Müsavat və AXCP Asəf Quliyevə qarşı əks-hücuma keçdi: kim qalib olacaq? TƏHLİL

Prezident seçkilərindən sonra ənənəvi müxalifət düşərgəsində məğlubiyyətin əsl səbəbləri və bu səbəblərdən doğan ittihamlar son günlərdə daha intensiv hal almaqdadır. Belə ki, müxalifət funksionerlərinin bu və ya digər müstəvidə irəli sürdükləri iddialarında xüsusilə, partiya rəhbərliklərini əsas hədəf kimi göstərməkdədirlər. Bu xüsusda, AXCP sədrinin sabiq müavini, Milli Şuranın mitinq komitəsinin keçmiş rəhbəri Asəf Hacıyevin keçirdiyi mətbuat konfransında səsləndirdiyi ittihamdolu bəyanatlarını göstərmək mümkündür.

O, Milli Şuradan və AXCP-dən istefa verməsinin səbəblərini açıqlayarkən, həm AXCP rəhbərliyini, həm də Müsavat və AXP-nin aparıcı şəxslərini suçlayıb. A.Quliyev bildirib ki, AXCP-nin 2011-ci ildən prosesləri təkbaşına idarə etməsini və heç bir bloka qoşulmamasını təklif etmişdi: "Lakin belə qərara gəlindi ki, biz digər partiyalarla blok yaradaraq fəaliyyət göstərək. Həmçinin Milli Şura cəmiyyəti öz ətrafında vahid namizədlə birləşdirə bilmədi. Qurumun apardığı xətt səhv idi və mən buna etiraz etdim".

O, qeyd edib ki, Milli Şura yaranan gündən haqqında müxtəlif fikirlər formalaşdı, qurumun qarşısına qoyduğu məqsədlər, bir çox komitə və komissiyaların yaradılması işini başa çatdıra bilmədi və bu, inamsızlıq yaratdı.

A.Quliyev vurğulayıb ki, Arif Hacılı, Pənah Hüseyn, Rauf Arifoğlu Milli Şura yaranan gündən onu dağıtmağa çalışıblar: "Buna baxmayaraq, Arif Hacılı Milli Şuranın rəhbərliyinə gətirildi, Rauf Arifoğlu və Pənah Hüseyn isə Cəmil Həsənlinin vəkili təyin olundu. Eyni zamanda, Milli Şuranın özündə Cəmil Həsənlinin prezidentliyə namizədliyinin verildiyi gün seçkinin uduzulduğu bəlli idi. Çünki bu cür hədəf və komanda ilə seçkiyə getmək elə bu nəticəni verəcəkdi. Son iki il ərzində, xüsusilə seçki öncəsi Milli Şuradakı proseslər məndə fikir ayrılığı yaratdı".

A.Quliyev "Xalq arzusu" adlı yeni təşkilat yaradacağını deyib: "Fikrim fərqli bir düşüncəyə malik təşkilat yaratmaqdı. Əsas məqsədimiz milli ideologiyanın ortaya qoyulmasıdır. Biz heç bir bloka qoşulmayacağıq, lakin hansısa partiya ilə milli ideologiya istiqamətində əməkdaşlıq etməyə hazırıq. Təşkilat qarşıdan gələn bələdiyyə və parlament seçkilərində iştirak etmək niyyətində deyil".

Lakin A.Quliyevin şok ittihamlarına cavablar da gecikməyib. Eks-cəbhəçini xəyanətdə və digər məsələlərdə ittiham edən Müsavat və AXCP yetkililəri maraqdoğurucu nüanslara toxunaraq, əslində, qarşı tərəfi dalana sıxışdırmağa çalışıblar.

"Yeni Müsavat" qəzetinin baş redkatoru Rauf Arifoğlu deyib ki, Asəf Quliyev gözünün içinə qədər yalan danışır. Onun istefasının əsil səbəbini bir çoxları kimi, mən də bilirəm. Lakin söyləməyi etik bulmuram.

O, qeyd edib ki, bu qədər yalan danışmaq olmaz: "Ayıbdır, bu qədər yalan danışmasın, öz zibillərini bizim üzərimizə şər atmaqla ört–basdır etməsin. Bu dəliliyin, anormallığın bir izahatı varmı?".

Burada məntiqin olmadığını deyən Arifoğlu A.Quliyevi sifariş yerinə yetirməkdə suçlayıb və qeyd edib ki, qarşı tərəf özünü təmizə çıxarmağa çalışır: "Asəf Quliyev artıq kimlərinsə əlində bir oyuncağa çevrilib və nə istəsələr, ona dedirdəcəklər. Üstündən 3-4 ay keçəndən sonra nəhayət, guya özünü təmizə çıxartmağa bir bəhanə tapıb. O qədər gülüncdür ki, deməyə söz tapmırsan".

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının fikrincə isə Asəf Quliyevin istefası ilə bağlı səsləndirdiyi fikirlər ciddi arqumentlər deyil". O, deyib: "Əvvəla Cəmil Həsənlinin namizədliyi demək olar ki, yekdilliklə qəbul olunub. İkincisi, biz Cəmil Həsənlinin seçki qərargahına rəhbərlik edərək öz vəzifəmizin öhdəsindən kifayət qədər bacarıqla gəlmişik. Bunun nəticəsi idi ki, bir neçə gün ərzində biz imzaları toplayaraq Cəmil Həsənlinin namizədliyinin qeydə alınmasını təmin etdik.

Eyni zamanda Cəmil Həsənlinin təbliğat-təşviqat kampaniyası işində faktiki olaraq seçkiyə gələcək insanların əksəriyyətinin səsini alacaq qədər ciddi fəaliyyət göstərdik. Ona görə də qeyd etdiyiniz şəxsin guya bizim harasa təyin olunmağımızla bağlı və Cəmil Həsənlinin prezidentliyə namizəd olması ilə bağlı istefa verdiyi fikirlərini yəqin ki, ictimaiyyət ciddi qəbul etməz".

Müsavatla yanaşı, AXCP tərəfi də keçmiş partiyadaşının gündəmə çıxan ittihamlarına sərt tonda münasibət bildiriblər. Belə ki, sözügedən məsələ ilə bağlı AXCP sədrinin müavini Gözəl Bayramlı Asəf Quliyevin hansı iddialarla çıxış etməsinə marağının olmadığını və onun yalan danışdığı fikrindədir: "Asəf Quliyev yalan danışır və onun iddialarına şərh vermək istəmirəm. Ümumiyyətlə, mən belə bir şeyi xatırlamıram. Asəf Quliyev dediklərinin məsuliyyətini özü daşıyır".

Asəf Quliyevi bəhanə etməkdə günahlandıran AXCP sədrinin müavini Həsən Kərimovun fikirncə isə əslində A.Quliyev zamanında partiyada hər hansı təkliflərlə çıxış etsə də onun təklifləri qanun kimi qəbul edilə bilməzdi: "Asəf Quliyevin verdiyi təkilflərinin partiyada qanun kimi qəbul edilməsi məncə, doğru sayıla bilməzdi. Bu, sadəcə onun bəhanələridir".

AXCP sədrinin müavini ilginc məqama toxunaraq onu da qeyd etdi ki, onlarda Asəf Hacıyev barədə kompromatlar var və bu barədə ictimaiyyətə məlumat veriləcək: "Getmək istəyirsən, bəhanəsiz get. Bizdə onun barəsində bir çox məlumatlar var və görünür, ictimaiyyət də bundan xəbərdar olmalıdır".

Həsən Kərimov yaxın günlərdə bu haqda daha geniş məlumat verəcəyini və A.Hacıyevin bütün bunlardan sonra bəyanat verdiyinə görə peşman olacağını vurğulayıb.

Göründüyü kimi, gözlənilən an gəlib çatıb və bu "siyasi xəmirin" hələ çox su aparacağı haqqında daha öncələrdən də proqnozlar verilirdi.

Asəf Quliyev isə çox maraqlıdır ki, əlində digər faktların olduğunu iddia edir və üstünə çox gəlinərsə, müxalifətə "öldürücü zərbə" vura biləcəyini də istisna etməyib.

SİA Analitik Mərkəzi

Bütün xəbərlər Facebook səhifəmizdə