Məlumdur ki, Müsavat Partiyasında yeni başqanın kim olacağı ilə bağlı ziddiyyətlər günbəgün artmaqdadır. Bir neçə şəxs isə, namizədliyini irəli sürəcəyi ilə bağlı iddiasını ortaya qoyub. Müsavat başqanı olmaq üçün namizədliyini açıq şəkildə mətbuata bildirən Gülağa Aslanlı, Tural Abbaslı, Arif Hacılı və Qubad İbadoğlu arasında demək olar ki, hər gün bu və ya digər formada münaqişələr baş verir. Maraqlıdır ki, İsa Qəmbər Müsavat funksionerləri arasındakı ziddiyyətlərə sadəcə seyrçi qalmaqla kifayətlənir.
Xüsusilə, T.Abbaslı və A.Hacılı arasında başqanlıq üstündə uzun müddətdir ki, yaranan kəskin münasibətlərə İ.Qəmbər heç vaxt açıq şəkildə müdaxilə etməyib. Onların hər birini ayrı-ayrılıqda müxtəlif səpkili söhbətlərlə məqsədlərindən yayındırıb.
Məhz, başqanlıq məsələsi ilə bağlı SİA-ya Müsavatın gənclər birliyindəki etibarlı mənbədən məlumatlar daxil olub. Mənbə bildirir ki, iki gün öncə G.Aslanlı ilə İ.Qəmbər arasında partiya qərargahından kənar bir yerdə görüş olub. İ.Qəmbərin məqsədi onu başqanlıq iddiasından daşındırmaq imiş və buna da nail olub. Hətta G.Aslanlı başqa bir namizədi-Arif Hacılını dəstəklədiyini mətbuata açıqlamasında da bildirib. Niyə məhz Arif Hacılı?
Mənbə deyir ki, Qubad İbadoğlunun başqan seçilmək şansı sıfıra bərabərdir, nə partiya üzvləri, nə də partiya rəhbərliyindən onu kimsə dəstəkləyir. T.Abbaslını isə Müsavatın gənclər təşkilatından müəyyən bir qism dəstəkləyir. Arif Hacılı ona görə ən şanslı namizəd kimi görünür ki, onu birbaşa İ.Qəmbər özü dəstəkləyir. Lakin ona görə yox ki, A.Hacılı başqan seçiləcək. Sadəcə başqan seçkisində özünə yaşca, əqidəcə, şəxsi münasibətlər baxımından ən yaxın birini alternativ qüvvə kimi ortaya atmaq istəyir. Digər tərəfdən, biz bilirik ki, Müsavatın yeni başqanı İ.Qəmbər olacaq, indiki başqanlıq oyunları hamısı görüntü yaratmaq üçündür.
Mənbə onu da qeyd edib ki, aprel ayında nizamnaməyə dəyişiklik edilərək İ.Qəmbər yenidən başqan qalacaq. Məhz ondan sonra bir çox şəxs Müsavatı tərk edəcək, xüsusilə, T.Abbaslı səs-küylü istefa verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB