Son günlər radikal müxalifət daxilində baş verən və daha çox nəzərə çarpan məsələlərdən biri də Müsavat Partiyasında gözlənilən qurultayın keçirilməsi və qurultay əsnasında yeni başqşanın seçilməsidir. Belə ki, artıq uzun müddətdən bəri müxtəlif bəhanələrlə baş tutmayan qurultayın növbəti keçirilmə tarixinin müəyyənləşdirilməsi partiya daxilində yeni başqanlıq postu uğrunda amansız mübarizəyə təkan verib. Hətta son vaxtlarda qruplaşmalar arasında qarşıdurmaların yaşanması daha ciddi xarakter alıb və iddialı müsavatçılar bir addım da olsa belə, bir-birlərinin xeyirlərinə görə geriyə addım atmayacaqlarını açıq-aşkar sərgiləyirlər.
Daha bir maraqlı məqam isə, yaşlı müsavatçılarla rəqabətə girmək istəyən gənclərdir. Hansı ki, partiyadakı anti-demokratik mühit iddialı gəncləri dalana sıxışdırıb. Daha dəqiq desək, başqanlığa iddialı olan gənclər kəskin təzyiqlərlə qarşı-qarşıya qalmaqdadırlar. Buna misal kimi partiyanın gənclər təşkilatında keçirilmiş seçkilərin hazırkı durumda da qalmaqalla davam etməsini göstərmək mümkündür. Artıq belə qənətə gəlmək olar ki, Müsavat Partiyasının gənclər təşkilatı parçalanmış vəziyyətdə fəaliyyət göstərir. Çünki veteran müsavatçılar öz maraqlarının təmin olunması üçün məhz gənclərdən istifadə edirlər.
Bu arada özünü təcrübəli müxalifətçi, Müsavatın aparıcı şəxsi kimi təqdim edən Arif Hacılı müsavatçı gənclərə barmaq silkələyərək, necə deyərlər, böyüklərin işinə qarışmamağı tapşırıb.
Lakin bütün bunlara rəğmən, gənclər təşkilatının keçmiş sədri, hazırda partiya divanının üzvü olan Tural Abbaslı və onun tərəfdarları buna məhəl qoymayıblar. Nəticədə gənclərin öz iddialarından əl çəkməmələri onlara baha başa gəlib. Buna misal kimi xatırlatmaq mümkündür ki, məhz Arif Hacılının sifarişi ilə keçirilmiş gənclər təşkilatının qurultayında Tural Abbaslı sədrlikdən kənarlaşdırılıb və onun yerinə daha çox sözəbaxan gənc seçilib. Tural Abbaslının arxasınca isə daha 8 nəfər gənc müsavatçı qurumdan xaric olunub. Bunun ardınca isə daha bir neçə müsavatçı gənc adıçəkilən siyasi təşkilatın sıralarını tərk ediblər.
Xatırladaq ki, müsavatçı fəal Cavanşir Abbaslı bu barədə məlumat verərkən demişdi ki, gənclər təşkilatında "təmizləmə" işləri məhz Arif Hacılının tapşırığı əsasında aparıldı. Onun dediyinə görə, başqanlığa ən real namizəd Arif Hacılıdır. Cavanşir Abbaslı üzvü olduğu partiyanın rəhbərliyini antidemokratiklikdə ittiham edərək deyib ki, Müsavat gənclər təşkilatında gənclərin kütləvi şəkildə təşkilatdan çıxarılması prosesi günü-gündən artmaqdadır. O, "təmizləmə" siyasətini sadəcə bir qorxaqlıq adlandıraraq, Müsavat partiyası rəhbərlərini Rəsulzadə ideyalarına xəyanətdə suçlamışdı.
Digər müsavatçı fəal - gənclər təşkilatının üzvü Samir Poladovun partiyadaxili ziddiyətlərin son həddə çatdığını və bu qarşıdurmanı yaradanlardan birinin başqanlığa namizəd Arif Hacılı olduğunu deməsi isə onun partiya üzvlüyündən azad edilməsilə nəticələndi. O, gənclərə qarşı edilən bu ədalətsizliyin və haqsızlığın, əslində, başqanlıq mübarizəsi ilə bağlı olduğunu, gənclərin namizədini sıradan çıxarmaq istədiklərini bildirmişdi.
Göründüyü kimi, partiyada mövcud vəziyyət heç də normal çərçivələri əhatə etmir və xüsusilə, başqan İsa Qəmbərin təsiri altına düşdükdən sonra aldadıldıqlarını anlayan müsavatçılar qurumun sıralarını tərk edirlər. Bu faktor isə bir daha belə qənaətə gəlməyə əsas yaradır ki, Müsavatın qurultayı baş tutana qədər, eləcə də qurultaydan sonra (əgər növbəti bəhanə ortaya çıxmasa) partiyadaxili münaqişələrin, qarşıdurmaların sayı daha da artmağa başlayacaq.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB