Xalq Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə inanır və güvənir!

ZƏRİFƏ QULİYEVA, YAP Qadınlar Şurasının üzvü, Nəsimi rayon Ağbirçəklər Şurasının sədri

Artıq bildiyimiz kimi, işğalçı Ermənistan ordusu Ermənistan-Azərbaycan dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq, Azərbaycan Ordusunun mövqelərinə bir neçə dəfə basqın ediblər. Düşmən ölkənin kəşfiyyat-təxribat qrupları cəbhə boyunca qoşunların təmas xəttini bir neçə dəfə keçməyə cəhd göstərsələr də, öz çirkin niyyətlərinə nail ola bilməyiblər. Belə ki, həmişə ayıq-sayıq olan nizami Azərbaycan Ordusunun mərd və qorxmaz əsgərləri düşmənin bütün təxribatlarının qarşısını alaraq onlara layiqli cavablarını veriblər.

Məhz bu ərəfələrdə Prezident və Ali Baş Komandan İlham Əliyev cənablarının cəbhə bölgəsinə səfər etməsi, hərbçilərlə görüşməsi, onları mükafatlandırması, eyni zamanda, operativ müşavirə keçirməklə real vəziyyətlə daha yaxından tanış olması bir daha sübut etdi ki, Azərbaycanın xalqa arxalanan Ali Baş Komandanı və qüdrətli ordusu var.

Söz yox ki, məhz Onun cəbhəyə-təmas xəttinə etdiyi səfəri nəticəsində bu gün Azərbaycan xalqında böyük ruh yüksəkliyi yaranıb. Erməni kəşfiyyat-diversiya qruplarının xəyanətkarcasına etdiyi basqınların qarşısını alan, hətta, onları ağır itki verərək geri çəkilməyə məcbur edən ordumuzun peşəkarlığı cəmiyyətdə böyük ruh yüksəkliyi və döyüş əhvalını daha da artırıb. Həmçinin, Vətən və torpaq uğrunda canlarından-qanlarından keçən əsgərlərimiz xalq tərəfindən qəhrəman, müqəddəs şəhid qismində torpağa tapşırıldı və onların ailələri, yaxınları, dostları "Vətən sağ olsun" deyərək, əsil dəyanət, vətəndaşlıq mövqeyi nümayiş etdirdilər. Bu da gənclərimizin, keçmiş döyüşlərimizin döyüş ruhunu daha da artırdı. Elə bunun nəticəsidir ki, yüzlərlə gənc və Qarabağ qaziləri Müdafiə Nazirliyinə və aidiyyatı qurumlara müraciət edərək, ərazi bütövlüyümüzün bərpa edilməsi üçün döyüşmək arzularını ifadə etdilər. Bu baxımdan da demək vacibdir ki, Prezident İlham Əliyevin Ağdama, cəbhə xəttinə səfər etməsi isə bu ruh yüksəkliyini daha da yüksəltdi. Hər bir azərbaycanlı gördü ki, bu ölkə 1992-ci ildə olduğu kimi rəhbərsiz və ordusuz deyil. Sosial şəbəkələrdəki aktivlik də, orada xüsusilə də, gənclərimizin torpaqlarımızın azad edilməsi üçün döyüşmək və şəhidlərimizin qanını yerdə qoymamaq üçün etdiyi müraciətlər də xalqımızın mübarizə əzminin yüksək olduğunu göstərir. Hətta düşmənlərimiz belə müşahidə etdilər ki, Azərbaycan bütün hərbi imkanlara, ən əsası isə xalq-ordu-Ali Baş Komandan birliyinə, istənilən hərbi əməliyyatı reallaşdıra biləcək orduya malikdir.

Məhz bütün mövcud faktorlar bir daha Azərbaycanın prinsipial mövqeyinin reallaşdırılmasına və torpaqlarımızın işğaldan azad edilməsinə əlverişli şərait yaradır.

Ancaq işğalçı Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması birinci hal deyil. Beynəlxalq hüququn norma və prinsiplərini saymayan Ermənistan tərəfi, demək olar ki, hər gün atəşkəs rejimini pozur, əsgər və zabitlərimizi, mülki əhalini, hətta, uşaqları da hədəfə alırlar. Söz yox ki, düşmənin bu amansızlığı cavabsız qalmır, ancaq bütün bunlara baxmayaraq, dünya birliyi Ermənistanın işğalçılıq siyasətindən əl çəkməsini qəti tələb kimi irəli sürmür, günahsız insanların amansızlıqla qətlə yetirilməsinə laqeyd münasibət bəsləyir. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan öz qətiyyətli mövqeyini sərgiləyir və daim nüfuzlu tribunalarda ölkəmizin haqq-ədalət çağırışları vurğulanır.

Prezident İlham Əliyev Milli Ordunun peşəkarlığından, yüksək döyüş qabiliyyətinə malik olduğundan məmnun qaldığını bildirib: "Azərbaycan ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycan əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. Bizim bütün hərbi hissələrimizdə, xüsusilə ön cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissləri çox yüksəkdir, möhkəmdir. Biz bundan sonra da öz döyüş potensialımızı artıracağıq. Hazırda Azərbaycan ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir. Son vaxtlar əldə etdiyimiz silah, texnika deməyə əsas verir ki, biz istənilən vəzifəni icra edə bilərik".

Artıq Ermənistanda ciddi çaxnaşma, həyəcan yaranıb. Gənclər qorxularından öz ölkələrini kütləvi şəkildə tərk edərək xaricə üz tuturlar. Onlar da yaxşı başa düşürlər ki, bu işğal uzun müddət davam edə bilməz. Azərbaycan Ordusunun öz ərazilərimizdə təlimlərə başlaması və düşmənin atəşkəs rejimini pozmasına cavab verməsi Yerevanda oturanları da vahiməyə salıb. Ermənistan silahlı qüvvələrinin vəhşiliyi, amansızlığı və faşistlərə xas olan qəddarlığı öz vətəndaşlarının başında çatlayır.

Başqa tərəfdən, cəbhədə baş verənlərdən sonra işğalçı Ermənistanın dərhal danışıqlar masasına oturmaq arzusu, bu istiqamətdə Rusiya prezidenti Vladimir Putindən təşəbbüsün göstərilməsi xahişi də sübut etdi ki, Azərbaycan artıq hər an öz dədə-baba torpaqlarını düşmən tapdağından azad etməyə hazırdır.

Bunu bizlər Soçi görüçündə də görmüş olduq. Prezidentimiz üçtərəfli görüşdə vurğuladı ki, artıq Qarabağ məsələsi həddindən artıq uzanıb və onun həll olunması vaxtı çatıb. Prezidentimiz Sarkisyanın nəzərinə bir daha çatırıb ki, qəbul edilmiş beynəlxalq konvensiyaların və BMT-də qəbul edilmiş dörd qətnamənin icrası dərhal yerinə yetirməlidir.

Bizlər həmin görüşdə daha bir diqqətçəkici məqamın şahidi olduq. Biz gördük ki, Rusiya Prezidenti Vladimir Putin erməni dövlət başçısından daha çox Prezident İlham Əliyevlə təmas qurmaqda, Onunla fikir mübadiləsi aparmaqda maraqlı idi. Sarkisyan isə tamamilə Rusiya prezidentinin diqqəti kənarında qalmışdı. Bu həm də onu göstərir ki, Azərbaycanın artan hərtərəfli potensialı Rusiyanın ölkəmizlə strateji əməkdaşlığına kifayət qədər münabit şərait yaradır və Şimal qonşumuz buna maraqlıdır.

Ermənistan isə yürütdüyü işğalçılıq siyasəti nəticəsində dünyanın bir çox nəhəng iqtisadi layihələrindən məhrum olub. Təbii ki, bu amil təcavüzkar ölkənin sosial-iqtisadi potensialını uçuruma yuvarladıb və erməni xalqı ac-yalavac həyat sürür, on minlərlə erməni ölkəni tərk edir.

Nəticədə bir daha qənaətə gələ bilərik ki, bu gün güclü Azərbaycan və xalqın Prezidentinə inamı torpqalarımızın işğaldan azad oıunmasını sürətləndirir. Xalq Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə inanır və güvənir. Ona görə də tam əminliklə deyə bilərik ki, əgər Prezident İlham Əliyev torpaqlarımızın işğaldan azad edilməsi üçün hərbi əməliyyatların keçirilməsinə əmr versə, milli-etnik, dini mənsubiyyətindən, sosial statusundan asılı olmayaraq, hər bir azərbaycanlı döyüşə gedəcək, canından, qanından keçəcək. Çünki hər bir Azərbaycan vətəndaşı Prezident İlham Əliyevin ətrafpında mütəşəkkil və sıx birləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə