Ermənistan ordusunun hərbi hazırlığına ermənilərin özü belə şübhə ilə yanaşır - TƏHLİL

"Ermənistan ordusunda baş verənlər göstərir ki, Müdafiə Nazirliyinin rəhbərliyi ayrı-ayrı işlərə baxmaqla kifayətlənməməlidir". Bunu "Daşnaqsütun" partiyasının parlament fraksiyasının rəhbəri Vaan Ovannisyan bildirib. "Bizim zabitlərimizin qarşıya qoyulmuş işlərin öhdəsindən gəlmələri üçün lazımi təhsili, əxlaqı varmı? Əgər nizam-intizamın olmadığı hərbi hissələrimiz varsa, onlardan hərbi hazırlıq gözləməyə dəyməz. Belə hərbi hissələrdə ciddi müalicəyə, hətta əməliyyata ehtiyac var", - deyə daşnaq bildirib.

Ümumiyyətlə, Ermənistan ordusunda tüğyan edən ölüm, qətl, zorlama və başqa bu kimi hadisələr bu ölkədə baş verənlər haqqında ümumi mənzərəni göz önündə canlandırır. Maraqlıdır ki, artıq Ermənistanın siyasi, hərbi ekspertləri də orduda baş verənləri qiymətləndirərkən yuxarıda sadalanan faktlara istinad edirlər.

Onlar hesab edirlər ki, müdafiə naziri Seyran Ohanyanın və digər ordu rəhbərlərinin apardıqları "hərbi islahatlar" onsuz da pis vəziyyətdə olan Ermənistan ordusunu tənəzzülə uğradıb.

Məsələn, Ermənistanın tanınmış siyasi şərhçisi Qrant Məlik-Şahnazaryan belə bir orduya malik dövlətin heç vaxt uğur əldə edə bilməyəcəyini açıq şəkildə bildirir. Hətta işğalçı ölkənin milli təhlükəsizlik nazirinin sabiq müavini Qurgen Yeqiazaryan Ermənistan ordusunda adi hala çevrilən fərarilik, ölüm, zorlama, təcavüz, korrupsiya, intihar faktlarının genişləndiyini açıqlayıb. İyulun 28-də Ermənistanda hərbi hissələrin birində altı hərbçinin ölümü ilə nəticələnən insidenti xatırladan Q.Yeqiazaryan hadisədən sonra müdafiə naziri S.Ohanyanın 14 zabitin cəzalandırılması barədə qərarının görüntü xarakteri daşıdığını söyləyib. O qeyd edib ki, bu gün hamı bilir ki, ordu sıralarında cəzalandırılan zabitlər kimi yüzlərlə yararsız, orduya ləkə gətirən yüksək rütbəli hərbçi var. Nə qədər ki, onlar var, Ermənistan ordusundan nəticə gözləməyə dəyməz. S.Ohanyan bu barədə ciddi düşünməlidir.

Qeyd etmək lazımdır ki, Ermənistan ordusunda bu cür problemlərlə qarşılaşanlar təkcə əsgərlər deyil. Hətta zabitlərin intihar həddinə çatdırılması ilə bağlı faktlar da mövcuddur. Məsələn, bu il iyulun 27-də 21127 saylı hərbi hissənin hərbi qulluqçusu leytenant Artak Nazaryanın özünə qəsd etməsi faktı üzrə Ermənistan Müdafiə Nazirliyinin istintaq xidmətinin 6-cı qarnizon istintaq bölməsi tərəfindən qaldırılmış cinayət işinə görə həmin hərbi hissənin 1-ci tabur komandirinin tərbiyəvi işlər üzrə müavini kapitan Akop Manukyan həbs edilib. Bu barədə erməni mətbuatı xəbər yayıb. Manukyan A.Nazaryanı döyməkdə ittiham olunur. Həmin iş üzrə təqsirləndirilən adıçəkilən hərbi hissənin müddətli hərbi qulluqçuları Manvel Mxitaryan, Adibek Ovannisyan və Arutik Kirakosyan da Nazaryana qarşı zorakılıq etməkdə və onun şərəf və ləyaqətini təhqir etməkdə ittiham olunurlar. Bu təhqirlərə dözməyən erməni zabiti özünə qəsd edib.

Bir müddət öncə isə Ermənistan ordusunda qətillər seriyasına daha biri əlavə olunub. "ArmToday" saytının yaydığı məlumata görə, Ararat vilayətində yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmətə çağırılan 19-yaşlı Vardan Nersisyan öz əsgər yoldaşı Ovanesa Baqdasaryanı güllələyib. Güllə yarası alan əsgər hərbi hospitala yerləşdirilib. Dərhal əsgərin üzərində əməliyyat keçirilib. Həkimlərin bildirdiyinə görə, əməliyyat uğurlu keçsə də, xəstənin vəziyyəti ağır olaraq qalır.

Qeyd edək ki, bu Ararat vilayətində yerləşən N saylı hərbi hissəsədə baş verən ilk hadisə deyl. Bir müddət öncə hərbi hissədə müqavilə əsasında xidmət keçən hərbçilər silahlarını ataraq, komandanlığın əmrlərini yerinə yetirməkdən imtina ediblər. Bu cür faktların ortaya çıxması bəzi ekspertlər tərəfindən Ermənistanın apardığı təcavüzkar siyasətin nəticəsi kimi qiymətləndirilir. H

ərbi ekspertlər bildirirlər ki, Ermənistan tərəfinin Azərbaycana qarşı apardığı təcavüzkar siyasət nəticəsində rəsmi Yerevan özünütəcrid vəziyyətinə salıb. Yəni, orduda münasibətlərin gərginliyi və maddi-texniki təminatın aşağı olmasının bir səbəbi də bu ölkədə peşəkar zabit kadrların çatışmazlığından irəli gəlir. Ciddi maliyyə çatışmazlığı ucbatından Ermənistan öz zabit kadrlarını Qərbin inkişaf etmiş hərbi təhsil müəssisələrində hazırlaşdırmaq imkanından məhrumdur. Bu isə qeyri-peşəkar zabitlərin orduda "at oynatmasına" gətirib çıxarır.

Yerevandakı Vazgen Sarkisyan adına hərbi təhsil müəssisəsində təhsil alan kursantlar ötən il buradan çıxmaq barədə yüzlərlə raport yazıblar. Orduda yaranan qeyri-peşəkar mühit isə istər əsgərlərə, istərsə də zabitlərə qarşı alçaldıcı münasibətin yaranmasına gətirib çıxarır.

Erməni hərbi eksperti Arkadi Ter-Tadevosyan bu ölkənin KİV-inə bildirib ki, orduda baş verənlər dözülməz həddə gəlib çatıb. Ter-Tadevosyan bildirib ki, "dedovşina" Ermənistan ordusu üçün xarakterik hala çevrilib. Hərbi ekspertin "dedovşina" ilə bağlı səsləndirdiyi SOS-un arxasında isə Ermənistan ordusunda mənəvi-psixoloji vəziyyətin nəzarətdən çıxması dayanır. Məhz "dedovşina" nəticəsində Ermənistan ordusunda baş verən fərarilik, ölüm, döyülmə, rüşvətalma, intihar və digər hərbi cinayətlərin sayı 2008-ci ilə nisbətən 2009-cu il ərzində təxminən, 30 faiz, 2010-cu ilin 6 ayında isə ötən illə nisbətdə daha da artıb.

Bundan başqa, Ermənistan ordusunda son bir il ərzində baş verən 2000-ə yaxın hadisənin 100-dən çoxu fərarilik, 200-ə yaxını hərbi hissəni özbaşına tərketmə, 50-ə qədəri intihara cəhd, 500-dən çoxu rüşvətalma, 400-ə qədəri döyülmə və işgəncə, 40-dan çoxu zorlama, 70-dən çoxu ölüm faktıdır.

Ümumiyyətlə, Ermənistan ordusunda həlak olan hərbi qulluqçuların 80 faizinin ölümü qeyri-döyüş itkisi hesab edilir. Bundan başqa, Ermənistan ordusunda bu cür özbaşınalıqlar son nəticədə əsgərlərin cinsi istismarına da yol açır. Artıq əxlaqsızlıq halları erməni ordusunun simasına çevrilməkdədir. Ermənistan ordusunun kütləvi şəkildə homoseksualizm bəlasına duçar olduğu fakt olaraq açıqlanır. Durum o həddə çatıb ki, hazırda ordu komandanlığının göstərişi ilə belə halların daha da genişlənməməsi və aşkar olunmuş şəxslərin ordudan tərxis olunmaları məqsədilə xüsusi hərbi həkim komissiyası yaradılıb.

Bundan başqa, Ermənistan ordusunun əziyyət çəkdiyi daha bir amil ordu sıralarında region ayrımının qabarıq şəkildə özünü büruzə verməsidir. Yəni, Dağlıq Qarabağda məcburi hərbi xidmətə gətirilmiş Ermənistan vətəndaşı olan ermənilər qarabağlı komandir heyəti tərəfindən daim təhqir olunur, fiziki təzyiqlərə məruz qalır. Belə hallar isə orduya elə siyasi hakimiyyətdən keçib. Yəni, hakimiyyətdəki ayrı-seçkilik orduya da sirayət edib, bunun nəticəsində isə yüzlərlə əsgər təzyiqə və təcavüzə məruz qalır.

Bu faktlar tək Ermənistan tərəfindən deyil, könüllü şəkildə Azərbaycan tərəfinə keçən erməni əsgərləri tərəfindən də təsdiqlənir.

Qeyd edək ki, Azərbaycan tərəfinə keçən erməni əsgərləri bu ölkənin ordusundakı dözülməz vəziyyətdən cana doyduqlarını və bu üzdən də qaçıb Azərbaycana pənah gətirdiklərini açıq etiraf edirlər. Azərbaycan tərəfinə keçən Ermənistan ordusunun əsgərləri onlara qarşı orduda qeyri-insani rəftar edildiyini bildirib. Bu üzdən də erməni əsgərləri geri qayıtmaq istəmirlər. Göründüyü kimi, Ermənistan apardığı təcavüzkar siyasətilə özünü məhvə tərəf sürükləyir.

Yaranan mənzərə isə onu deməyə əsas verir ki, işğalçı dövlətin süqutu elə ordusunun döyüşsüz sıradan çıxması ilə davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə