Xəbər verdiyimiz kimi, noyabrın 29-da 4-cü çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edib. Parlament seçkilərinin Azərbaycanda demokratik inkişaf istiqamətində atılmış növbəti mühüm addım olduğunu deyən ölkə başçısı bildirib ki, seçkilər çox azad, ədalətli, şəffaf şəkildə, rəqabət şəraitində keçirilib. Dövlət başçısı çıxışında işğal edilmiş ərazilərimizin azad edlməsi üçün aparılan danışıqlar prosesinə, iqtisadi və sosial islahatlar da toxunub.
"Azərbaycanda demokratiyanın inkişafı təmin edilir"
Dövlət başçısı xüusilə vurğulayıb ki, seçki prosesində bütün namizədlər üçün bərabər imkanlar yaradılmışdı, ona görə də seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini tam şəkildə əks etdirir: "Mən əminəm ki, yeni tərkibdə Milli Məclis ölkəmizin gələcək inkişafı üçün dəyərli töhfələrini verəcək və Milli Məclis tərəfindən qəbul ediləcək qanunlar ölkəmizin demokratik inkişafı üçün gözəl şərait yaradacaqdır. Ölkəmizdə demokratik proseslər müsbət istiqamətdə inkişaf edir. Azərbaycanda demokratiyanın inkişafı təmin edilir. Azərbaycanda hüquqi dövlət quruculuğu işində çox vacib işlər görülmüşdür. Demokratiya bizim şüurlu seçimimizdir. Azərbaycan müasir demokratik ölkə kimi uğurla inkişaf edir. Ölkədə bütün azadlıqlar təmin edilibdir. Söz azadlığı, vicdan azadlığı, sərbəst toplaşmaq azadlığı, siyasi plüralizm təmin edilibdir. Ölkədə siyasi sistemin formalaşması işində çox vacib addımlar atılıbdır. Azərbaycanda siyasi mübarizə sivil qaydalarla tənzimlənir. Əminəm ki, yeni tərkibdə Milli Məclis bu gözəl ənənələrini daha da möhkəmləndirəcəkdir. Azərbaycanda siyasi islahatların davam etdirilməsi üçün bütün imkanlar, siyasi iradə vardır. Biz mütərəqqi meyillərə çox müsbət yanaşırıq, Azərbaycanı müasir, güclü dövlət kimi görürük. Azərbaycanın inkişafı həm iqtisadi, həm siyasi islahatların paralel şəkildə aparılması istiqamətində mümkün olacaqdır."
Göründüyü kimi, Azərbaycan Prezidenti öz vədinə sadiq qalaraq ölkədə demokratik islahatların davam etdirilməsinin, vətəndaş cəmiyyətinin qurulmasının, söz və mətbuat azadlıqlarının təmin edilməsinin xüsusi önəmə malik olduğunu qeyd edir və bunların ölkənin ümumi inkişafında vacin faktor olduğunu vurğulayır. Elə son parlament seçkiləri və onun nəticələri də göstərdi ki, Azərbaycan demokratik yolla qətiyyətlə irəliləyir və öz seçimində dönməzdir. Seçkilər onu da göstərdi ki, ölkə əhalisi də öz seçimini dəyişməyib və ulu öndər Heydər Əliyevin siyasi xəttini və bu xəttin layiqli davamçısı Prezident İlham Əliyevin fəaliyyətini yüksək qiymətlənidirir. Parılament seçkilərində YAP-ın qalib gəlməsi Azərbaycan xalqının seçimində yanılmadığını göstərdi.
"Azərbaycanda parlamentarizmin çox yaxşı ənənələri yaranıb"
Növbəti 5 ildə Milli Məclis qarşısında çox mühüm vəzifələr dayandığını dil gətirən Prezident bildirdi ki, artıq Azərbaycanda parlamentarizmin çox yaxşı ənənələri yaranıb. Milli Məclis siyasi qurumdur, hakimiyyətin bir qoludur. Dövlət başçısının sözlərinə görə, Məclis tərəfindən qəbul edilmiş qərarlar ölkəmizin inkişafına xidmət göstərir, belə də olmalıdır: "Hamımız çalışmalıyıq ki, ölkəmizi gücləndirək. Hamımız tutduğumuz vəzifədən, siyasi əqidədən asılı olmayaraq səylərimizi müstəqil Azərbaycan dövlətinin güclənməsinə qoymalıyıq. Mən çox şadam ki, Azərbaycan cəmiyyətində və son illərdə, o cümlədən siyasi spektrdə bu meyillər güclənir. Bu meyillərin daşıyıcılarının rolu artır. Azərbaycanın inkişafına əngəl yaratmaq, Azərbaycanı ləkələmək istəyən, Azərbaycanda hər hansı bir xoşagəlməz hadisəni gözləyən qüvvələrin təsiri böyük dərəcədə azalmışdır, demək olar ki, artıq hiss olunmur. Bu parlament seçkilərinin nəticələri bunu bir daha göstərdi. Azərbaycan azad, demokratik ölkədir. Biz demokratiyanın inkişafına çox böyük diqqət göstəririk. Biz istəyirik ki, Azərbaycanda güclü siyasi sistem formalaşsın. Mən hesab edirəm ki, Milli Məclisin indiki tərkibi bu məqsədə xidmət göstərəcək, siyasi opponentlər bir-biri ilə fikir-ideya mübarizəsi aparacaqlar. Artıq Azərbaycan cəmiyyətində, xüsusilə siyasi müstəvidə bu meyillər güclənir. Mən bunu müsbət hal, cəmiyyətimizin inkişafı kimi qəbul edirəm. Əlbəttə, müasir, inkişaf edən, dünyaya inteqrasiya edən və dünyada böyük hörmətlə qeyd olunan Azərbaycanın müasir siyasi sistemi də olmalıdır. Ancaq Azərbaycan dövləti, yaxud da ki, dövlət başçısı və ya iqtidar buna təkbaşına nail ola bilməz. İqtisadi inkişafa nail ola bilər, amma siyasi sistemin təkmilləşməsi məsələsi bütün siyasi qüvvələrin işidir. Mən arzu edirəm ki, Azərbaycanda bütün siyasi qüvvələr daha da güclənsin. Bizə güclü siyasi sistem lazımdır. Azərbaycanda demokratik müzakirələr, diskussiyalar, fikir mübadiləsi, plüralizm meyilləri, azad mətbuat daha da gücləndirilməlidir. Azərbaycan dövləti bu istiqamətdə əlindən gələni etməyə çalışır ki, biz buna nail olaq. Prezidentin bu mövqeyi ölkənin inkişaf yoluna və siyasi quruluşuna strateji baxışları oprtaya qoydu. Azərbaycan rəhbəri bununla demokratik islahatların davamlılığına və dünya birliyinə inteqrasiyada özünü doğrultmuş təcrübədən yararlanılmasının vacibliyinə işarə edib".
"Danışıqlar prosesinin uzanmasına heç vaxt razı ola bilmərik"
Məlumdur ki, hazırda ölkə qarşısında duran əsas problem Ermənistanın Azərbaycan ərazilərinin 20 fazini işğal etməsi ilə bağlıdır. Azərbaycan hakimiyyəti bu istiqamətdə böyük səylər göstəri. Bu məsələnin öz həllini tezliklə ədalətli, beynəlxalq hüquq normalarına uyğun şəkildə tapması üçün dövlət başçısı hər şeyi edir. Millət vəkilləri qarşısında çıxışında münaqişə ilə bağlı uzun illərdir ki, danışıqlar aparıldığını deyən Prezident İlham Əliyev diqqətə çatdırıb ki, 18 ildir ki, Minsk qrupu fəaliyyət göstərir, ancaq heç bir nəticə yoxdur: "Nəticə o zaman olacaq ki, Azərbaycan torpaqları işğalçılardan azad ediləcəkdir. Nəticə odur. Danışıqların fəallığı, yaxud da ki, müsbət istiqamətdə inkişafı nəticə sayıla bilməz. Biz nəticə görmək istəyirik. Biz istəyirik ki, məsələ beynəlxalq hüquq normaları əsasında həll olunsun, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra edilsin. Digər beynəlxalq təşkilatların- ATƏT, Avropa Parlamenti, Avropa Şurasının qərar və qətnamələri icra olunsun. Bu qərarlar və qətnamələr ona görə qəbul edilib ki, onlar icra olunmalıdır. Əgər onların icra mexanizmi yoxdursa, Ermənistan bu beynəlxalq hüquq normalarına məhəl qoymursa və beynəlxalq birlik öz növbəsində buna qarşı heç bir tədbir görmürsə, onda məsələ çətinləşə bilər. Biz başa düşürük, bu gün Ermənistan çalışır ki, məsələni süni şəkildə uzatsın, özünü danışıqlarda konstruktiv tərəf kimi göstərsin. Ancaq həqiqət ondan ibarətdir ki, həlledici anlarda, həlledici məqamlarda Ermənistan daha əvvəl razılaşdırılmış məsələlərdən geri çəkilir, yenidən qeyri-real, qəbulu mümkün olmayan təkliflər irəli sürür. Beləliklə, danışıqlar prosesini müddətsiz və sonsuz etmək istəyir. Biz buna heç vaxt razı ola bilmərik. Biz danışıqları torpaqlarımızı azad etmək üçün aparırıq. Biz danışıqları Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa edilməsi üçün aparırıq. Ümid edirik ki, bu məsələ ilə məşğul olan qurumlar, tərəflər, vasitəçilər nəhayət, öz kəskin sözünü deyəcəklər. Bunun vaxtı çoxdan çatıbdır. Əgər belə olmasa, onda bu danışıqların mənası tamamilə itəcəkdir. Danışıqlar nəticə üçün aparılır, sadəcə görüntü üçün deyildir. Ona görə, bir daha demək istəyirəm ki, mövqeyimizdə prioritet beynəlxalq hüquq normalarıdır, beynəlxalq təşkilatların qətnamələridir, Azərbaycanın haqq işidir və ədalətli yanaşmadır".
Astana sammiti öncəsi geosiyasi situasiya nə vəd edir?
Qeyd edək ki, bu gün Qazaxstan paytaxtı Asranada ATƏT-in sammiti öz işinə başlayıb və Azərbaycan Prezidenti də dünən Astanaya uçub. Bu sammitin münaqişənin həllində önəmli irəliləyişə səbəb olacağı haqda həm Minsk Qrupu həmnsədrlərinin, həm də politoloqların gözləntiləri var. Prezident İlham Əliyev sammit öncəsi IV çaığrış Milli Məclisin açılışında Azərbaycanın qəti mövqeyini bir daha və qəti şəkildə ortaya qoyub. Bölgədə yaranmış geosiyasi situasiyanı nəzərə aldıqda sammitdə Ermənistanın ciddi təzyiqlərə məruz qalacağı şübhəsizdir. Siyasi, diplomatic, iqtisadi, regional, hərbi və bütün digər sahələrdə məşğul və çıxılmaz duruma düşən Yerevanın kompromisdən başqa yolu yoxdur. Əks-təqdirdə Azərbaycan sülh danışıqlarına son verə bilər və öz torpaqlarını işğal edildiyi formada azad etməyə başlayar ki, bu Ermənistanın daha ağır duruma düşməsinə gətirib çıxarar. Əlbəttə Prezidentin dediyi kimi, biz onu da bilirik ki, beynəlxalq aləm bəzi hallarda qanunlarla deyil, siyasi maraqlarla tənzimlənir. Ancaq siyasi maraqlar da bu məsələ ilə məşğul olan tərəfləri sövq etməlidir ki, məsələ tezliklə həllini tapsın. Çünki Ermənistan-Azərbaycan münaqişəsi bölgədə böyük təhlükədir. Bu, real təhlükədir. Bu münaqişə dondurulmuş münaqişə deyildir. Hər halda münaqişənin sülh yolu ilə həll olunması üçün kifayət qədər uzun zaman var idi. İndi artıq problemin son və qəti həllini tapmağın vaxtıdır. Bunun üçün beynəlxalq birlik işğalçı ölkəyə təzyiqləri gücləndirməlidir. Əgər bunu bacara bilmirsə, o zaman məsələ başqa kontekstdə həll oluna bilər ki, bu da bölgə hərbi əməliyyatlarının bərpa olunmasına gətirib çıxara bilər. İstənilən halda hər bir dövlətin iolduğu kimi, Azərbaycanın da öz işğal edilmiş ərazilərini azad etmək üçün anti-terror əməliyatları aparmaq hüququ var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB