Rauf Arigoğluna qarşı hücumları AXCP sədri Əli Kərimli təşkil edib ANALİZ
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ilə Müsavat arasındakı qarşıdurmalar artıq açıq və barışmaz müstəviyə keçib. İstər "Milli Şura" istərsə də digər kontekstlərdə cərəyan edən ziddiyyətlər sözügedən savaşı daha da qızışdırmaqdadır. Artıq bu qarşıdurma "Azadlıq"-"Yeni Müsavat" qəzetləri, eləcə də saytları vasitəsilə özünü daha qabarıq formada sərgiləyir. Eyni zamanda, "cəbhəçi"-müsavatçı dartışmaları hüquq müstəvisinə qədər inkişaf etməkdədir.
Məsələ ondadır ki, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu AXCP-nin İmişli rayon şöbəsinin fəalı Vüqar Qədirovdan polisə şikayət edib. V.Qədirov buna görə hətta rayon polis şöbəsinədəvət olunub. V.Qədirov izahatında yazıb ki, məsələ R.Arifoğlunun rəsmi mərasimlərdən birində iştirak etməsindən sonra başlayıb: "Bu iştirakdan sonra mən Rauf Arifoğlunu tənqid etdim. O, mənə cavab yazdı. Ancaq yazdığım statusun altında yox, mesaj qutuma. Biz yazışdıq və iradlarımı ona bildirdim. Onu tənqid etdim, ancaq təhqirə yol verməmişəm".
"Yeni Müsavat"ın baş redaktoru isə bildirdi ki, V.Qədirov onun ünvanına təhqir yazıb: "O mənim ünvanıma dilə gətirilə bilməyəcək ifadələr işlədib. Həm də mesaj qutuma yox, açıq halda, səhifəsi üzərindən paylaşıb. Əminəm ki, öz partiya liderindən birbaşa tapşırıq alıb. Bunlar şəbəkə halında işləyirlər. Mərkəzdən tapşırıq gələn kimi, bütün fəallar hədəf göstərilən obyektin üstünə düşürlər. Həmin gün mən AXCP liderinin və onun fəallarının hədəfindəydim. Sadəcə, Vüqar Qədirovun tərbiyəsi və səviyyəsi daha düşük olduğundan, açıq təhqir yazıb. Həmin statusu "facebook"da yayandan 13 dəqiqə sonra ona mesaj yazdım və "siz"lə xitab edərək, o təhqirləri yığışdırmağı xahiş etdim. Razılaşmadı, dedi bu ifadələr təhqir deyil, tənqiddir. 3 dəfə inboxuna mesaj yazdım, şikayət edəcəyim barədə xəbərdarlıq etdim. Eyninə də almadı, əksinə, daha da üstünə qoydu. Buna görə də yazışmaları kopyaladım, şikayət ərizəsi ilə yolladım müvafiq qaydada Daxili İşlər Nazirliyinə. Hazırda Vüqar o statusu qorxusundan silib. Lakin mən "screen-shot" etmişəm və onu silməyin faydası olmayacaq. Bütün yazışmalar ərizəyə əlavə olunub. Etdiyim hərəkət doğrudur, qanunlara uyğundur. Onu da deyim ki, bu təhqir kimə edilsəydi, həmin şəxs mütləq fiziki qaydada cavab verərdi. Yəni oradakı söz azərbaycanlı mentalitetinə görə Vüqar Qədirovu ən ağır şəkildə cəzalandırmağa əsas verir. Lakin mən belə etmədim - siyasətlə, ictimai fəaliyyətlə məşğulam və bu səbəbdən də reaksioner hərəkətdən daşındım. Vüqarı müdafiə etmək istəyənlərə və ya edənlərə isə deyirəm ki, belə halda bu tərbiyəsizin mənə yazdıqlarını ictimai qaydada onlara ünvanlayacam. Xüsusi ilə AXCP-nin liderlərinə şəxsən. Görüm dözəcəklərmi? Qaldı bir cəbhəçidən polisə şikayətin nə dərəcədə düz olub-olmamasına, vaxtilə AXCP sədri Əli Kərimli də şəxsən məndən və qardaşım Azər Ayxandan ölkənin baş prokuroruna şikayət edib və biz bu şikayətlərə görə aylarla istintaq altında qalmışıq, həftələrlə izahatlar yazmış, bir dəfə isə polis vasitəsi ilə saxlanaraq, dustaq maşınında zorla ifadə verməyə aparılmışıq. Hesab edirəm ki, o zaman Əli Kərimli düz eləmişdisə, indi də mən düz edirəm. Yox, o zaman onun etdikləri səhv idisə, bunu rəsmən etiraf edəndən sonra, mən də hərəkətimə bir daha baxaram...".
R.Arifoğlu daha sonra əlavə edib ki, o, özünü təhqir edən V.Qədirovun təhqirlərinə son qoyulması ilə bağlı AXCP rəhbərliyinə müraciət edib: "Mən bu adama indi neynim? Həmin təşkilatın liderinə müraciət edirəm ki, ya bunu durdursun, ya da AXCP-dən çıxarsın. Əks halda, burada yazılanlardan özümün, atamın adımı çıxarıb, onun və atasının adını yazacam. İnsanın özünü, valideynini, hətta saçını, saqqalını təhqir edir, sonra da deyirlər, polisə niyə verdi? Bəs kimə verim? Mafiyaya, oğrulara? Ya gedim, vurum? Cəbhə yaxın durmur, bu da dayanmır. Tərbiyəsizin biridir. Mühakimənizə verirəm. Onun yazdıqları statusu bəyənənlər bu tərbiyəsizin mənə yazdıqlarını özlərinin ünvanına paylaşanlardır".
Maraqlısı da ondadır ki, R.Arifoğlunun söylədiyi ittihamlar – "cəbhəçi" V.Qədirovun AXCP rəhbərliyi tərəfindən, xüsusilə, partiya sədri Əli Kərimli tərəfindən öyrədilməsi öz təsdiqini tapmaqdadır. Belə ki, AXCP-nin sədr müavini Nürəddin Məmmədli təhqirə yol verən partiyadaşını müdafiə edərək bildirib ki, R.Arifoğlunun hərəkətləri haqq qazandırılası reallıq deyil. AXCP sədrinin digər müavini Fuad Qəhrəmanlı isə məsələnin hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasını məntiqsiz addım kimi dəyərləndirdi. Onun sözlərinə görə, R.Arifoğlunun hərəkətləri haqq qazandırılası reallıq deyil: "Həmin məsələ qərarlıq problem deyil. Əslində bu cür iddianın polis tərəfindən araşdırılmasını mənəvi cəhətdən anlamaq olmur. 2 nəfər arasında internetdə söz atışması olub. Bu məsələ niyə hüquqi müstəvidə çözülməlidir?..İndi isə təhqirə görə cəbhəçinin cəzalandırılmasını istəyir".
Əli Kərimlinin digər tərəfdarı, AXCP sədrinin başqa bir müavini Razi Nurullayev də məsələyə münasibət bildirərkən bildirib ki, partiya bu məsələ ilə bağlı qərar yayacaq.
"Yeni Müsavat" qəzetinin baş redaktoru R.Arifoğlu ilə AXCP-nin İmişli rayon şöbəsinin fəalı V.Qədirov arasında baş qaldıran gərginliyin hüquq-mühafizə orqanları tərəfindən araşdırılması "müttəfiq"lərin qarşılıqlı ittihamlarının artıq sərhəd tanımadığını göstərir.
R.Arifoğlunun V.Qədirovu onun şərəf və ləyaqətinə xələl gətirən ifadələr işlətdiyini əsas gətirərək sonuncunu polisə verməsi bu "xəmirin hələ çox su aparacağını" göstərir.
Xatırladaq ki, bu cür olaylar hələ "İctimai Palata" daxilində də baş veridri. İndi isə "Milli Şura"dad a eyni hadisələr yaşanmaqdadır və görünür, indi AXCP-Müsavat dartışması elə bir səviyyəyə çatıb ki, artıq gizlədiləsi heç nə qalmayıb. Belə ki, R.Arifoğlunun "O mənim ünvanıma dilə gətirilə bilməyəcək ifadələr işlədib. Həm də mesaj qutuma yox, açıq halda, öz səhifəsi üzərindən paylaşıb. Əminəm ki, öz partiya liderlərindən birbaşa tapşırıq alıb. Bunlar şəbəkə halında işləyirlər. Mərkəzdən tapşırıq gələn kimi, bütün fəallar hədəf göstərilən obyektin üstünə düşürlər. Həmin gün mən AXCP liderinin və onun fəallarının hədəfindəydim" - deməsi ona endirilən zərbənin əsl sahibinin kim olduğunu göstərir – bu fərd isə şübhəsiz ki, AXCP sədri Əli Kərimlidir.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB