ki, Azərbaycan-Türkiyə münasibətlərini korlamağa çalışırlar"

"Turqut Ərin kitabında yazılanlar həqiqətə uyğun deyil. Türk dünyasının elə dəyərləri var ki, onlara hansısa keçmiş diplomatın, yaxud hansısa sahədə fəaliyyət göstərən bir şəxsin əl qaldırması yolverilməzdir". Bunu dünən "Səs"ə açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Şöbə müdiri bildirib ki, ümumiyyətlə, KİV-də bəzi dəyərlərimizin müzakirə edilməsi sadəcə olaraq yolverilməzdir: "Bu yaxınlarda Azərbaycan jurnallarından birində Türkiyənin ulu öndəri Atatürk haqqında material verilməyə cəhd göstərildi. Biz dövlət olaraq bu işə müdaxilə etdik, həmin jurnalları satışdan yığışdırdıq. Yəni, bizim baxışlarımız belədir ki, ulu öndər Atatürk və ümummilli lider Heydər Əliyev kimi şəxslər kütləvi informasiya vasitələrinin müzakirəsinə çevrilə bilməz. Onların həyatının, fəaliyyətinin yalnız bizim milli inkişafımıza xidmət edən, birliyimizə xidmət edən, onun hansısa qaranlıq məqamlarını işıqlandıran, inkişafımızı yönəldən sahələrinə toxunmaq olar. Yoxsa, ulu öndərlərimizin həyat və fəaliyyətlərinin kiminsə uydurması əsasında müzakirəsi yolverilməzdir".

"Türkiyə-Azərbaycan dostluğuna xələl gətirməyə cəhd edən qüvvələr eyni mənbədən idarə olunurmu" sualına cavabında Ə.Həsənov bildirib ki, əlbəttə ən azından onları idarə etməyə cəhdlər var. Türkiyədə və xarici ölkələrdə erməni diasporu fəaliyyət göstərir. Ermənilər zaman-zaman Azərbaycanla Türkiyə arasında olan dostluq münasibətlərini pozmağa cəhd göstərirlər. Eyni zamanda, Türkiyədə öldürülən Hrand Dinkin qətlini Azərbaycana yönəldərək iki dövlət arasında münasibətləri pozmağa çalışıblar. Əminliklə demək olar ki, Türkiyədə də, Azərbaycanda da və Azərbaycandan kənarda da bəzi qüvvələr mövcuddur ki, Azərbaycan-Türkiyə münasibətlərini korlamağa çalışırlar.

Türkiyə səfiri Hulisi Kılıç: "Turqut Ərin yazdıqları Türkiyə dövlətinin mövqeyi deyil"

Türkiyəli müəllifin yazdığı kitaba bu ölkənin Azərbaycandakı səfiri ilə münasibət bildirib. "Ulu öndər Heydər Əliyev dünyanın qəbul etdiyi liderdir, dahidir. Ulu öndər barədə belə şeylər yazmaq heç kimin xeyrinə deyil. O baxımdan yazdıqları Turqut Ərin özünə aiddir. Türkiyədə 73 milyon insan var, o da həmin insanlardan biridir. Onun yazdıqları Türkiyənin rəsmi baxışları deyil. Türkiyədə hər kəs ulu öndərin etdiklərini təqdir edir, sovet dövründəki yüksəlişlərini bilir. Türkiyədə ifadə azadlığı var. Türk xalqı hər şeyin fərqindədir. Bu cür yazıların qarşını almaq olarmı, bilmirəm. Mənə görə bu çətindir. Türkiyədə mətbuat azaddır, baş naziri və prezidenti də tənqid edirlər".

Qedy edək ki, bu qüvvələrin oxşar iddialarla tez-tez Türkiyə mətbuatında çıxış etməsi də müşahidə olunur. Onlar bundan öncə də iki ölkə arasında münasibətləri pozmaq istəyilə müxtəlif yönümlü məqalələrlə çıxış ediblər. Lakin bu cəhdlər heç vaxt öz gözlənilən nəticəsini tapmayıb və bu "qara qüvvə"lər tərəfindən həyata keçirilən anti-Azərbaycan siyasəti fiaskoya uğrayıb. Növbəti həmlənin də məhz bu sonluqla başa çatacağı şübhəsizdir. Çünki adını çəkdiyimiz kitab heç bir reallığı özündə əks etdirmir. Bu gün Türkiyə ictimaiyyəti tərəfindən Türkiyə-Azərbaycan dostluğuna yüksək önəm verilir və bu sahədə ən yüksək səviyyədə əməkdaşlıq qurulur. İki ölkə arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrindən hər iki tərəfdə razılıq nümayiş etdirilməkdədir.

"Azadlıq" radiosunun canlı efirində çıxış edən müəllif yazdıqlarını əsaslandıra bilmədi

Turqut Ərin kitabını Azərbaycanda parlament seçkiləri ərəfəsində ortaya çıxması da təsadüfi xarakter daşımır. Dəfələrlə sübut olunub ki, Azərbaycanda keçirilən seçkilər zamanı bəzi xarici dairələr fəallaşır və ölkəmizin müstəqil, demokratik imicinə kölgə salmağa yönəlmiş ssenarilər həyata keçirməyə başlayırlar. Turqut Ərin kitabından hissələrin məhz "Azadlıq" qəzetində dərc edilməsi də məqsədli niyyətlərdən xəbər verir.

Xatırladaq ki, "Azadlıq"ın əsl rəhbəri Əli Kərimov parlament seçkiləri ərəfəsində ermənipərəst Qərb dairələri qarşısında müəyyən öhdəliklər götürmüşdü və həm seçkilər zamanı, həm də indi verilən tapşırıqları icra edir. Yeri gəlmişkən, dünən "Azadlıq" radiosunun canlı efirində çıxış edən müəllif yazdığı kitab haqda danışarkən bunu biruzə verib. Yazar kitabın sənədlər əsasında yazıldığını iddia etsə də, hansısa bir sənədin adını çəkə biməyib.

Keçmiş "diplomat" müsahibə zamani ümumi sözlərlə və öz qənaəti əsasında yazdıqlarını əsaslandırmağa çalışıb. Kitabın nəşri və orada yer alan fikirlərlə bağlı hər iki ölkə ictimaiyyətinin narazılıqları özünü göstərməkdədir. Belə ki, istər Türkiyə, istərsə də Azərbaycan ictimaiyyətinin müxtəlif təbəqələrinin nümayəndələri, xüsusilə də ziyalılar bu barədə öz fikirlərini açıqlayaraq bunun yalnız Azərbaycan və Türkiyə arasındakı sıx qarşılıqlı münasibətləri qısqanan müəyyən qüvvələr tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin davamı olduğunu bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə