“Milli Strateji Düşüncə Mərkəzi” AXCP-ni narahat edir ANALİZ

İsa Qəmbərin 2015-ci il planı Əli Kərimlinin təşvişinə səbəb olub

Müsavat partiyasının "Milli Şura"dan səsli-küylü ayrılması, üstəlik qapını arxasınca çox möhkəm çırpmasının nəticələri görünməkdədir. Belə ki, hər iki partiya arasında yaşanan uzunmüddətli və barışmaz nifaq daha öncədən verilən proqnozları da özündə doğrultmalı idi. Hələ həmin ərəfələrdə bir sıra siyasi analitiklər bildirirdilər ki, Müsavat başqanı "Milli Şura"dan ayrılsa mütləq alternativ blok, ya da birlik təsis edəcək. Düzdür, bu ehtimallar dərhal reallaşmasa da, artıq "Milli Strateji Düşüncə Mərkəzi" ("MSDM") adlı "intellektual" təsisatın yaradılması deyilənləri təsdiq etdi. Bu gün orada təmsil olunan tərəflər bu qurumun siyasi iddialarda bulunmayacağını desələr də hazırda növbəti ehtimallar da yavaş-yavaş özünü doğrultmağa başlayıb. Məsələn, artıq sirr deyil ki, İsa Qəmbər "Milli Strateji Düşüncə Mərkəzi"-ni iddia olunduğu kimi "intellektual müzakirələr" üçün deyil, məhz 2015-ci il parlament seçkilərində iştirak üçün yaradıb. Çünki qarşıdan gələn başqanlıq seçimində onun rəhbərlik postunu tərk etməsi mütləqdir. Bu baxımdan, siyasi arenadan birdəfəlik getməməsi üçün İsa Qəmbərə bir çıxış yolunu axtarmaq lazım idi və "MSDM" onun üçün ən məqbul variantdır.

Beləliklə, ilk baxışdan "intellektual" təəssüratını yaradan bu mərkəzin təşəbbüsünün Müsavat artiyasının tərəfindən gəlməsi kartları müəyyən mənada açıb. Ona görə də bayaq qeyd edildiyi kimi, bu mərkəzin Milli Şuraya, dolayısı ilə AXCP-yə alternativ olduğunu demək olar. Təsadüfi deyil ki, mərkəzə, əsasən, müsavatçı və Müsavata yaxın şəxslər toplanıb.

Təbii ki, Müsavatın əzəli rəqibi və artıq mehriban deyil, aşkar düşməni olan AXCP-nin bu "MSDM"-ə münasibəti birmənalı deyil. Bir müddət öncə Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı da bildirmişdi ki, belə bir mərkəz onlar üçün maraqsızdır: "Bunlar AXCP üçün əhəmiyyətsiz məsələlərdir. Bizim buna diqqət ayırmağa nə vaxtımız var, nə də həvəsimiz. İctimai Palata da AXCP üçün əhəmiyyət daşımırdı. Çünki Milli Şura yaranarkən İP-in fəaliyyətinə faktiki olaraq son qoyulmuşdu. İP bizim üçün tarixin bir mərhələsidir. Biz bu gün tarixdə qalmış bir məsələ ilə deyil, ölkə gündəminə adi olan daha vacib məsələlərə məşğul oluruq. Daha vacib işlərimiz var. AXCP-nin bu cür məsələlərə vaxt ayıraraq özünü gündəmdə saxlamağa ehtiyacı yoxdur",- deyə o qeyd etmişdi.

Lakin Müsavat tərəfi AXCP rəsmisinin bu kimi açıqlamasını cavabsız qoymayıb və qarşı tərəfin bunu Müsavata qarşı paxıllıq hissi keçirməsi ilə əlaqələndirmişdi. Hətta Müsavat rəsmiləri AXCP-nin təlaş keçirdiyini də iddia edirdilər. Ancaq məsələ yalnız bunda deyil. Artıq "MSDM"-ə vaxtilə Müsavatda təmsil olunmuş partiyalar da qoşulmağa hazırlaşırlar. Belə ki, hazırda ACP-ni qapadaraq, yeni partiya quruculuğu ilə məşğul olan Azad Demokratlar Partiyasının (AzDP) qurultaya hazırlıq üzrə təşkilat komitəsinin sədri Sülhəddin Əkbər yeni mərkəzə müsbət baxdığını deyib: "Bu mərkəzi kimin təsis etməsindən asılı olmayaraq, çox yaxşı addımdır. Azərbaycanda strateji düşüncə çatışmazlığı var. Ona görə də nə qədər çox düşüncə quruluşu, analitik mərkəzlər yaransa, bir o qədər ölkədə strateji düşüncə çatışmazlığının aradan qaldırılmasına töhvə vermiş olarıq",- deyə o bildirib.

İsa Qəmbərin ən yaxın tərəfdarlarından olan AXP sədri Pənah Hüseyn isə mərkəzin İsa Qəmbər tərəfindən təsis edildiyi fikri ilə razılaşmır. Onun sözlərinə görə, mərkəz intellektual siyasətçilər tərəfindən yaradılır: "İsa Qəmbər bu məsələdə moderator olduğu üçün yalnız onun adı hallanır".

Beləliklə, bəzi məqamların sirr olaraq saxlanılmasına cəhdlər göstərilsə də hər şey göz önündədir. Yəni bu mərkəz 2015-ci il parlament seçkiləri öncəsi yaradılacaq birliyin ilkin təməllərinin atılmasına hesablanıb. Mərkəzə müxalif düşərgənin tanınmış simaları cəlb olunacaq və beləliklə, müxalifətdəki əsas rəy bu mərkəzdən yaradılacaq. Sonrakı mərhələdə isə yeni birliyin yaradılması üzərində iş aparılacaq. Beləliklə, AXCP-nin "MSDM"-ə görə təlaş keçirməsinin əsas məqsədi bəlli oldu. Qarşıda isə radikal düşərgəni daha sərt sınqalar və qarşıdurmalar gözləməkdədir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə