Sarkisyanın Moskva səfəri və ya erməni prezidentin ölkəsində “topa tutulması”- ANALİZ

Bir neçə gün öncə Ermənistan prezidenti Rusiyada səfərdə olub. Səfər zamanı verdiyi açıqlamalarla ən çox öz ölkəsində gülüş hədəfinə çevrilən erməni prezidenti erməni mediası də ciddi tənqid atəşinə tutub. Müxalifət onu xalqın və dövlətin taleyini təhlükə altına saldığını deyir. "Ölkəsinin bərbad durumda olduğunu etiraf edən Sarkisyan "biz evimizi əsaslı bərpa etməliyik. Onun sakinləri hərbi, hüquqi və sosial planda müdafiə olunmalıdırlar. Biz ardıcıl olaraq möhkəmlənərək 10 milyon erməninin həmrəyliyini nümayiş etdirməliyik", deyə noyabrın 16-də Moskvada Ümumerməni "Ermənistan" fondunun təşkil etdiyi şam yeməyində Ermənistan prezidenti Serj Sarkisyan bildirib.
Sarkisyanın Moskvadakı təmir və bərpa işləri ilə bağlı diletant çıxışları öz ölkəsində etirazla qarşılanmaqdadır. "Sən öncə camaatın evlərini (yəni ciblərini) sökməyi dayandır. Sonra bərpa məsələlərindən danışarsan" - deyə David Şaxnazaryan bildirib. Onun fikrincə, Sarkisyanın bu dəfəki Moskva səfəri də həmişəki kimi yuxarı dairələrdə gəzişib "mən də varam" deyə özünü yada salmaq xarakterlidir. "Putin, Medvedyev görəsən nə vaxta qədər Sarkisyanı protokol sözlərlə feyziyab edəcəklər? Onlar həmişəki valı patefona yenidən qoyublar. Sarkisyan da özünü elə aparır ki, sanki patefonda fırlanan val yox, özüdür. Görəsən, həminki sözləri Kreml rəhbərliyi Sarkisyana sayca neçənci dəfə deyib? Manyak olmaq lazımdır ki, eyni sözləri dəfələrlə eşidəndən sonra onlara yenə də qulaq asasan və bundan məmnunluq duyasan" - Şaxnazaryan deyib. Erməni Milli Konqresinin aparıcı simalarından olan Şaxnazaryanın Sarkisyanın Moskvadan Azərbaycana ünvanlanan ittihamlarına reaksiyası belə olub: "Azərbaycanla bağlı deyiləsi sözlər tükənib. Bir yandan Sarkisyanın "qürur mənbəyi" sayılan ordu sıradan çıxarılıb. Orduda korrupsiya, itkilər və intiharlar pik həddə çatıb. Bu və adamları isə Azərbaycanın müharibə çıxışlarına adekvat cavablar verirlər. Nəyə arxayındırlar? Sarkisyan Moskvada sülhyönümlü çıxışlar etməklə kimi aldatmaq istəyir: Medvedevi, Putini, Əliyevi, bəlkə Sarkozi və Obamanı? Onlar yaxşı bilirlər ki, bu hansı yuvanın quşudur!".
"Lragir" onlayn nəşrinin yazdığına görə, Ermənistanda insanların gəlirləri eyni səviyyədə qalır, qiymətlər isə gündən-günə artır. Özü də təkcə xarici yox, həm də yerli malların qiyməti artır. Tibbi xidmət bahalaşır, digər xərcləri də artırırlar. Məsələn, hökumət avtonəqliyyatın məcburi sığortasını tətbiq edir. Ermənistandakı sosial problemləri həll etmək adı altında vergi və gömrük qanunvericilərinə elə dəyişikliklər edilir ki, kiçik və orta sahibkarları boğmaq lap asanlaşsın. İnhisarlar üçünsə yaşıl işıq yandırılır. Hakimiyyət imkanlı ermənilərin də köməyi ilə təhsilin keyfiyyətinin artırılması barədə yox, elitar məktəblərin açılması barədə düşünür. "Buna əsl sosial müdafiə demək olar- burda onlar öz uşaqlarını sosial cəhətdən müdafiə olunmayanlardan müdafiə edirlər"- yazan "Lragir" Sarkisyana xatırladır ki, dünyadakı 10 milyon erməni haqqında düşünməmişdən öncə Ermənistanda yaşayan 3 milyon haqqında düşünmək yaxşı olardı. Bunun üçünsə təkcə elitar qruplar deyil, hər kəs üçün keyfiyyətli həyat şəraiti yaratmaq lazımdır. Çünki Ermənistan Konstitusiyasında təkcə elitanın yox, hamının hüquqları təsbit olunub. "Həmrəylik üçün velosiped kəşf eləmək, yaxud da siyasi çıxış eləməyə ehtiyac yoxdur. Bərabər imkanlar həmrəyliyi təmin edir. Bütün vətəndaşlar üçün özünü təsdiq etmək, seçmək və seçilmək, biznes qurmaq, yaratmaq, dincəlmək imkanları yaradın və bu həmrəylik üçün yaxşı meydança olacaq. Digər meydançalar və çıxışlar saxtadır və qeyri-bərabər imkanlardan istifadə edənlər üçün spekulyasiya etməyə gözəl bəhanədirlər. İmkanlar bərabər olanda qeyri-bərabər həyat şəraiti obyektiv xarakter daşıyır. İnsanlar görürlər ki, kimsə zorakılıq, arxa və ya yerlibazlıq sayəsində deyil, bacarığı sayəsində uğur qazanır. Onda həmrəylik də olur. Hamı üçün qəbul olunmuş bu qaydalara Konstitusiya və qanunlar deyilir. Məhz onlar dövləti möhkəmlədirlər" - "Lragir" qəzeti yazır.
Maraqlısı budur ki, müxtəlif dövlət eşalonlarında bürokratiya dövlət maraqlarını şəxsi ambisiyalarla əvəz edən yüksək rütbəli məmurlar yer alıb. Bununla bərabər öz hakimiyyətini leqallaşdıran təşkilatlanmış cinayətkarlıq piramidası hüquq-mühafizə orqanlarını, məhkəmə və parlamenti öz təsir dairəsinə alıb. Bununla paralel rəsmi olaraq qeyri-şəffaf maliyyə-büdcə sistemi kölgə iqtisadiyyatını gücləndirib. Bu kölgə iqtisadiyyatının dövriyyəsi isə rəsmi dövlət büdcəsindən çoxdur. Belə hesab olunur ki, Serj Sarkisyanın hakimiyyətə gəlişindən sonra ali dövlət idarəetmə strukturlarında kəskin surətdə küçə kriminal elementləri baş verir. Nəticədə cinayətkarlıq günü-gündən sürətlə artır. Son vaxtlar Rusiya və Ermənistan mediasında Ermənistandakı total maxinasiyalar haqqında konkret fakt və rəqəmlərin ifadə olunduğu informasiyalar ictimaiyyəti əsil şoka saldı. Bu faktlar keçmiş və indiki prezidentlərin ölkəni soyub-talamaqda necə mahir olduqları haqqında oxucularda təəssürat yaratdı. Aydın olur ki, Sarkisyan ölkənin sərvətlərinin talamaqda keçmiş həmkarından heç də geri qalmır. Moskvada yallanmaq, ov tulası funksiyasını yerinə yetirməkdə isə heç əvəzi yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə