Bu günlərdə təsis olunduğu bəyan edilən Gələcək Azərbaycan Partiyasının (GAP) ilk toplantısında vaxtilə ADP və ACP-də Rəsul Quliyev ətrafında toplaşan tərəflərin də iştirak etmələri bir sıra müəmmaları açığa çıxarmış oldu. Belə ki, GAP-ın təsis edilməsində iştirakı olan və adıçəkilən partiyaya sədr seçilən Ağasif Şakiroğlunun bu vaxta qədər məhz Rəsul Quliyevin ölkədəki sözçüsü qismində çıxış etməsi də məhz belə qənaətə gəlməyə kifayət qədər əsas verməkdədir.
Rəsul Quliyev hələ də keçmiş partiyadaşları üzərində təsir imkanına malikdir
Digər tərəfdən, Ağasif Şakiroğlu Rəsul Quliyevlə digər müxalifətçi partiya sədrləri arasında da müəyyən körpü rolunu oynayıb və aparılan sövdələşmələrdə eks-spikeri təmsil edib. Bu baxımdan da sözügedən məsələnin bu istiqamətdə cərəyan etməsini söyləmək mümkündür.
GAP-ın toplantısında ADP sədri Sərdar Cəlaloğlunun, fəaliyyətinə xitam verilmiş ACP-nin funksioneri Zəminə Dünyamalıyevanın, digər funksioneri Solmaz Ələsgərovanın, Həsrət Rüstəmovun, eləcə də digər "rəsulçuların" yığışması Rəsul Quliyevin bu ətrafa hələ də təsir imklanları olduğunu sübut edir. Çünki bu təsir imkanı olmasaydı, daha dəqiq desək, adları çəkilənlər həqiqətən də, eks-spikerdən birmənalı olaraq imtina etmiş olsaydılar, GAP-ın təsis olunmasında qonaq qismində qatılmazdılar.
Digər maraqlı cəhətlərdən biri də GAP-ın qurultayının AXCP-nin qərargahında keçirilməsidir. Çünki bu toplantı ADP-nin, Müsavatın, VHP-nin, Ümid partiyasının, eləcə də digər müxalifət siyasi partiya qərargahlarında keçirilə bilərdi. Ancaq təsis toplantısının məhz AXCP qərargahında keçirlməsi də belə deməyə əsas verir ki, Rəsul Quliyev maliyyə məsələsində Əli Kərimliyə də "stavka" etməyə başlayıb. Hansı ki, son zamanlara qədər "Milli Şura" və AXCP-ni ən sərt şəkildə tənqid edən müxalifət "lideri" kimi Rəsul Quliyev çıxış edirdi. Bütün bunları təhlil etdikcə isə növbəti maraqlı məqam üzə çıxır.
GAP-ın qurultayının AXCP qərargahında keçirilməsinin qaranlıq məqamları
İlk növbədə Əli Kərimli də hiss etməyə başlayıb ki, Cəmil Həsənli ona maneə yaradır və parlament seçkilərinə qədər ondan uzaqlaşmaq lazımdır. Bu səbəbdən, o, AXCP qərargahında Rəsul Quliyevin maliyyələşdirəcəyi siyasi təşkilatın təsis qurultayının keçirilməsinə razılıq verib. Başqa tərəfdən, parlament seçkiləri ərəfəsində pərdə arxasında, yəni gizli şəkildə Rəsul Quliyevin maliyyəsi ilə yaradılan yeni müxalifət partiyası öz ətrafında "yeni müxalifət" formalaşdırmağı qarşısına məqsəd qoyub. Ancaq Rəsul Quliyev növbəti dəfə ciddi səhvə yol verib. Onun bu səhvi isə yenidən AXCP-yə bel bağlamasıdır. Çünki Əli Kərimli hər zaman olduğu kimi onun maliyyəsini bitirdikdən sonra yaxasını kənara çəkəcək. O cümlədən, vaxtilə Rəsul Quliyevə yaxın olan tərəflərin də eyni mövqedən çıxış edəcəyi gözlənilir. Bu səbəbdən, GAP-ın tez bir zamanda sıxışdırılaraq aradan çıxarılması prosesi parlament seçkilərindən sonra başa çatacaq.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB