Xəbər verdiymiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Ələt qəsəbəsinin ərazisində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin təməlqoyma mərasimində iştirak edib. Dövlət başçısı mərasimdəki çıxışında ölkəmizin iqtisadi inkişafında və Azərbaycanın böyük nəqliyyat qovşağına çevrilməsində yeni limanın çox böyük rol oynayacağını bildirib.
Liman kompleksinin layihəsi beynəlxalq tenderin qalibi olan Hollandiyanın "Royal Haskoning" şirkəti tərəfindən hazırlanıb. Limanın dəniz hissəsində giriş kanalı və dönmə akvatoriyasında dibdərinləşdirmə və quru hissəsində infrastrukturun layihələndirilməsi işləri başa çatdırılıb. Hazırda limanda tətbiqi nəzərdə tutulan müasir kran, maşın və mexanizmlərin seçimi və müasir naviqasiya-rabitə sisteminin layihələndirilməsi üzrə işlər aparılır.
Yeni liman iqtisadi qüdrətimizi artıracaq
Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, yaxın zamanda Xəzər dənizində böyük, əzəmətli və çox funksional yeni liman tikiləcək. "Buna böyük ehtiyac vardır. Çünki hazırkı Bakı Ticarət Limanı tələblərimizə cavab vermir. Bu liman şəhərin mərkəzində yerləşir və əlbəttə ki, sakinlər üçün problemlər yaradır. Nəzərə alsaq ki, hazırda Bakının bulvar hissəsinin genişləndirilməsi və uzadılması layihəsi işlənilir, limanın bu əraziyə köçürülməsi şəhər sakinlərinin gəzinti və istirahəti üçün yeni imkanların yaradılmasına gətirib çıxaracaqdır".
Qeyd edək ki, indiki Bakı Dəniz Ticarət Limanı keçən əsrin 30-cu illərində tikilib və sonralar müəyyən mərhələlərdə rekonstruksiya işləri aparılıb. Ancaq hazırda bu liman müasir tələblərə uyğun deyil.
Dövlət başçısının sözlərinə görə, yeni limanın yaradılmasının əsas məqsədi Azərbaycanda nəqliyyatın təhlükəsizlik məsələlərini uğurla həll etmək, Bakını Xəzər hövzəsində çox müasir və böyük logistika, nəqliyyat mərkəzinə çevirmək, Xəzəryanı ölkələr arasındakı əməkdaşlığı dərinləşdirmək və nəticədə Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin tam gücü ilə işləməsinə şərait yaratmaqdır.
Prezidentin sözlərinə görə, Azərbaycanda son illər bütün işlər dünya standartları səviyyəsində görülür: "Biz bütün böyük investisiya layihələrinə çox ciddi yanaşırıq, böyük təhlillər aparılır, xarici mütəxəssislər cəlb olunur. Bu limanın layihələndirilməsində dünyanın tanınmış xarici şirkəti fəal iştirak etmişdir. Yəni, bizim yanaşmamız bundan ibarətdir ki, Azərbaycanda yaradılan bütün infrastruktur dünya standartlarına cavab verməlidir və uzunmüddətli əhəmiyyət daşımalıdır. Tikiləcək dəniz limanı onilliklər bundan sonra da Azərbaycana xidmət göstərəcək və beləliklə, iqtisadi gücümüzü artıracaqdır".
Qeyd edək ki, dəniz ticarət limanının fəaliyyətə başlaması nəticəsində, eyni zamanda, birinci mərhələdə 1400, üçüncü mərhələdə 3 min Azərbaycan vətəndaşı işlə təmin olunacaq. Bu, özlüyündə böyük sosial məsələlərin həllinə gətirib çıxaracaq. Xüsusilə Ələt qəsəbəsində və yaxın yaşayış məntəqələrində yaşayan vətəndaşlar burada işləyəcəklər. Limanın fəaliyyətə başlaması ilə, Bakının bu ucqar hissəsi inkişaf edəcək, burada sürətli canlanma prosesi başlanacaq.
Azərbaycan Avrasiyanın nəqliyyat qoşğaşına çevrilib
Azərbaycan coğrafi olaraq Avrasiyanın qoşvaq ərazisidir. Bu ölkəmizin böyük trainzit mərkəzinə çevrilməsi üçn əlavə üstünlükdür. Lakin, sadəcə olaraq, əlverişli coğrafi vəziyyət hələ o demək deyil ki, bu və ya digər şəhər, yaxud da ölkə regional mərkəzə çevrilə bilər. Məhz infrastruktur layihələri, xüsusilə son illər ərzində nəqliyyat sektoruna qoyulan vəsait və aparılan işlər Bakını artıq nəqliyyat baxımından regional mərkəzə çevirib. Yeni limanın işə düşməsi nəticəsində ölkəmiz su nəqliyyatının da mühüm mərkəzinə çevrilə bilər. Çünki tikiləcək liman dünya miqyasında mövcud olan ən böyük limanların sırasında özünəməxsus yer alacaq və beləliklə, Azərbaycan beynəlxalq aləmdə bu sahədə də özünü bir daha göstərəcək. Təbii ki, nəqliyyat infrastrukturu olmadan bu layihələrin həyata keçirilməsi mümkün deyil. Məhz bunu nəzərə alan ölkə hökuməti Azərbaycanda güclü nəqliyyat infrastrukturu yaradır. Bu gün artıq ölkəmizi 3 qonşu dövlətlə bağlayan müasir avtomobil yolları tikilir, şimal və qərb istiqamətində bu işlər demək olar ki, tamamlanır. Bu magistral avtomobil yolları yaxın zamanlarda tam şəkildə istismara veriləcək. Dövlət başçısının sözlərinə görə, Azərbaycanda dəmir yolu nəqliyyatına böyük investisiyalar qoyulacaq. Bu barədə xüsusi proqram qəbul edilib. Bu günə qədər işlər yüksək səviyyədə aparılır, ancaq əsas işlər növbəti illərdə görüləcək. Hava nəqliyyatına böyük investisiyalar qoyulub. Azərbaycanda 4 beynəlxalq aeroport fəaliyyət göstərir və bu aeroportların tikintisi son illər ərzində olub. Bu məqsədlər üçün böyük investisiyalar qoyulub. Bu investisiyaların böyük hissəsini Azərbaycan dövlətinin vəsaiti təşkil edib. Eyni zamanda, beynəlxalq maliyyə qurumları ölkəmizin nəqliyyat infrastrukturuna investisiya ayırırlar.
Hazırda bölgə və Avropa qitəsi üçün çox vacib olan dəmir yolu layihəsi üzərində işlər davam edir. Bakı–Tbilisi-Qars dəmir yolu tikilir. Son illərdə 3 ölkənin birgə səyləri nəticəsində bu layihənin həyata keçirilməsi üçün praktiki addımlar atılıb, Azərbaycan öz tərəfindən maliyyə resurslarını cəlb edib. Ən başlıcası bu layihə Azərbaycanın nəqliyyat imkanlarını böyük dərəcədə artıracaq, regional nəqliyyat mərkəzi kimi rolumuzu daha da gücləndirəcək, Avropanı Asiya ilə etibarlı və keyfiyyətli dəmir yolu ilə birləşdirəcək.
Tarixi ənənə müasir texnologiya üzərində
Azərbaycanda dəniz nəqliyyatı böyük tarixə və ənənələrə malikdir. Xəzər hövzəsində Azərbaycan dənizçiləri xüsusi fəaliyyətə malikdirlər və son illər ərzində tankerlər, quru yük gəmiləri alınıb. Beləliklə, Azərbaycanın Xəzərdə rolu artmaqdadır. Çünki, bütün nəqliyyat infrastrukturunun genişləndirilməsi və möhkəmləndirilməsi sahəsində çox fəal və böyük işlər görülüb. Bu möhtəşəm dəniz limanının tikintisinə 100 milyonlarla manat vəsait xərclənəcək.
Təqdimatda göstərildiyinə görə, bu proses 3 mərhələdən ibarət olacaq. 2014-cü ilə qədər fəaliyyətə başlayacaq bu limandan birinci mərhələdə 10 milyon ton əlavə yük keçəcək. Gələcəkdə ehtiyac olarsa, limanın yükaşırma qabiliyyəti ən azı 2 dəfə və bundan da çox arta bilər.
Azərbaycan Prezidenti İlham Əliyevin limanın təməlqoyma mərasimində dediyi sözlər bu işin gələcəyinə böyük inam yaradır: "Mən hesab edirəm ki, Azərbaycanın uğurlu iqtisadi inkişafı, artan imkanlarımız və qonşu ölkələrdə nəzərdə tutulan layihələr bizə imkan verəcək ki, limanın tikintisində sadəcə olaraq birinci mərhələ ilə fəaliyyətimizi məhdudlaşdırmayaq. İkinci, üçüncü mərhələlər də olacaqdır. Ancaq əlbəttə ki, bunu təmin etmək üçün yüklərin həcmi daha da artmalıdır".
Dövlət başçısının dediyi kimi, 2014-cü ildə limanın istismara veriləcəyi gün Azərbaycan tarixinə yazılacaq. Biz və gələcək nəsillər bu gözəl işlərin nəticələrini görəcəyik. Azərbaycan daha da güclü dövlətə çevriləcək, ölkəmizin bölgədəki mövqeləri daha da möhkəmlənəcək, regional əməkdaşlıq daha da sürətlə gedəcək və biz yeni qələbəni əldə edəcəyik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB