Qarşısıalınmaz AXCP-Müsavat savaşı ŞİDDƏTLƏNDİ - TƏHLİL

Müsavat Partiyasının "Milli Şura"dan uzaqlaşmasından sonra hər iki partiya arasında qarşıdurmalar şiddətli müstəviyə keçid alıb. Bir-birini vuran ifadələr və ən kəskin tonda irəli sürülən ittihamlar sanki güllə yağışıtək qarşı tərəflərin üzərinə yağdırılmaqdadır. Artıq onu da qeyd etmək mümkündür ki, çərçivədən çıxan hər bir söz, hər bir kəlmə savaş edən cinahların funksionerləri tərəfindən dərhal cavablandırılır və bütün bu amillər bir daha beləə deməyə zəmin yaradır ki, AXCP və Müsavat partiyaları bundan sonra bir daha heç bir siyasi qurum və birliklərdə təmsil olunmayacaqlar. Çünki budəfəki qarşıdurmalar daha öncəki situasiyalardan kifayət qədər çox fərqlənir.

Fuad Qəhrəmanlı: "Müsavata hökumətdən mandat söz veriblər"

Bu arada Müsavatın "Milli Şura"dan çıxması fonunda AXCP tərəfindən ən kəskin tonda münasibət bildirən Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı oldu. AXCP rəsmisi Müsavatı müxtəlif bəhanələr etməkdə və hakimiyyətə işləməkdə suçlayaraq, İsa Qəmbərin mandat alverinə girildiyini iddia edib: "Müsavat partiyasının rəhbərliyində olan insanlar ilk əvvəl Rüstəm İbrahimbəyovun fəxri sədrlikdə olmasını bəhanə edirdi. Rüstəm müəllimin rəmzi xarakter daşıyan postdan getməsindən sonra da Müsavat Partiyası Milli Şuradan getmək məsələsini müzakirə mövzusu etdi. Əslində bu faktın özü göstərirdi ki, Müsavat partiyası Milli Şuradan getmək qərarını çoxdan verib və sadəcə, bəhanə axtarışında idi".

O bildirib ki, Müsavat rəhbərliyi "Milli Şura"dakı birliyi öz korporativ maraqlarına qurban verib: "Milli Şura"dan çıxmaq qərarının arxasında Müsavat partiyasının rəhbərliyində olan şəxslərin özəl və korporativ maraqları durur. Bu maraqlar 2015-ci ildə keçiriləcək parlament seçkiləri ilə bağlı olub və Müsavata təklif edilən mandatlar ola bilər. Təəssüf ki, Müsavat Partiyasının rəhbərliyi öz korporativ maraqlarına görə partiyanın siyasi kursunu dəyişdilər…Çox güman ki, bu qərar təkcə cəmiyyətdə deyil, həm də Müsavat partiyasının daxilində etirazla qarşılanacaq".

İkram İsrafil: "Fuad Qəhrəmanlıya xəbərdarlıq edirəm"

Lakin AXCP rəsmisinin belə ittihamları və Müsavata qarşı aşırı radikallığa söykənən bəyanatları qarşı tərəfin daha sərt şəkildə cavab verməsinə səbəb olub. Müsavat Divanın üzvü İkram İsrafil "Facebook" profilində AXCP sədrinin müavini Fuad Qəhrəmanlının Müsavatı mandat alverində ittihamına reaksiya verərkən, "cəbhəçiyə" xəbərdarlıq mesajları ünvanlayıb.

Maraqlıdır ki, İkram İsrafil də öz növbəsində Qəhrəmanlının Müsavata qarşı irəli sürdüyü ittihamlara eynisi əlavə edib. Lakin üstəlik AXCP rəsmisini uşaq adlandırıb: "Fuad Qəhramanlıya xəbərdarlıq edirəm ki, onun yaşı çatmayan vaxtlar partiyasinda nələr olub keçdiklərini bir öyrənsin, sonra danışsın. Bəlkə, mandat alverini Azərbaycan bazarına ilk çıxaranın kimliyini bilmir, bilmirsə öyrənsin. Yox bilir də özünü bilməmiş kimi göstərmək istəyirsə, onda adama deyərlər saxla, səndən siyasətçi yox, heç cəbhəçi də olmaz".

Göründüyü kimi, Müsavat Partiyasının "Milli Şura"dan çıxması ənənəvi müxalifətin xəmirində hələ çox su aparacaq. Bu səbəbdən, əgər bundan sonra hər iki adıçəkilən partiya funksionerləri arasında bundan da kəskin ittihamlar, xəbərdarlıqlar baş versə, bu kimi hallardan təəccüblənməyə dəyməz.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə