Leyla Yunus hara, Soljenitsın hara TƏHLİL

Millət vəkili, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Eldar İbrahimov Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədlinin qeyri-qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda ittiham edilməsi və sonradan barəsində üç aylıq həbs-qətimkan tədbiri seçilməsinə münasibət bildirib. E.İbrahimov məsələ ilə bağlı mətbuata açıqlamasında qeyd edib ki, əgər bir şəxs gedib xaricdən qrant alıb gəlib Azərbaycan xalqının və dövlətinin əleyhinə fəaliyyət göstərirsə, belə adamlar pislənməlidir: "Bu cür qrant alanların məqsədi bəlli olmalıdır. Heç kəs heç kəsə təmənnasız pul verməz. İndi xaricdən qrant alanların əksəriyyəti Azərbaycanın əleyhinə işləyən adamlardır. Bu baxımdan da Anar Məmmədlinin həbsinə siyasi don geydirməyi lüzumsuz hesab edirəm. Anar Məmmədli nə pis iş görübsə, buna görə də cəzasını almalıdır".

Lakin maraqlısı budur ki, A.Məmmədlinin ilk "dadına" çatan adam ondan heç də geri qalmayan, əksinə, dövləti və milli maraqlarımızı satan, Sülh və Demokratiya İnstitunun Azərbaycan üzrə direktoru, qondarma hüquq müdafiəçisi Leyla Yunus olub. Həmin L.Yunus ki, bütün zamanlarda erməni işğalına dəstək verərək, erməni lobbisinin sifarişlərini canla-başla yerinə yetirib və bu gün də bunu etməkdədir.
Məsələn, L.Yunus A.Məmmədlinin həbsinə dair açıqlamasında deyib ki, Soljenitsının taleyi onu həmişə valeh edib: "Azərbaycanda yaşadığım üçün mən həbsə Stalin dövründə olduğu kimi, mənəvi cəhətdən həmişə hazır olmuşam. Mən ölümü yataqda yox, döyüş, mübarizə meydanında qarşılamağa həmişə hazır olmuşam, indi də hazıram. Ona görə də, əgər məni həbs etmək istəyirlərsə, ləngiməsinlər".

Əslində isə belə davranışa el arasında QABAQDAN GƏLMİŞLİK deyirlər. Yəni L.Yunus əslində, törətdiyi milli-dövləti xəyanətlərini özü də yaxşı anlayır. Çünki bu xislət onda AXC-Müsavat iqtidarı dönəmindən formalaşıb. L.Yunus iqtidarda olduğu dövrlərdə Müdafiə Nazirliyinin cəbhə xəttinə göndərdiyi "payokları" mənimsəyərək, onları "Təzə bazarda", şəhərin müxtəlif "toçkalarında" açdırdığı dükanlarda satışa çıxarırdı. Onun "şərəfli" həyat yoldaşı Arif Yunus da L.Yunusun xüsusi pul yığanı vəzifəsini icra edirdi. Əlbəttə ki, xalqın, dövlətin maraqlarını satan hakimiyyət gec-tez xalq tərəfindən qovulmağa məhkum idi. Və belə də oldu! Nəticədə ləyaqətsizlik meyarlarını Vətənini, dövlətini və milli hisslərini Azərbaycana qarşı çıxan qüvvələrə satılmaqla təmin etməyə başlayan L.Yunus özü kimi nankorlara "sahib" çıxmağa başlayıb. Axı qarşıda A.Məmmədli adından istifadə edərək yeni qrant qazanmaq imkanı yaranıb.

Lakin onu da L.Yunusun yadına salmaq lazımdır ki,əslində onun özünü Soljenitsına bənzətmə arzusu özündə heç bir reallığı əks etdirmir. Çünki Soljenitsın dissident adını SSRİ zamanı əldə etmişdi. O, Sovet hakimiyyəti dövründə, dəmir pərdə arxasında mübarizə apararaq, insanların azadlığı, müstəqilliyi uğrunda savaş apardığına görə, sonda qırmızı imperiyanın caynaqlarından qurtuldu və Qərbə doğru üz tutdu. Soljenitsın yalnız SSRİ dövləti süquta uğradıqdan sonra Vətəni Rusiyaya döndü və ondan sonra heç bir hüquq müdafiə istiqamətində fəaliyyət göstərmədi. Sadəcə memuarlar yazdı.

Bu zaman maraqlı və ilgincdir, L.Yunus özündə hansı cürəti taparaq, dünyaca məşhur dissident, hüquq müdafiəçisi, insan haqları uğrunda mübariz Soljenitsına bənzəməyə çalışır? Məsələ aydındır, L.Yunus sadəcə A.Məmmədli kartından öz şəxsi mənfəətləri naminə istifadə etməklə, ətrafında yeni "mübarizlik" görüntüsü yaratmağa cəhd edir. Bir sözlə, L.Yunus hara, Soljenitsın hara!

Amma sonda bir daha Eldar İbrahimovun dedikləri sözlərə diqqət yetirək: "Bu adam da uzun illərdir xaricə işləyir. Leyla Yunus xaricin Azərbaycandakı agentidir. Bu adam xaricin Azərbaycanı qarışdırmaq planlarında iştirak edir. Ona görə də bu cür çirkin əməllərə görə hüquq-mühafizə orqanları qarşısında cavab verməlidir, bu adam cəzasını almalıdır".

Bizcə, artıq şərhə də ehtiyac qalmır. Yeganə ehtiyac belə ucuz, xain və milli satqınların qanun qarşısında cavab vermələri məsələsidir...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə