Cənnətdən keçən “ağ ölüm” TƏHLİL

Bu, təkcə Azərbaycan üçün deyil, bütövlükdə region və dünya üçün təhlükədir

Əsrimizin bəlası, ağ ölüm, daha çox gəncləri "ağuşuna" alan narkomaniya dünyanı narahat edən əsas problemlərdəndir. Bu bəlanın qarşısının alınmasında cəmiyyətin hər bir təbəqəsi, vəzifəsindən asılı olmayaraq hər bir vətəndaşı fəallıq göstərməlidir. Azərbaycan hökuməti tərəfindən bununla bağlı daimi önləyici tədbirlər görülür. Lakin bu məsələdə Azərbaycan üçün ən narahatedici məqam ermənilər tərəfindən işğal olunmuş ərazilərimizdən, xüsusilə cənnət Qarabağdan narkotik maddələrin tranziti kimi istifadə edilməsidir. Eyni zamanda bu ərazilərdə narkomafiyanın əkin sahələri və laboratoriyaları vardır.

MTN-in növbəti uğurlu əməliyyatı

Son günlərdə Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan 12 nəfər ifşa edilib, onlardan ümumilikdə 40 kiloqram 500 qrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb.

Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzindən verilən məlumata görə, müəyyən edilib ki, qanunsuz dövriyyədən çıxarılmış həmin narkotik vasitələrin bir hissəsinin kultivasiyası, yəni əkilməsi, yetişdirilməsi və toplanılması Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində - Dağlıq Qarabağda təşkil edilib və sonradan həmin narkotik vasitələr İrana, oradan isə Azərbaycana gətirilib.

Azərbaycan hüquq-mühafizə orqanları ölkə daxilində narkotika satıcısı və istifadəçiləri ilə mübarizə aparsa da, həmin ərazilərdə bu istiqamətdə iş apara bilmir.

Bu isə öz növbəsində Azərbaycan haqqında çaşqınlıq yaradan həqiqətlərə yol açır.

Son 10 ildə aparılan müşahidələrə görə, Əfqanıstanda istehsal olunan narkotiklərin bazarı bilavasitə Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlətlər və Avropa ölkələridir. Narkomafiya çalışır ki, daha çox mənfəət əldə etsin. Bunun üçün də qeyri-qanuni fəaliyyətə əl atırlar. Belə olanda da daha çox nəzarətsiz ərazilər, münaqişə ocaqları seçilir ki, məhz oradan istifadə edərək daha az sərfiyyatla mənfəət əldə edilsin. Dağlıq Qarabağ da belə məkanlardan biridir.

İstər Azərbaycanın ali hakimiyyəti, istər də hüquq-mühafizə orqanları beynəlxalq tədbirlərdə bu kimi məsələlərə diqqəti çəksə də, təəssüf ki, bu günə qədər o qurumlar bunu ancaq məlumat kimi qəbul ediblər. Bu işlər də təkcə narkotik alverçilərinin varlanmasına xidmət etmir, eyni zamanda Avropada, MDB-də yaşayan insanların, xüsusilə gənclərin səhhətinə, dolayısilə dövlətçiliyə zərbə vurur.

Mini laboratoriyalarda hazırlanan virus

Milli Təhlükəsizlik Nazirliyinin apardığı təhlillər sübut edir ki, Əfqanıstanda istehsal olunan narkotiklər Dağlıq Qarabağ ərazisindən keçirilərək Ermənistan və Gürcüstan vasitəsilə Avropaya çıxarılır. Həmçinin bu ərazilərdə münbit torpaqlar olduğu üçün narkotik becərilir. Eyni zamanda məlumatlar səslənir ki, Əfqanıstanda və Dağlıq Qarabağda kultivasiya olunan narkotiklər çox kustar üsulla mini laboratoriyalarda tərkibi kimyəviləşdirilərək heroinə çevrilir və bazarlara çıxarılır. Həmin şəraitdə hazırlanan narkotiklər tərkibinə görə çox aşağı səviyyəli maddəyə çevrilir. Bu da narkotik istifadəçilərində bilavasitə viruslarla qarşılanır və çox asanlıqla insanı sağalmaz xəstəliklərə düçar edir.

Bu gün beynəlxalq hesabatlarda Azərbaycan ərazilərinin narkotiklərin qeyri-qanuni tranziti üçün istifadə olunması yer alıb. Beynəlxalq ictimaiyyətdə belə bir rəy formalaşır ki, Azərbaycan hökuməti buna qarşı mübarizə aparmır. Bunun da səbəb odur ki, həmin işğal olunmuş ərazilər Azərbaycanın subyektidir. Heç bir dünya dövləti qondarma "Dağlıq Qarabağ Respublikası"nı müstəqil dövlət kimi tanımayıb. Buna görə də bəzən də beynəlxalq hesabatlarda haqlı olaraq qeyd olunur ki, Azərbaycan ərazisindən keçirilir.

Hələ ABŞ Dövlət Departamenti 2005-ci ildə Azərbaycan hökumətinin məhz Dağlıq Qarabağda narkotiki maddələrin qeyri-qanuni tranziti və kultivasiyası ilə bağlı məlumat xarakterli narahatlığı ifadə olunmuşdu. Ondan sonra 2005-2006-cı illərdə bu məsələlərə çox böyük diqqət var idi. Hətta ABŞ Azərbaycan hökumətinin reaksiyasına dərhal cavab verərək Dağlıq Qarabağda monitorinqin aparılmasına qərar vermişdi. Təəssüf ki, sonrakı illərdə ABŞ Dövlət Departamentinin hesabatında bu məsələlərə yer ayrılmadı.

Ən təhlükəsiz marşrut

Azərbaycan Xüsusi Xidmət orqanlarının apardığı araşdırmalar, o cümlədən əməliyyat xəbərlərinə görə, narkotacirlərin bu gün istifadə etdikləri ən təhlükəsiz marşrut məhz Ermənistan ərazisindən keçir. Nəzərə alsaq ki, Ermənistan və separatçı Qarabağ rəhbərliyi narkotik ticarətinə birbaşa himayə edirlər, onda bu marşrutların həqiqət olma ehtimalı daha böyükdür. Azərbaycan rəsmi nümayəndələri də dəfələrlə Qarabağ ərazisini narkotik vasitələrin əsas tranzit məkanı olduğunu bildiriblər. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının sədri, baş nazirin müavini Əli Həsənov komissiyanın son iclaslarının birində deyib ki, BMT narkotik tranzitinin Dağlıq Qarabağ marşrutunu qəbul etmir. Halbuki Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisi narkotik tranziti, narkotiklərin becərilməsi, satılması, transmilli cinayət üçün nəzarətsiz ərazi kimi istifadə olunur".

Əli Həsənov qeyd edib ki, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması nəticəsində ölkənin 132 km-lik sərhədi nəzarət olunmayan əraziyə çevrilib və hazırda ölkə ərazisindən narkotiklərin daşınması üzrə 3 beynəlxalq marşrut keçir: "Bu marşrutlar Əfqanıstan-Pakistan-İran-Azərbaycan, Əfqanıstan-İran-Azərbaycan, Əfqanıstan-Orta Asiya-Azərbaycandır. Lakin beynəlxalq marşruta daxil edilməyən daha bir marşrut var ki, bu da Əfqanıstan-İran-Dağlıq Qarabağdır. Bu marşrut BMT-nin hesabatlarına daxil edilmir. Biz bununla bağlı beynəlxalq qurumlara rəsmi müraciət də göndərmişik".

ABŞ diplomatlarının etirafı

Təbii ki, Azərbaycan rəsmisinin bu fikirləri göydəndüşmə deyil və kifayət qədər faktlara söykənir. Bu faktları Azərbaycan hüquq-mühafizə orqanları dəfələrlə beynəlxalq qurumların diqqətinə çatdırıblar. Hətta məlum WikiLeaks olaylarında amerikalı diplomatların Vaşinqtona göndərdiyi məlumatlarda Azərbaycan tərəfinin haqlı olduğunu sübut edib. Bildirilib ki, Azərbaycan tranzit yolların üzərində yerləşdiyindən beynəlxalq narkotik şəbəkəsi bu məkandan geniş şəkildə istifadə edir. Vurğulanıb ki, hazırda İrandan Avropaya daşınan narkotik maddələrin böyük bir qismi Ermənistan və onun işğal etdiyi Dağlıq Qarabağın ərazisindən keçirilir.

Ermənistanda nəşr olunan "Joxovurd" qəzeti yazır ki, İranla sərhəddə yerləşən Sünik vilayətinin qubernatoru, prezidentin yaxın adamlarından sayılan Suren Xaçatryan da narkotik alverçisidir. Qəzetin məlumatına görə, Suren narkotik alveri ilə əsasən Rusiyada məşğul olub. Elə bu səbəbdən də Rusiyada onun barəsində cinayət işi qaldırılıb.

Digər tərəfdən, ermənilər İrandan da külli miqdarda narkotik daşıyırlar. Bu məqsədlə İranın iş adamları ilə qurulan əlaqələr narkotika ticarətinin dövriyyəsini artırıb.

Ermənistanın işğalı altında olan və beynəlxalq səviyyədə "nəzarətsiz zona" hesab olunan Qarabağ ərazisi narkotrafik və narkotik bitkilərin becərilməsi və hazırlanması baxımından "münbit" ərazidir. Bu ərazidən narkotik tranzitinin, eləcə də bitkilərinin becərilməsi faktlarının artması təkcə Azərbaycan üçün deyil, bütövlükdə region və dünya üçün təhlükəyə çevrilir.

Maraqlı faktdır ki, hətta Malayziyanın daxili işlər naziri də ölkəsinə gətirilən narkotik maddələrin Ermənistandan keçdiyini bəyan edib. İrandan narkotik vasitələr hava yolu ilə Dubay-Ermənistan-Kişi-Doxu-Kolombo marşrutu ilə Malayziyaya gətirildiyini deyib. Daxili işlər naziri Abu Seman Yusif Malayziyada qısa müddət ərzində narkobizneslə məşğul olan İran vətəndaşlarının sayının durmadan artdığını söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə