Serj Sarkisyan hakimiyyəti sadə erməniləri təngə gətirib - TƏHLİL

Rusiya ilə Ermənistan arasında hərbi müqavilənin imzalanmasından sonra Ermənistan daxilində hakimiyyətə qarşı narazılıqlar artmağa başlayıb. Artıq narazılıq o həddə çatıb ki, sadə ermənilər hakimiyyəti devirmək fikrinə düşüblər. Əlbəttə ki, erməni ekspertlərinin də rəyləri sadə ermənilərin Sarkisyan hakimiyyətinin satqın xislətini daha aydın görməyə şərait yaradır.

Məlumat verdiyimiz kimi, həm Ermənistanın daxilində, həm də xaricdə yaşayan erməni əsilli ekspertlər bir daha Rusiya ilə imzalanmış müqaviləyə görə, Sarkisyanı qınayır və bunun nəticəsi olaraq, Ermənistanın qullar ölkəsinə çevrildiyini söyləyirlər.

Qeyd edək ki, ötən gün daha bir erməni əsilli ekspert deyib ki, Serj Sarkisyan Ermənistanın ən zəif prezidentidir. Rusiya hərbi bazasının Ermənistanda qalmasının müddətinin uzadılması ilə əlaqədar Erməni İctimai Hərəkatı Partiyasının idarə heyətinin üzvü Ovanes İgityan deyib ki, son vaxtlar Ermənistan rəhbərliyi elə sənədlərə imza atıb ki, onları müxtəlif cür şərh etmək olar.

O xatırladıb ki, əvvəlki müqaviləyə əsasən, Rusiyanın Gümrüdəki bazası haqqında müqavilənin müddəti, tərəflər razılığa gəldiyi təqdirdə, daha 5 il müddətinə uzadıla bilərdi. Bəs niyə bu müddət daha 25 il uzadılıb? O.İgityanın sözlərinə görə, Rusiya anlayır ki, yaxın gələcək Ermənistanda Sarkisyan qədər zəif prezident olmayacaq. O, hesab edir ki, müqavilədə Rusiyanın Ermənistanı konkret olaraq kimdən müdafiə etmək istədiyini dəqiqləşdirmək lazım idi. Əgər söhbət yalnız Rusiyanın maraqlarından gedirsə, Ermənistan kompensasiya tələb etməli idi.

O.İgityanın açıqamasında maraq kəsb edən əsas məqam ondan ibarətdir ki, o, Serj Sarkisyanı Ermənistanın ən zəif prezidenti adlandırıb. Təbii olaraq, bu cümlə əbəs yerə işlədilməyib. Çünki, Sarkisyanın qorxaq olması heç kəsə sirr deyildir. Yəni, istər Azərbaycanın torpaqlarının işğalı prsesində, istərsə də, bu gün torpaqlarımızın təcavüz altında saxlanılmasında Serj Sarkisyan hər zaman Rusiya silahı arxasında gizlənib. Öz missiyasına uyğun olaraq, o, Ermənistanın Rusiyanın forpostu, bir quberniyası kimi imicini qoruyub saxlamaqla, sadə erməni vətəndaşlarını rusların quluna çevirməyi bacarıb. Rusiyanın verdiyi əmrləri yerinə yetirən və yalnız klanın mənafeyi naminə ölkənin gəlirini mənimsəyən Sarkisyan hakimiyyəti artıq sadə ermənilərin səbir kasasını doldurub. Hətta, bütün bunlara etiraz olaraq, bu ay mitinqlərin də keçirilməsi planlaşdırılır.

Görünür, sadə ermənilər öz haqlarını tələb etmək üçün küçəyə çıxacaq, şərait yaranarsa, hakimiyyəti devirməyə cəhd göstərəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə