Müsavatın "demokratikliyi", yaxud, seçki mədəniyyətsizliyi... TƏHLİL
Müsavat Partiyasında Gənclər Təşkilatına (GT) keçirilən seçkilərin saxtakarlıqla müşahidə olunması daha öncədən də ehtimal olunurdu. Çünki, daha öncə GT-yə keçirilən seçkilərin nəticələrinin saxta élan olunması məhz bu qənaətə gəlməyə əsas verirdi. Proqnozlar isə özünü doğrultdu.
Artıq sayca ikinci və növbəti seçkilər sonrasında Müsavat gəncləri bir neçə yerə parçalanaraq nəticə ilə razı olmadıqlarını bəyan etməkdədirlər. Sosial şəbəkələrdə gedən yazışmalar, qarşılıqlı ittihamlar, eləcə də Müsavat Partiyası rəhbər strukturları tərəfindən edilən kəskin müdaxilələr də deməyə zəmin yaradır ki, GT-ya keçirilən seçkilərdə sırf saxtakarlıq halları müşahidə olunub. Buna misal kimi müsavatçılıq ideologiyası ilə çıxış edən bir sıra gənclərin partiya rəhbərliyinə qarşı iradlarını göstərmək mümkündür.
Bəlli olduğu kimi, seçkidə partiya rəhbərliyinin də dəstəklədiyi Əhliman Abbas adlı müsavatçı qalib gəlib. Məhz Ə.Abbasın qalib gəlməsi digərlərinin etirazlı bəyanatlar səsləndirmələrinə kifayət qədər şərait yaratmış olub. Müsavatçı gənclər seçkinin nəticələrini saxta adlandıraraq iddia ediblər ki, partiya rəhbərliyi seçki prosesinə müdaxilə edərək öz istədikləri nəticəni əldə ediblər. Artıq istefalar dalğasına da başlanılıb.
Müsavat fəalı Hüseyn Əzizoğlu sosial şəbəkədə yazaraq bildirib ki, Müsavat Partiyasının rəsmi üzvlərindən olmasa da, üzv olanlardan daha fəal, daha da mübarizli gənc imiş, lakin bundan sonra yox: "Mən Müsavat Partiyasını tərk edirəm…Müsavatı tərk etməyimin səbəbini açıqlayıram. Bildiyiniz kimi, bu gün Müsavat Gənclər Təşkilatının sədr seçkiləri keçirildi. Namizədlər Əhliman Abbasov və Rüfət Hacıbəyli idi. Amma Müsavatın rəhbərliyində olan şəxslər, İsa Qəmbərlə Tural Abbaslını çıxmaq şərti ilə hamısı Əhliman Abbasovu dəstəklədi, hansı ki, 2011-ci ildən Müsavata üzv olandan sonra 3-4 ay Müsavat Partiyasının qərargahında olan Əhlimanı. Amma 2003-dən meydanlarda, zindanlarda mübarizə aparan Rüfətə isə hörmətsizlik etdilər.
Razim Əmiraslanli Müsavat GT-nin bu günki seçkisində mövqe saxlayaraq və Salyan RT-nin 6 gəncini seçkiyə buraxmayaraq belə saxtakarlıq edib. Arif Hacılının Müsavat GT-nin fəalı Samir Poladovu siyahıya baxmayaraq "adın yoxdur" deyən, seçki mühafizəçiləri tərəfindən çölə atılıb. Və həmçinin Gülağa Aslanlı da nəyi var mövqelərini ortaya qoyaraq Əhlimanın seçilməyini istəyiblər. Mənim sizlərə bir sözüm var. Rüfət Hacıbəylinin meydanlarda döyülməsi, sutkalıqlarda yatması, 2 aprel hadisələrində 1 il 3 ay həbs olunması sizlərə qənim olsun. Nə vaxt ki, bu saxta rəhbərlər, əl altdan bəzilərinə "tırka" verənlər Müsavatdan gedər, mən onda Müsavata qayıdaram. Mən müsavatçıyam, amma nə qədər ki, onun belə rəhbərləri var, mən o Müsavatdan deyiləm…Sizlərə heç nə demirəm. Siz ki, Rüfət Hacibəylinin ailəsinin, özünün apardığı mübarizəni yerə vurdunuz, ar olsun, sizlərə" - deyə gənc müsavatçı bildirib. O, hamını seçkini tanımamağa, həmçinin, nəticənin ləğv olunmasına çağırıb.
Bu arada R.Hacıbəyli də dolayısı ilə GT-ya olan seçkilərdə saxtakarlığa yol verildiyini iddia edib. Onun sözlərinə görə, kimsə ABŞ-dan gələrək partiyada GT-ya üzv olursa, bu, partiya rəhbərliyinin seçimidir, yəni demokratik seçkilərin nəticəsi deyil.
R.Hacıbəyıinin dolayı iddiası isə Müsavat rəhbərliyində təmsil olunan Gülağa Aslanlı tərəfindən də təsdiq olunub. Daha dəqiq desək, G.Aslanlı etirazlardan dərhal sonra mətbuata çıxaraq seçkilərin "demokratikliyi", "qərəzsizliyi" ətrafında saxta kommunist ideologiyası ilə çıxış edib. Həmin çıxışın bir hissəsinə nəzər salaq: "Əgər kiminsə əlində saxtakarlıqla bağlı gümanlar yox, faktlar varsa, buyursun həmin faktı ya Nəzarət Təftiş Komissiyasına, ya da Gənclər Təşkilatına təqdim etsin. Belə fakt varsa, bunu Facebook sosial şəbəkəsində yaymasın, yaxud da hansısa xəbər saytına məlumat kimi verməsin, gəlsin bizə desin. Belə fakt təqdim olunarsa, onun açıq şəkildə müzakirəsinə hazırıq. Bir daha bəyan edirəm ki, seçki komissiyasının işində saxtakalarlığın şahidi olmamışam". (?-R.N.)
Maraqlıdır, məgər bu qədər etirazların olması fakt, sübut deyilmi? Yaxud, etirazçıların iddiaları ya sosial şəbəkələrdə, ya da Müsavat Partiyasının qərargahında müzakirəyə çıxarılsa nə isə dəyişəcəkmi? Əlbəttə ki, əsla!
Lakin bu da azmış kimi G.Aslanlı etirazçı müsavatçıları qıcıqlandıracaq açıqlama verərək deyib ki, guya GT-yə olan seçkilərdə seçki komissiyası üzvlərindən soruşulub və onların heç biri seçkidən narazılıq etməyib.
Seçici siyahılarına imza atan seçicilərin sayı ilə seçki qutusundan çıxan bulletenlərin sayı üst-üstə düşüb. Seçki komissiyasının üzvləri də bunun şahidi olub. Protokol da tərtib olunub, Seçki komissiyasının hər üzvü bu protokola imza atıb (?-R.N.)
Buyurun, bu da "demokatiya uğrunda mübarizə aparan" Müsavat Partiyasının "seçki texnologiyası". Belə çıxır ki, Müsavat Partiyası ölkədə keçirilən seçkilərə qarşı hər hansı sübutsuz iddialar irəli sürürlər, amma bunların seçkiləri o qədər "demokratik" olurmuş ki, həmin seçkiləri ittiham edənlər sosial şəbəkələrdə öz etirazlarını bildirə bilməzlərmiş. Çünki bu faktor Müsavat rəhbərliyinə sərf etmir.
P.S. Özəlliklə, İsa Qəmbərlə Tural Abbaslının R.Hacıbəylinin namizədliyini müdafiə etmələri, lakin onların namizədlərinin seçilməməsi Müsavat Partiyasında olan bir çox müəmmaları yaxın günlərdə açığa çıxaracaq. Ən azı bu məsələnin hesabı partiyanın ehtimal olunan qurultayında növbəti qarşıdurmalara qədər yüksələcək. Buna heç kimin şübhəsi olmasın.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB