Erməni alimlərinin gecikmiş etirafları - TƏHLİL

Artıq bir neçə gündür ki, Ermənistanın daxilindəki qeyri-stabil vəziyyəti əks etdirən faktlardan ibarət yazıları saytda yerləşdirməkdəyik. Həmin yazılarda Sarkisyan hakimiyyətinin ölkəni oğru qanunları ilə idarə etməsi, dərinləşən sosial-iqtisadi problemlərin sadə erməniləri öz haqlarını tələb etmək üçün meydanlara çıxmağa vadar etməsi haqqında bəhs etmişik.

Bu dəfə isə Ermənistanın gələcəyini sual altına almış bir problemdən – Ermənistanın təhsilinin "ölməsindən" danışmaq istərdik. Düşmən ölkənin elm və təhsil ictimaiyyəti bu sahədə sürən korrupsiyadan və özbaşınalıqdan narahatlığını ifadə edir. Ermənistandakı ali məktəbdən sonra beynəlxalq biotibbi tədris mərkəzinin "YUNESKO" kafedrasının müdiri, professor Sirenik Ayrapetyan söyləyib ki, Ermənistan Ali Attestasiya Komissiyası və Ermənistan Milli Elmlər Akademiyası korrupsiya yuvaları kimi ləğv edilməlidir. O bildirib ki, beynəlxalq ekspertlərin fikrincə, Yerevan Dövlət Universiteti (YDU) dünyadakı 10 min dövlət universiteti arasında öz reytinqinə görə Bakı, İstanbul və Tehran universitetlərindən geri qalaraq, 4826-cı yeri tutur.

S.Ayrapetyan deyib: "Ölkənin bu ali məktəbinin müəllimlərinin peşəkar fəallığını, onların il ərzində dərc etdirdiyi monoqrafiyaların sayını, məzunların peşəkar səviyyəsini, onun büdcəsinin, infrastrukturunu nəzərə alsaq, Yerevan Dövlət Universitetinin bu reytinqdə tutduğu yer ölkə elmində dərin böhran yaranmasına dəlalət edir".

Alim bununla əlaqədar vurğulayıb ki, 1990-cı ildən Ermənistanda elm sahəsində islahatlar barədə konkret təkliflərlə ölkənin ali instansiyalarına müraciət edib. S.Ayrapetyan təəssüflə deyib: "Levon Ter-Petrosyan da, Robert Koçaryan da, Serj Sarkisyan da bu təklifləri müsbət qiymətləndiriblər, lakin nədənsə bundan artıq bir iş görülməyib".

S.Ayrapetyanın sözlərinə görə, onun təkliflərinin əsas mahiyyəti Ermənistan Milli Elmlər Akademiyasının (EMEA) və Ermənistan Ali Attestasiya Komissiyasının (EAAK) indiki tərkibini buraxmaq, sonra isə EMEA-nın və EAAK-ın yeni tərkibini yaratmaqdan ibarətdir. Erməni aliminin fikirlərində bir həqiqət var ki, bu gün həqiqətən Azərbaycan elmi və təhsili sürətlə inkişaf edir və dünya təhsil sisteminə uğurla inteqrasiya edir.

Bu prosesin Azərbaycanda məqsədyönlü getməsinin bir səbəbi vardır. Azərbaycanda dövlətini və millətini sevən milli iqtidar hakimiyyətdədir. Bu iqtidar xalqın maraqlarını əsas tutaraq, müstəqil siyasət yürütməklə, məqsədyönlü şəkildə ölkəni hərtərəfli inikşaf etdirir. Məhz, bu faktor Azərbaycanla Ermənistanı bir-birindən fərqləndirir.

Erməni alimin də dediyi kimi, elmin inkişafı ilə bağlı hazırlanmış təkliflərə sadəcə baxılıb. Yəni, Ermənistanı idarə edənlərin antidövlətçi olması, yalnız hakimiyyətdə olan klanın mənafeyini qorumaq naminə addımların atılması bu günkü vəziyyəti yaradıb.

Ermənilər Serj Sarkisyanın antimilli olduğunu hələ 2008-ci ilin mart hadisələrində anlamalı idi. Çünki, həmin vaxt Sarkisyanın əmrilə onlarla sadə insan qətlə yetirildi, 100-lə Ermənistan vətəndaşı həbs olundu...

Bir sözlə, Ermənistanın inkişafı Sarkisyan hakimiyyətinin devrilməsindən Dağlıq Qarabağın heç bir şərt olmadan boşaldılmasından keçir...

Bütün xəbərlər Facebook səhifəmizdə