Azərbaycan torpaqlarının işğalını davam etdirən və özünü getdikcə daha pis duruma salan Ermənistanda daxili vəziyyət kəskinləşir. Yerevan son vaxtlar erməni müxalifətinin və sadə xalqın hakimiyyətlə mübarizə meydanına çevrilib. Hakimiyyət isə, güc strukturlarının resurslarını xalqın etiraz aksiyalarını yatırmağa sərf edir. Müxalifət ölkənin yarıtmaq hakimiyyətini sərt ittiham edir.
Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın liderlik etdiyi Erməni Milli Konqresinin (EMK) kordinatoru Levon Zurabyan ölkədə siyasi repressiyaların davam etdiyini, demokratiyanın boğulduğunu söyləyir. İqtisadi sahədəki problemlərdən də söz açan müxalifət nümayəndəsi Yerevanın xarici siyasətinin zəifliyini də xüsusi vurğulayıb: "Bu, Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın mövqelərinin zəifləməsinə səbəb olub. Rusiyada artıq anlayırlar ki, Ermənistanın korrupsiyalaşmış rejimi Moskvanın da başağrısına çevrilir",- deyə Zurabyan bildirib.
Ölkədə vəziyyətin faciəvi olduğunu deyən Zurabyan bunu hakimiyyətin bütün istiqamətlərdəki siyasətinin iflasa uğraması ilə izah edib: "Xalqı ayağa qalxmağa, bu rejimə qarşı mübarizə aparmağa çağırırıq. Cinayətkar rejimin mövcudluğuna son qoymaq bizim vətəndaşlıq borcumuzdur".
Zurabyan hesab edir ki, Ermənistan prezidenti Serj Sarkisyan heç vaxt özünü indiki qədər aldanmış hesab etməyib. O, Sarkisyanın Ermənistan-Türkiyə protokollarının imzalanmasının ildönümündə bu haqda heç nə danışmamasını belə qiymətləndirib. "Onun danışmağa sözü yoxdur. Sarkisyan həqiqətən də beynəlxalq ictimaiyyətin vədlərinə inanırdı, təzyiqlər qarşısında Ankaranın protokolları ratifikasiya edəcəyini düşünürdü",- deyə EMK-nin koordinatoru qeyd edib.
Erməni inqilabi federasiyası "Daşnaksütyun"un siyasi məsələlər üzrə ofisinin rəhbəri Kiro Manoyanın bir qədər öncə Bakıda keçirilən "Sosialist İnternasionalı"nın MDB, Qafqaz və Qara dəniz hövzəsi üzrə regional toplantısında Ermənistandakı durumdan danışarkən dediyi sözlər işğalçı ölkədəki vəziyyəti daha aydın göstərir: "Hazırda Ermənistanı oliqarxlar idarə edir. İqtisadiyyat onlardan asılıdır. Ölkədə korrupsiya halları baş alıb gedir. Biz bunun qarşısını almağa çalışırıq. Amma hələ də bu məsələdə yüksək nəticə əldə edə bilmirik. Çünki öncə insanların şüurlarını dəyişməliyik".
Maraqlı məsələlərdən biri də odur ki, erməni ordusunun dağılmaq üzrə olduğu bir zamanda erməni generalları xaricdə biznes yaratmağa girişib. Məsələn, erməni mediasının yaydığı məlumata görə, Ermənistan ordusunun general-mayoru Arşaluys Paytyan Odessada restoran biznesinə girişib.
"Jamanak" qəzeti öz mənbələrinə istinadən yaydığı məlumatda bildirir: "Ordunu özbaşınalığın hökm sürdüyü məkana çevirmiş generallar kimin və ya nəyinsə hesabına öz bizneslərini inkişaf etdirir".
Onun 2006-cı ildən başlayaraq, ölkə xaricində biznes qurmağa başladığı bildirilir: "Onun rəhbərlik etdiyi orduda isə ya xəstə əsgərlər xidmət edir, ya da bu əsgərləri sadəcə, öldürürlər".
Qeyd edək ki, Paytyan Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavinidir. Ermənistanın hakim koalisiyasına daxil olan "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Surakyan ordudakı vəziyyəti öyrənmək üçün xüsusi komissiyanın yaradılmasını vacib sayır. "Orduda qanun və nizam-intizam olmalıdır. Araşdırma aparılmalı, günahkarlar cəzalandırılmalıdır", - deyə Surakyan bildirib.
Xatırladaq ki, son zamanlar Ermənistan ordusunda bir-birini əvəz edən silahlı insidentlər nəticəsində bir neçə hərbçi həlak olub. Üstəlik, hərbi hissələrdən birində dəşhətli "dedovşina" faktını sübut edən videogörüntülər internetdə yayılıb.
Onu da qeyd edək ki, son zamanlar Ermənistanın hakim koalisiyasında ciddi fikir ayrılığının olduğuna dair xəbərlər səngimir. Xüsusilə indi ordudakı durumu tənqid edən Surakyanın prezident Serj Sarkisyanın Respublika Partiyası ilə "baş-başa gəldiyi" bildirilir.
"Armenia Today"ın verdiyi məlumata görə, Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Zoya Tadevosyan jurnalistlərə açıqlamasında bildirib ki, ölkədəki çətin sosial-iqtisadi durum, rəsmi Yerevanın iflasa uğramış xarici siyasəti, hakimiyyətdəki rejim insanları vətəndən qaçmağa vadar edir. "Yalnız bu il ölkədən getmiş 25 000 ailə geri dönməyəcək", - deyə MSK üzvü qeyd edib: "Nə iqtisadiyyat, nə kənd təsərrüfatı, nə sənaye var. Hökumət isə presedenti olmayan sosial proqramlardan danışır".
Göründüyü kimi, işğalçı ölkədə durum çox pisdir. Bütün bunlar Ermənistanda sosial partlayışın yaxınlaşdığına işarədir. Sosial-iqtisadi sferada hökm sürən böhran özünü siyasi sistemin sabitlik durumunda da da göstərir. Forpost ölkənin düşdüyü durum göstərir ki, başında terrorçu rejimin durduğu dövlətin aqibəti acınacaqlı olur. Bu rejim Azərbaycan qarşı terror həyata keçirməklə kifayətlənməyib, indi də öz xalqına qarşı terror həyata keçirir. Məzlum erməni xalqı isə artıq cana yığılıb, bu narazı kütlənin sayı hər gün artır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB