Leyla Yunusa təxribat törətmək təlimatı TƏHLİL

Növbəti üç hissəli plan əmri yenə də Qərbdən gəlib

Sülh və Demokratiya İnstitunun (SDİ) direktoru Leyla Yunusun məlum qaçış cəhdi hadisəsindən sonra başlatdığı süni ajiotaj indi də başqa müstəviyə doğru yönəldilib. Xatırladaq ki, SDİ direktoru və əri Arif Yunus bir neçə ay öncə Bakı aeroportunda saxlanıldıqdan sonra onlar barəsində ölkəni tərk etməmək haqqında iltizam alınıb. Məhz bu olaydan sonra qanun çərçivəsində və müvəqqəti olaraq pasportları müsadirə edilən hər iki şəxs beynəlxalq təşkilatlar qarşısında guya təzqib-təzyiqlərə məruz qaldıqlarını iddia etməkdədirlər. Söz yox ki, Azərbaycan hakimiyyətinə, eləcə də xalqına qarşı düşmən erməni millətçilərindən də sərt qənim kəsildiyini gizlətməyən Leyla Yunus atdığı hər bir addımını xarici havadarları, ona kifayət qədər maliyyə donorluğu edən erməni lobbisi tərəfindən verilən əmrlərə uyğun olaraq atmaqdadır. Yəni bütün bunlar haqqında mediada müxtəlif çoxsaylı məlumatlar verilib və ictimaiyyət baş verənlərdən kifayət qədər xəbərdardır.

ABŞ-da, Qərb ölkələrində cəmiyyətdəki mövqeyindən asılı olmayaraq, vətəndaş istintaqa çağırılarsa, həmin vətəndaş bu çağırılşlara məhəl qoymayaraq qanun aliliyinə itaətsizlik göstərərsə, dövlətin həmin vətəndaşa qarşı hansı sərt addımın atılacağını Leyla Yunus bilməmiş deyil

Lakin bu arada xarici ağaları tərəfindən yeni bir təlimat alan SDİ direktoru bu dəfə guya hakimiyyətin ona qarşı "təxribat" törədəcəyi barəsində informasiyaya malik olduğunu iddia edir. Əslində, bu kimi qondarma iddiaları təhlil edərkən belə qənaətə gəlmək olar ki, Leyla Yunusun törətdiyi məlum əməlləri onsuz da hüquq-mühafizə orqanları tərəfindən araşdırılma prosesindədir və istintaq davam edir. Onu da qeyd edək ki, müvafiq dövlət orqanı SDİ direktoruna və ərinə iki dəfə çağırış vərəqəsi göndərməsinə rəğmən, onlar bundan imtina ediblər. Guya onların pasportları qanunsuz şəkildə əllərindən alınıb və Leyla-Arif Yunuslar bu amili əllərində əsas tutaraq, pasportları geri qaytarılmayıncaya qədər istintaqa getməyəcəklərini bəyan edirlər. Maraqlıdır ki, özünü "hüquq müdafiəçisi" adlandıran Leyla Yunus bilavasitə Azərbaycan qanunvericiliyinə əhəmiyyət verməyərək əslində, hüquqi çərçivədə mövcud olan qanunları pozmaqda davam edir. Ancaq bu pozuntunu bir kənara qoyaraq, guya öz hüquqlarının pozulduğunu bəyan edir. Digər ilginc məsələ həm də ondadır ki, bu gün Avropada, Qərbdə insan hüquqlarının ən ali dərəcədə qorunduğunu deyən Leyla Yunus Azərbaycan qanunlarını pozmaqla daha bir faktiki reallığı unudur. Məsələn, əgər ABŞ-da, Qərb ölkələrində hər hansı bir vətəndaş cəmiyyətdəki mövqeyindən asılı olmayaraq, istintaqa çağırılarsa, həmin vətəndaş bu çağırılşlara məhəl qoymayaraq qanun aliliyinə hörmətsizlik, itaətsizlik göstərərsə, ona qarşı hansı sərt addımın atılacağını çox yəqin ki, Leyla Yunus bilməmiş deyil. Ancaq bu gün o, hüquq-mühafizə orqanlarının dəvətinə əhəmiyyət vermirsə və ona qarşı ABŞ-da, Qərbdə olduğu kimi sərt tədbirlər görülmürsə, onda SDİ rəhbəri Azərbaycandakı mövcud demokratiyadan ən azı ibrət dərsi almalıdır.

SDİ direktoru təlimatın ikinci hissəsini yerinə yetirməyə başlayıb

Nəticədə özünün və ərinin ətrafında belə bir qarma-qarışıqlıq yaradaraq ona verilən təlimatın birinci hissəsini canla-başla yerinə yetirən SDİ direktoru indi də qeyd edildiyi kimi sözügedən təlimatın ikinci hissəsini icra etməyə başlayıb. Məsələn, yuxarıda da bildirdiyimiz kimi, guya hakimiyyətin ona qarşı "təxribat" törədəcəyini bəyan edərək, həmin bəyanatı özünəməxsus şəkildə AXCP-yə mənsub "Azadlıq" qəzetində çap etdirir. Beləliklə, burada bir daha aydın olur ki, həm də qanunsz şəkildə siyasi fəaliyyət göstərdiyini gizlətməyən Leyla Yunus SDİ adlı təşkilatı ilə QHT-lər haqqında qanunu pozmaqdadır. Çünki o, öz fəaliyyətini siyasi partiyalar, "Milli Şura" kimi qurumlar vasitəsilə yürüdür. QHT isə bildiyimiz qədər heç bir siyasi fəaliyyət göstərməməlidir. Amma Leyla Yunus "insan hüquqlarının müdafiəçisi" adı altında birbaşa siyasi proseslərə müdaxilə edərək, iqtidara, hakimiyyətin nüfuzlu şəxslərinə qarşı qarayaxma kampaniyaları aparır. Bunu onun Bakıda keçirilən beynəlxalq tədbirlərdəki siyasi teatr tamaşalarından da görmək çətin deyil.

Başqa tərəfdən, o da sirr deyil ki, Leyla Yunus dəfələrlə Ermənistanda ictimai təşkilatların konfranslarına qatılmış, orada Azərbaycan əleyhinə qatı çlxışları ilə yadda qalmışdı. Həmin dövlrədə bu qadının erməni kəşfiyyatı ilə hansı sövdələşmələr aparması barədə sübutları isə bu gün müvafiq orqanlar tərəfindən araşdırılma predmetidir. Rauf Mirqədirov işi məhz bu predmetin əsaslı tərkib hissəsidir.

Azərbaycan hakimiyyəti məhz onu dəstəkləyən xalq amilinə, dövlətçiliyin qorunması faktoruna əsaslanaraq, ünsürlərin cavabını Leyla Yunusun iddia etdiyi "təxribat" metodu ilə deyil, ali qanun çərçivəsində verəcək

Beləliklə, bütün bu faktlar ortada açıq-aşkar olduğu halda Leyla Yunusun hakimiyyətin ona qarşı təxribat edəcəyi haqqında iddiasının da əsas məqsədi bəlli olur. Yəni SDİ direktoru bu vasitə ilə, daha dəqiq desək, Qərbdəki havadarlarının planı əsasında bir növ, qabaqdangəlmişlik etməyə cəhd göstərir. Məsələn, əbəs yerə deyil ki, o, hakimiyyətə, dövlətçiliyə qarşı təhqirli mövqe tutduğu halda öz bəyanatında iddia edir ki, guya ona qarşı törədiləcək "təxribatda" zor xarakterli olmalıdır. Guya hakimiyyət "təxribatçıları" jurnalist, ya da sadə vətəndaş adı ilə onun keçirdiyi tədbirlərə yönəldəcək və onun tıdbirlərini pozacaq və s. Nəticədə Leyla Yunus buna "etiraz" etdiyi zaman həbs olunacaq. Bununla da planın birinci və ikinci hissələri reallaşdırıldıqdan sonra, onun üçüncü hissəsi yerinə yetiriləcək. Leyla Yunus həbs ediləcək və müxalifətdə olan siyasi partiyalar dərhal onun hüquqlarını müdafiə komitəsini yaradacaq, Qərb isə Azərbaycan hakimiyyətinə qarşı təzyiqlərini artıracaq. Bununa da həm Qərbin Azərbaycandakı maraqları "reallaşacaq", həm də Leyla Yunus sözügedən təlimatları başa çatdırdıqdan sonra qrant selində boğulacaq.

Göründüyü kimi, ağ yalan və siyasi həyasızlıq prinsipi üzərində özünü təmizə çıxarmağa çalışan Leyla Yunus artıq Qərb havadarları tərəfindən ona verilmiş plan təlimatın ikinci hissəsini başladıb və üçüncü hissəyə doğru getməkdədir. Ancaq bütün hallarda onun bu kimi provokasiyaları, təxribatları yenə də ifşa olunmaqdadır. Çünki qanun aliliyi, eləcə də həqiqət hər şeydən üstün olur. Leyla Yunus isə əslində dalana dirəndiyini və bu dəfə həmin daqlandan sivişərək çıxa bilməyəcəyini anlamağa başlayıb. Azərbaycan hakimiyyəti isə məhz onu dəstəkləyən xalq amilinə, dövlətçiliyin qorunması faktoruna əsaslanaraq, belə ünsürlərin cavabını Leyla Yunusun iddia etdiyi "təxribat" metodu ilə deyil, ali qanun çərçivəsində verəcək. Bu gün Leyla Yunusun ətrafında olan Emil Hüseynov, Xədicə İsmayıl, Əli Kərimli və başqaları buna əmin ola bilərlər. Necə deyərlər, zaman hər şeyi özü göstərəcək.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə