Azərbaycanın hücum diplomatiyası istiqamətində qazandığı zəfərlər möhkəm təmələ söykənir ANALİZ
Son illər ölkəmiz sürətlə inkişaf edir və bu inkişaf baxımından Azərbaycan dünya dövlətləri sırasında ön yerlərdən birini tutmaqdadır. Ölkə daxilində siyasi, sosial-iqtisadi, humanitar və digər sahələrdə baş vermiş yeniliklər ictimaiyyətə yaxşı məlumdur. Eyni zamanda, Azərbaycan beynəlxalq müstəvidə də ciddi nailiyyətlər əldə etməkdədir. Demək olar ki, ildən-ilə ölkəmizin xarici dövlətlərlə əlaqələrinin əhatə dairəsi daha da genişlənir və bu amil də beynəlxalq müstəvidə Azərbaycanın nüfuzunun artmasında vacib rol oynayır. Xarici siyasətdə atılan qətiyyətli addımlar onu göstərir ki, Azərbaycan dövləti qısa bir zamanda erməni yalanlarının ifşa edilməsinə, dünya birliyinin əsl həqiqətlərlə tanış olmasına nail olur.
Bu nailiyyətin əsasında isə Prezident İlham Əliyevin rəhbərliyi altında Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin iştirakı ilə keçirilən beşinci müşavirə əhəmiyyətli məqamlarla yadda qaldı. Belə ki, müşavirədə Azərbaycanın xarici siyasətinin gündəliyində duran aktual məsələlər və gələcək fəaliyyət istiqamətləri üzrə müzakirələr aparılıb. Eyni zamanda Prezident İlham Əliyev bir çox mühüm məsələlərə toxunmaqla yanaşı, hücum diplomatiyasının əhəmiyyəti haqqında da öz tövsiyə və tapşırıqlarını verdi. Burada əsas mahiyyət isə Azərbaycanın işğalçı Ermənistanı sona qədər ifşa etməsi faktoru və işğal olunmuş torpaqlarımızın tezliklə azad olması amili dayanıb. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan dövləti özünü qoruyur və qoruyacaqdır: "Bizim diplomatiyamız müdafiə, özünümüdafiə xarakteri daşımamalıdır. Hücum diplomatiyamız nəticə verir. Xüsusilə, nəzərə alsaq ki, Ermənistan-Azərbaycan münaqişəsində haqlı tərəf və zərər çəkən tərəf bizik, əlbəttə, arqumentlərimiz daha da ciddidir və daha da tutarlıdır. Hesab edirəm ki, növbəti dövrdə də erməni lobbisinə qarşı bütün dünyada mübarizəmizi davam etdirməliyik, onların yalanlarını ifşa etməliyik, Azərbaycan həqiqətlərini təbliğ etməliyik və Azərbaycan reallıqlarını olduğu kimi təqdim etməliyik".
Qeyd edim ki, Prezident İlham Əliyev cənablarının başlatdığı hücum diplomatiyası bu gün də öz bəhrəsini verməkdə davam edir. Belə ki, Azərbaycanın hücum diplomatiyası istiqamətində qazandığı zəfərlər isə möhkəm təmələ söykənməkdədir. Məsələn, Azərbaycanın uğurlu diplomatik fəaliyyəti nəticəsində müstəqillik tariximizə əbədi həkk olan siyasi hadisə baş verdi. Bu, hər bir soydaşımızda qürur doğuracaq məqam, Azərbaycanın böyük səs üstünlüyü ilə dünyanın ən nüfuzlu qurumu olan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi idi. Xalqımız üçün tarixi əhəmiyyətli hadisə hesab olunan bu uğur ötən 10 il ərzində həyata keçirilən xarici siyasətin əsas nailiyyətlərindən biridir. Bu nəticənin əldə edilməsində Azərbaycanın fəal xarici siyasət aparması, xarici ölkələrdəki diplomatik təmsilçiliklərinin sayını dəfələrlə artırması, coğrafi baxımdan uzaqda yerləşməsinə baxmayaraq, yeni-yeni ölkələrlə uğurlu ikitərəfli münasibətlərin formalaşdırılması, nəhayət, BMT Baş Assambleyası çərçivəsində intensiv iş, effektiv lobbiçilik və çoxsaylı xarici səfərlər əsas rol oynayıb. Nəticədə 2011-ci il oktyabrın 25-də Azərbaycan ilk dəfə BMT Təhlükəsizlik Şurasına üzv seçildi. Dünyanın 155 ölkəsinin Azərbaycanı bu səsvermədə dəstəkləməsi böyük diplomatik uğur kimi hamı tərəfindən tanınıb. Bu səsvermə Azərbaycanın təkcə region üçün deyil, dünya üçün önəmli ölkələrdən biri olduğunu ortaya qoydu. Sonradan məlum olub ki, Ermənistan da əvvəlcə BMT Təhlükəsizlik Şurasına seçilmək iddiasına düşübmüş, ancaq heç bir şansı olmadığını görərək bəri başdan öz namizədliyini geri götürmüşdür.
Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri - daimi üzvü olduğu iki il müddətində bu quruma iki dəfə sədlik etdi. Ötən ilin oktyabr ayından etibarən Azərbaycanın BMT Təhlükəsizlik Şurasında başlayan ikinci sədrlik dövründə bu nüfuzlu qurumun tarixində ilk dəfə olaraq ölkəmizin təşəbbüsü ilə oktyabrın 28-də "Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi" mövzusunda yüksək səviyyəli iclas keçirilmişdir. Azərbaycanın sədrliyi dövründə Afrikanın Böyük Göllər regionunda siyasi, təhlükəsizlik və humanitar vəziyyətlə tanış olmaq və Afrika İttifaqının Sülh və Təhlükəsizlik Şurası ilə illik birgə müzakirələr keçirmək üçün Təhlükəsizlik Şurasının üzvləri Afrikaya səfər etmişdir. Ümumiyyətlə, Azərbaycanın sədrliyi dövründə çoxsaylı müzakirələr keçirilmiş, qətnamələr və bəyanatlar qəbul olunmuşdur. Azərbaycanın beynəlxalq aləmdə reytinqinin yüksəlməsində xarici siyasətin böyük rol oynadığı danılmaz faktdır. Dövlətimizin başçısı xarici ölkələrə səfərləri və Azərbaycana səfərə gəlmiş diplomatik nümayəndəliklərin rəhbərləri və üzvləri ilə keçirdikləri görüşlərdə ilk növbədə reallıqları diqqətə çatdırmış, Ermənistanın Azərbaycanın 20 faiz ərazisini hələ də işğal altında saxlamasını və bu işğal nəticəsində bir milyondan artıq soydaşımızın öz ata-baba torpaqlarından didərgin düşərək qaçqın və məcburi köçkün kimi yaşamalarını xüsusi olaraq diqqətə çatdırmışdır. Təəssüf ki, beynəlxalq qurumlar hələ də bu haqsızlığa göz yumur. Baxmayaraq ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri BMT Təhlükəsizlik Şurasının və BMT Baş Məclisinin qətnamələrində, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, NATO, Avropa Şurası, Avropa Parlamenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və digər beynəlxalq təşkilatların qərar və qətnamələrində öz əksini tapmışdır, bu gün də ərazimizin 20 faizi hələ də düşmən tapdağı altındadır. Lakin ölkə başçımızın apardığı mütərəqqi xarici siyasət bu amillərin də tezliklə aradan qalxmasına zəmin yaradacaq.
Beləliklə, bütün bu kimi amilləri təhlil etdikcə nəticə olaraq məhz belə qənaətə gələ bilərik ki, uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu və mövqeyi əhəmiyyətli dərəcədə güclənir. Bu amil onu deməyə əsas verir ki, ölkəmizin dünya miqyasında artan nüfuzu, regionda söz sahibinə çevrilməsi Ermənistanın işğalçılıq siyasətinin daha geniş müstəvidə ifşa olunması və nəticə etibarilə münaqişənin diplomatik yolla həllinə ciddi zəmin yaradır. Hücum diplomatiyası adlandırılan bu siyasi addım Azərbaycanın qələbə və zəfəri ilə başa çatacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB