Azərbaycan Avropaya demokratiya dərsi keçdi

Zərifə Quliyeva, YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü, Nəsimi rayon Ağbirçəklər Şurasının sədri

Prezident İlham Əliyev öz qətiyyətli və birmənalı tezisləri ilə anti-Azərbaycan qruplarının mövqeyinə sarsıdıcı zərbə vurub

Bu gün Azərbaycanın hərtərəfli inkişafı və dünyanın qlobal idarəçiliyində xüsusi yerlərdən birini tutması əlbəttə ki, bilavasitə ölkə rəhbərliyinin yürütdüyü mütərəqqi siyasətin bariz nümunəsi kimi dəyərləndirilməkdədir. Söz yox ki, dövlət başçımız, möhtərəm Prezidentimiz İlham Əliyev Cənabları öz xarizmatik keyfiyyətləri və müdrikliyi ilə Azərbaycanı dövlətlər içində mötəbər yerlərə qədər yüksəltmişdir. Ölkədə yürüdülən uğurlu daxili və xarici siyasət nəticəsində dövlətimiz müxtəlif nüfuzlu təşkilatlarda təmsil olunmaqla yanaşı, həm də qətiyyətli söz sahibinə çevrilmişdir.

Azərbaycanın BMT-də, AŞPA-da rəhbərlik statusuna yiyələnməsi, ATƏT, NATO, İKT kimi təşkilatlarda bir sıra problemlərin həlli istiqamətində uğurlu mövqe tutması da qeyd edilən fikirləri kifayət qədər tamamlamış olur. Əbəs yerə deyil ki, son illər ən böyük təşkilatların Azərbaycanda sessiyalarını, iclaslarını, toplantılarını keçirməsi artıq ənənə şəklini almışdır. Bu gün Azərbaycan, xüsusən də paytaxt Bakı bir çox önəmli beynəlxalq tədbirlərin, forumların keçirildiyi məkana çevrilib. Dünyanın bir sıra qlobal problemləri Bakıda müzakirə edilir. Bu tədbirlərin keçirilməsi Azərbaycana beynəlxalq təşkilatlar tərəfindən göstərilən yüksək diqqətin ifadəsidir. Amma bu yüksək diqqətin göstərilməsi üçün səbəb Azərbaycanın, Bakı şəhərinin yüksək inkişafıdır, burada lazımi infrastrukturların yaradılmasıdır. Bütövlükdə isə bu, Azərbaycanın dünya siyasətində rolunun yüksəlməsi ilə bilavasitə əlaqədardır.

Məhz bütün bu kimi əhəmiyyətli məsələləri təhlil edərkən, həm də belə qənaətə gəlmək mümkündür ki, Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyev siyasi kursunun ən layiqli namizədi kimi bundan sonra da ölkəmizin mənafeyini qoruyub, inkişaf etdirərək Onun adını qızıl hərflərlə tariximizin yaddaşına həkk edəcək.

Bu arada daha bir önəmli məqama toxunmağı zəruru bilərək qeyd etmək istərdim ki, Azərbaycanın bu kimi tərəqqisini və inkişaf mərhələsini gözləri götürməyənlər çox ciddi şəkildə narahat olmağa başlayıblar. Belə ki, istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə öz qaranlıq niyyətlərini reallaşdıraraq, maraqlarını güdən tərəflər əllərinə düşən hər bir imkandan yararlanıb ölkəmizin imicinə xələl vurmağa cəhdlər göstərirlər. Buna misal kimi, həmin dairələrin AŞPA-nın son toplantısında müxtəlif vasitələrlə Azərbaycana qarşı atdığı addımlarını göstərmək olar. Lakin onların bu cəhdləri də hər zamankı kimi uğursuz alındı.

Digər tərəfdən, onların susmasında məhz Azərbaycan Prezidenti İlham Əliyevin AŞPA-dakı çıxışını göstərmək olar. Daha dəqiq desək, qaranlıq qüvvələrin susdurulması güclü bir dövlətin mövcudluğunun nümayişi kimi qiymətləndirildi. Cənab İlham Əliyev öz möhtəşəm nitqində Avropaya bir daha mürəkkəb geopolitik bir məkanda yerləşən Azərbaycanın önəmini vurğulayaraq Qərbin strateji partnyor saydığı ölkə ilə bağlı məsuliyyətini xatırlatdı. Prezident İlham Əliyev öz qətiyyətli və birmənalı tezisləri ilə Avropa təşkilatlarındakı anti-Azərbaycan qruplarının mövqeyinə sarsıdıcı zərbə vurub. Nəticədə Avropanın enerji təminatında mühüm rol oynayacaq Azərbaycanı aşağılamaq cəhdləri çox gülünc və mənasız göründü. Prezident bir daha xatırladaraq vurğuladı ki, Avropanın qarşısında zəif və geopolitik intirqa qruplarının marağının qurbanı olan bir oyuncaq dövlət yox, güclü, müstəqil siyasət yürüdən və milli maraqlarını yalnız xalqın etimadı ilə hədəfləyən bir dövlət durub.

Ona görə də Prezidentimizin çıxışı zamanı Ona müəyyən xarici qüvvələrin maraqlarını güdən sualların verilməsi heç də ölkəyə olan xoş münasibətdən qaynaqlanmayıb. Öz fəaliyyətində terrorçuları və separatçılğı dəstəkləmiş bu avropalı deputatın insan haqları və digər funadmental məsələlər barədə danışması isə normal düşüncəli avropalılar tərəfindən sadəcə iztehza ilə qarşılandı. Çünki həmin dırnaqarası iddialardan fərqli olaraq Azərbaycan 23 illik müstəqillik tarixində ölkədə demokratik təsisatlarını formalaşadıra bilib. Azərbaycanda insan haqlarının qorunması, KİV azadlığı və vətəndaş ləyaqətinin qorunması əsas prioritetdir. Bunu Avropanın mötəbər qurumlarının özləri belə dəfələrlə etiraf ediblər. Hətta bu gün bir sıra nüfuzlu avropalı deputatlar da etiraf edirlər ki, Azərbaycanda demokratiyanın formalaşması və inkişafı prosesini öyrənmək və təbliğ etmək baxımından Avropa ölkələri səylər göstərməlidirlər. Çünki Azərbaycan demokratiyasından öyrəniləcək çox amillər və faktorlar mövcuddur. Məhz bu prioritet ölkədə keçirlən bütün ictimai-siyasi proseslərdə özünü nümayiş etdirir.

Beləliklə, bir daha vurğulamaq mümkündür ki, həm çıxışında, həm də çıxışından sonra Prezident İlham Əliyev Azərbaycanı Avropaya layiqincə və ən yüksək səviyyədə təqdim etdi. O, bununla növbəti dəfə Azərbaycanın beynəlxalq birliyin layiqli üzvü olduğunu, beynəlxalq təşkilatlar qarşısında tam alnıaçıq olduğunu isbatlamış oldu. Biz daha bir önəmli məqama da toxunaraq qeyd edə bilərik ki, Prezidentimizin yüksək intellekti və vətənpərvərliyi bizlərə də bir nümunə oldu. Çünki Onun çıxışında həm də Azərbaycan xalqının mövqeyini görmüş olduq.

Beləliklə, tam əminliklə deyə bilərik ki, Azərbaycan Avropa üçün Şərqi Avropa dəyərlərinə uyğun formada birləşdirən ölkəyə çevrilib. Ölkəmiz Avropa üçün elə Avropanın cavab verə bilmədiyi suallara cavab verən ölkəyə çevrilib. Avropa üçün Azərbaycan region ölkələri ilə münasibətlərlə hansı tərzdə qurmağın nümunəsinə çevrilib. Bu, həm də o deməkdir ki, Avropanın bəzi məsələləri düzgün təhlil etmək, vaxtında qərar çıxarmaq, Azərbaycanla bağlı mühüm məsələləri önə çəkmək prioritetə çevrilib. Bütün bunlar ona görə baş verir ki, Azərbaycan dünyaya öz mövqeyi ilə, apardığı siyasətlə öz maraqlarını müdafiə etməklə yanaşı həm Qərblə, həm də Şərqlə əməkdaşlığa böyük töhfələr verdiyini sübuta yetirir. Qazanılan bu uğurlar isə Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu bu siyasətin Prezident İlham Əliyev tərəfindən həyata keçirilməsinin nəticəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə