Daim məntiqsiz çıxışları, dəyərsiz şəxsiyyəti və anti-türkçü baxışları ilə gündəmdə qalmağa çalışan Rusiya Dumasının deputatı, LDPR adlı partiyanın lideri Vladimir Jirinovskinin son bəyanatı həqiqətən də, bilavasitə, Azərbaycanın əleyhinə yönəlmiş sərsəm bəyanat kimi dəyərləndirildi. Belə ki, Jirinovskinin bütövlükdə türk dünyasına qarşı bu kimi davranışları əvvəllər də mövcud idi. Hətta azğınlaşaraq böyük bir xalqı təhqir edən bu sərsəm qoca, əslində, təmsil etdiyi xalqın mədəniyyətini və tarixini ləkələmiş olur. Daha dəqiq desək, Rusiya-Azərbaycan münasibətlərində tarixi əlaqələrə kölgə salmış olur.
Bunlar prezident seçkilərində "Milli Şura"ya həm maddi, həm də mənəvi tərəfdən dəstək göstərirdilər
Lakin məsələ bunda deyil. Belə ki, Jirinovskinin həyasızlıq nümayiş etdirərək, xalqımıza və dövlətimizə qarşı aqressiya dili ilə danışmaq cəhdi, təəssüf ki, bu milləti təmsil edən bəzi şəxslər tərəfindən də susqunluqla qarşılandı. Dünyanın dörd bir yanından bu həyasız, başından böyük qələtlər edən Jirinovskiyə qarşı haqlı ittihamlar irəli sürülməsinə baxmayaraq, bu gün özlərini Rusiyanın simaları kimi təqdim edən Abbas Abbasov, Söyün Sadıqov kimiləri və onlara dəstək göstərən Rüstəm İbrahimbəyov Jirinovskinin xalqımız və ölkəmiz haqqında dediklərini dolayısı ilə dəstəklədilər.
"Milyarderlər İttifaqı" adlı anti-Azərbaycançı bir qurumda cəmləşən bu trio hələ prezident seçkilərindən öncə, ölkədə siyasi həssaslığın cərəyan etdiyi bir dövrdə hakimiyyətə can atan dağıdıcı müxalifətə – "Milli Şura"ya həm maddi, həm də mənəvi tərəfdən dəstək göstərirdilər. O da sirr deyildi ki, "Milli Şura" adlı qurumun yaradılmasında Rusiyanın müəyyən qaranlıq siyasi dairələri dayanmışdı.
Həmin siyasi dairələrlə sıx əməkdaşlıq edən A.Abbasov-S.Sadıqov-R.İbrahimbəyov üçlüyü nəyin bahasına olursa-olsun, radikalların hakimiyyət xəyallarını gerçəkləşdirməyə cəhd edirdilər. Pul kisələrinin ağzını açaraq, həmin pulları bu istiqamətdə səpələyən xain trio öz məqsədinə çata bilməsə də, seçkilərdən sonra bir müddət "Milli Şura"nı qanadları altında saxladı. Müxtəlif məntiqsiz bəyanatlar, xalqın dəstəklədiyi hakimiyyətə, dövlətə qarşı açıqlamalar verən bu fərdlər, guya Azərbaycanın "yaxışılığı" üçün çalışdıqlarını sübut etməyə cəhd göstərirdilər. Ancaq nəticədə görünən bu oldu ki, ölkəmizdə yürüdülən müdrik siyasət və bu siyasəti dəstəkləyən xalq ordusu belələrinin sözügedən addımlarını real qarşılamadı. Bu baxımdan, tısbağa qınına çəkildiyi kimi, bunlar da öz qınlarına çəkilməli oldular.
Azərbaycan artıq onları öz övladı kimi qəbul etmir
Təəssüflər olsun ki, bu dəfə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almağa cəhd edən, onların da təmsil olunduğu milləti təhqir edən axmaq Jirinovskinin bəyanatına münasibət bildirməkdən çəkinən sözügedən trio sanki bununla həyasız qocanın dedikləri ilə razılaşdıqlarını nümayiş etdirirlər. Bu zaman belə bir sual yaranır ki, əcəba, siz həqiqətən də Azərbaycanın yaxşılığını istəyən fərdlərsinizsə, hansı səbəbdən Jirinovskinin ağzına rus "partyanka"sı yerləşdirdirib onu susmağa məcbur etmirsiniz?! Və nəyə görə Rusiya siyasi dairələrində əlaqələriniz və münasibətləriniz olduğu halda, müvafiq dövlət adamlarına öz qəti etirazlarınızı bildirmirsiniz?!
Demək, belə çıxır ki, bu trionu maraqlandıran yeganə amil pul-para, davamlı gəlir və yüksək həyat səviyyəsidir. Eyni zamanda, bunları nə Azərbaycan, nə də xalq faktoru maraqlandırır. Əgər belədirsə, bu zaman bir daha ağızlarını açıb müqəddəs Azərbaycan sözünü dillərinə gətirməsələr yaxşıdır. Çünki Azərbaycan artıq onları öz övladı kimi qəbul etmir.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB