Ermənistan BMT qarşısında ifşa edildi - ANALİZ

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev Ermənistan prezidenti Serj Sarkisyanın erməni diasporunun üzvü olan jurnalistlərlə görüşündəki qeydləri ilə bağlı BMT baş katibinə məktubla müraciət edib. BMT-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, A.Mehdiyev məktubda qeydlərdə Ermənistanın irqçi ideologiyasının açıq şəkildə əks olunduğunu bildirib.

"Ermənistan prezidenti ermənilərin digər millətlərdən, o cümlədən azərbaycanlılardan üstün olduğunu iddia edir və azərbaycanlıları "müsəlman-türk köçəri tayfası" adlandırır. Görünür, Ermənistan prezidenti unudub ki, dünya keçmişdə bu cür "genetik tədqiqatların" dəhşətli nəticələrindən necə əziyyət çəkib.

Ermənistanın keçmiş prezidenti Robert Koçəryanın "Ermənilər və azərbaycanlılar arasında etnik uyğunsuzluq" barədə şərhlərinin beynəlxalq birliyin haqlı narazılığına səbəb olub. Ermənistanın yüksək rütbəli rəsmilərinin amansız etnik ayrı-seçkilik ideyaları təbliğ edən və beynəlxalq hüququn fundamental prinsiplərinə, həmçinin insanlığın mənəvi və etik prinsiplərinə zidd olan bəyanatlar verməsi birinci dəfə deyil.

Avropa Şurasının o vaxtkı baş katibi Valter Şvimmer bildirmişdi ki, Koçəryanın şərhləri müharibə qızışdıran, aqressiv və nifrət dolu bəyanatdan başqa bir şey deyil. Avropa Şurası Parlament Assambleyasının o vaxtkı sədri Piter Şider isə bildirmişdi ki, Avropa Şurası yaradıldığından bəri etnik uyğunsuzluq ifadəsini eşitməyib"-məktubda deyilir.

A.Mehdiyev öz məktubunda: "Serj Sarkisyanın qeydləri rəsmi Yerevanın Ermənistanın dövlət siyasətini formalaşdıran irqi ayrıseçkilik və nifrət ideyalarının daşıyıcısı kimi hərəkət etdiyini bir daha sübut etdi. Təmsil etdiyim Azərbaycan Respublikası əmindir ki, Cənubi Qafqazda davamlı sülh, təhlükəsizlik və sabitlik yaratmaq üçün beynəlxalq birlik birgə səylərlə Ermənistan Respublikasını irqi və dini motivlərdən çıxış edən siyasət və təcrübədən əl çəkməyə, Azərbaycan Respublikasının ərazilərində qanunsuz işğala son qoymağa, qonşu dövlətlərə qarşı ərazi iddialarından əl çəkməyə və bütün regional dövlətlərlə sivil əlaqələr qurmağa inandırmalıdır. Bunun alternativi yoxdur"-deyə o, bildirib.

Qeyd edək ki, Azərbaycanın BMT-dəki nümayəndəliyi dəfələrlə Qarabağ problemi beynəlxalq təşkilatın diqqətinə çatdırıb və Azərbaycanın haqlı tələblərini səsləndirib. BMT-dəki səfirimiz bu təşkilatı öz qərar və qətnamələrinin yerinə yertirməyə çağırıb.

Prezidenti İlham Əliyev bu ilin sentyabrında BMT Baş Məclisinin 65-ci sessiyasında çıxışı zamanı bildirmişdi ki, Ermənistan ilə Azərbaycan arasında davam edən silahlı münaqişə beynəlxalq və regional sülhə və təhlükəsizliyə böyük təhlükədir. Münaqişə nəticəsində Azərbaycan ərazisinin beşdəbir hissəsi işğal edilmiş, ölkəmizin təxminən hər doqquz nəfərindən biri məcburi köçkün və ya qaçqın vəziyyətinə düşmüşdür"- İlham Əliyev vurğulayıb. Çıxışda Ermənistanın münaqişə zamanı çox ciddi beynəlxalq cinayətlər törədərək, etnik təmizləmə siyasətini həyata keçirərək və işğal edilmiş Azərbaycan ərazilərində monoetnik mədəniyyətin yaradılmasına çalışdığını, Azərbaycan ərazilərinin işğalına görə əsas məsuliyyət daşıdığını beynəlxalq səviyyədə nəzərə çatdırılıb.

İlham Əliyev nitqində vurğulayıb ki, münaqişənin tezliklə həll olunması istiqamətində göstərilən hazırkı səylərə baxmayaraq, Azərbaycanın işğal edilmiş ərazilərində aparılan işlər beynəlxalq hüququ kobud surətdə pozur və işğalın cari status-kvosunun daha da möhkəmləndirilməsinə, etnik təmizləmənin nəticələrinin saxlanmasına, zəbt olunmuş ərazilərdə məskunlaşmanın aparılmasına xidmət edir, o cümlədən münaqişənin dinc yolla həllinə ciddi maneə yaradır.

"Belə ki, münaqişənin başladığı andan ötən dövr ərzində çoxlu sayda insanlar azərbaycanlıların qovulduğu işğal altındakı bölgələrə köçməyə həvəsləndirilmişdir. 2005-ci ildə ATƏT Azərbaycanın işğal edilmiş ərazilərinə faktaraşdırıcı missiyasını göndərmiş və həmin missiya orada insanların məskunlaşması faktını müəyyən etmiş, "Azərbaycanın işğal edilmiş ərazisində hər hansı digər məskunlaşmaqdan çəkinməyə" çağırmışdır. Ermənistan işğal edilmiş ərazilərdə Azərbaycanın mədəni və tarixi köklərini nümayiş etdirən maddi sübutları yox etməyə çalışaraq, həmin yerlərin tarixi və mədəni simasını dəyişmək məqsədi ilə ardıcıl tədbirlər görməkdədir. Nəticədə, işğal olunmuş ərazilərdə Azərbaycanın elə bir tarixi və ya mədəni abidəsi, elə bir müqəddəs yeri qalmamışdır ki, ona zərər dəyməsin, yaxud orada vandalizm aktları törədilməsin"- Prezident bildirib.

Dövlət başçısı qeyd edib ki, işğal edilmiş ərazilərə insanların köçürülməsi, eləcə də tarixi və mədəni irsin məhv edilməsi, mənimsənilməsi orada aparılan qeyri-qanuni fəaliyyətin müxtəlif formaları ilə yanaşı, məcburi köçkünlərin mülkiyyət hüquqlarına da birbaşa zərər vurur.

Göründüyü kimi, Prezident İlham Əliyev BMT-də Azərbaycan gerçəklərini səsləndirib və konkret mövqe ortaya qoyub. Azərbaycan rəhbəri ölkəsinin dünyada sülhə və sabitliyə töhvə verməyə çalışdığını, lakin Ermənistanın bölgədə seperatçı və işğalçı siyasətinin buna əngəl törətdiyini dünya birliyinin nəzərinə çatdırıb.

Bölgədə yaranmış durum region ölkələrinin əməkdaşlıq imkanlarına zərər verir. BMT-nin qəbul etdiyi qətnamə və qərarların yerinə yetirilməməsi, ikili standartların tətbiq edildiyi incə şəkildə nəzərə çatdırılıb. Dünya ölkələrinin və xalqlarının sülh və əməkdaşlıq işində yaşaması üçün münaqişələrin həll edilməsinin çox vacib olduğu qeyd edilib.

Ümumiyyətlə, dünyanın ən yüksək tribunasından beynəlxalq ictiamiyyətin nəzərinə çatdırılan məsələlər Azərbaycan gerçəkləridir. Azərbaycan BMT-ni, eləcə də bütün beynəlxalq təşkilatları fakt qarşısında qoyub. Təxminən belə bir seçimin vacibliyi vurğulanıb- əgər dünyada sülhün və əməkdaşlığın bərqərar olmasını istəyiriksə, ədalətli davranmalı, münaqişələr beynəlxalq hüquq çərçivəsində həll edilməli, ölkələrə qarşı ikili standartlardan çəkinməli, xalqların dinc, yanaşı yaşaması üçün çalışmalıyıq. Əgər bunlar edilməyəcəksə, o zaman hər ölkə öz problemini öz bildiyi yolla həll etmək yolunu seçə bilər ki, bu da dünyanın gələcəyi üçün yaxşı heç nə vəd etmir.

Bütün xəbərlər Facebook səhifəmizdə