Ermənistanda sadə insanlar hərbi qanunlarla idarə olunurlar - TƏHLİL

Ötən yazılarımızda proqnoz verərkən, bildirmişdik ki, Serj Sarkisyan hakimiyyətinin yarıtmaz siyasəti sadə ermənilərdə hiddət doğurur və bu səbəbdən də Ermənistan vətəndaşları hərbi xuntanı devirmək üçün aksiyalara başlayacaq. Gözlənildiyi kimi, həmin aksiyalara artıq start verilib. Belə ki, ötən gün Ermənistanda kəskin bahalaşma əhalinin ciddi etirazına səbəb olub. Müxalifət paytaxt Irəvanda etiraz aksiyası keçirib.

Qeyd edək ki, Ermənistanın statistika komitəsinin yaydığı məlumata görə, son bir ildə ölkədə ərzaq məhsullarının qiymətləri xeyli artıb. Cari ilin səkkiz ayı ərzində ərzaq məhsulları 6,4 faiz, qeyri-ərzaq məhsulları 2,7 faiz, xidmət tarifləri 3,7 faiz artmışdır. Son bir ayda un məmulatları kəskin bahalaşıb. Səbəb buğdanın qiymətinin artması göstərilir.

Əlbəttə ki, rəsmi statistikada göstərilən rəqəmlər reallığı əks etdirmir. Çünki, Ermənistanda vəziyyət həddindən artıq ağırdır. Yəni, bütün istehsal və xidmət sahələrinin monopoliyada olması qiymətlərin göstərilən rəsmi statistikadan dəfələrlə artıq olduğuna işarə edir. Bu səbəbdəndə sadə ermənilərin yaşayış səviyyəsi günü-gündən ağırlaşır. Bu mənada ekspertlər hesab edirlər ki, bahalaşma əhalinin hakim rejimə qarşı etirazlarını daha da kəskinləşdirəcək.

Ümumiyyətlə, Sarkisyan hakimiyyətinin antiErmənistan siyasətinin bütün sahələrində olan neqativlik ciddi qarşıdurmalarla sezilir. Hətta, Ermənistanın ordusunda baş alıb gedən fərarilik, ölüm halları və digər faktlar artıq cəmiyyəti konkret addımlar atmağa sövq edir.

Yeri gəlmişkən bildirək ki, Ermənistan ordusunda bu yaxında baş vermiş qətllərlə əlaqədar "Çorrord inknişxanutyan" qəzetində Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general-leytenant Aykaz Baqmanyanın müsahibəsi dərc edilib. Müxbirin "nə üçün orduda ağır cinayətlərin sayı artmışdır" sualına cavabında o bildirib ki, ordu Ermənistan həqiqətlərindən ayrı ola bilməz. General deyib: "Ordu cəmiyyətin güzgüsüdür. Orduda xalqımızın oğulları xidmət edirlər. Baxın görün Ermənistan küçələrində nələr baş verir: güllə atır, bir-birini döyür, öldürürlər. Hər gün bir hadisə törədilir. Nə üçün orduda hadisə baş verəndə təəccüblənirik?".

Ermənistanın sosial-iqtisadi həyatında baş alıb gedən böhran, xaos özünü bu dövlətin xarici siyasətində də göstərir. Dağlıq Qarabağ münaqişəsinin həllinin dalana dirənməsinə xidmət edən xarici siyasətilə Ermənistan dünyada mənfi imic qazanıb. İşğalçılıq fəaliyyəti artıq dünya ictimaiyyətini Ermənistana qarşı təzyiqlərin artırılması haqqında düşünməyə vadar edir.

Xatırladaq ki, bu aydan qardaş ölkə Türkiyənin BMT TŞ-yə sədrlik etməsi Ermənistanın vəziyyətini daha da ağırlaşdıracaq. Türkiyə mətbuatı xəbər verir ki, qardaş ölkənin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasına sədrliyinin başlanması Ermənistanda ciddi narahatlığa səbəb olub. Bu narahatlığın əsas səbəbi isə Azərbaycanın Ermənistanın işğal etdiyi torpaqlarla bağlı BMT-yə təqdim etdiyi qətnamənin layihəsinin Türkiyənin sədrliyi altında müzakirə olunacağıdır. Bu məsələ ilə bağlı Ermənistandakı ciddi həyəcanları bir az da olsa, soyutmaq istəyən bu ölkənin prezidenti Serj Sarkisyan bildirib ki, Türkiyənin sədrliyi ilə müzakirə olunacaq Azərbaycanın irəli sürdüyü qətnamə onun ölkəsinin və işğal etdiyi Dağlıq Qarabağın təhlükəsizliyinə təsir etməyəcək. O, hətta, daha da irəli gedərək beynəlxalq ictimaiyyəti Azərbaycanın təqdim etdiyi qətnamənin əleyhinə səs verməyə çağırıb. Lakin bu zaman özü də həyəcanını gizlətməyən Sarkisyan onu da əlavə edib ki, Dağlıq Qarabağın Azərbaycanın nəzarətinə qaytarılmasının qarşısını almaq üçün daha çox səy göstərmək lazımdır.

Göründüyü kimi, sosial-iqtisadi böhran içərisində boğulan Ermənistan xarici siyasətdə də məğlubiyyətə məhkumdur. Bir ölkənin həm daxili, həm də xarici siyasəti iflasa məhkum olduqda həmin dövlət məhv olmaq astanasına gəlib çıxır. Ermənistan da bu gün məhz, həmin mərhələdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə