5 saata yaxın birbaşa efirlə xalqla canlı ünsiyyət quran Putin ölkəsində vətəndaş-prezident ünsiyyətini və demokratiyanı növbəti dəfə nümayiş etdirməyə çalışdı. Etiraf etmək lazımdır ki, rus liderinin çevrəsində güclü siyasi texnoloqlar formalaşıb və ona gərək olan platformanı açıqlamaq üçün "döyüş" meydanını hazırlamağı bacarırlar. Bu baxımdan yayım həqiqətən də canlı idi. Ən azı bir ayın siyasi gündəmini tutacaq ideya-fikir-replika və suallarla yaradıcı manevrlər təşkil edən Şah öz rəiyyətilə polemikanı idarəçiliyinin mühüm bir instrumentinə çevirməklə hər şeydən məlumatlı fövqəladə güc sahibi olduğunu nümayiş etdirir. Hökmdarlıq da elə budur.
O, televiziyanın beyinlərə nüfuzetmə gücündən maksimum faydalanmaq üzrə mahir oyunçudur. İctimai əhval-ruhiyyəni məşğul edən əsas mövzuların və iqlim dəyişdirici silahaların yerini çox gözəl bilir. Bu mənada vətəndaşlarla dialoqun üzərində çalışan rejissorların işinə qibtə etməyə dəyər. Onlar Rusiyanı özü boyda nəhəng teatra çevirmişdilər.
Putin dəhlizlərdə dolaşan hökumətin istefaya göndəriləcəyi məsələsinə aydınlıq gətirdi. Hər şey aydındır, Medvedev hələ işləyəcək. Hər halda Putinin 3-cü qayıdışı proyektində uğurla və sədaqətlə xidmət sərgiləyən bir adamı sırf vəfa borcu səbəbindən istefaya göndərmək məqsədəuyğun olmazdı. Çünki bu komanda üzvləri arasında monolitliyə və canı-dildən xidmətə zərbə vurardı. Lakin iqtisadi-sosial siqnallar vadar edir ki, çevik proqramlar qəbul olunsun və hazırki kurs dəyişdirilsin. Əks təqdirdə bütün xalq qəzəbinin ünvanı özü olacaq. Elə isə nədən Kudrini efirə çıxarmasın və bir daha onu xalq nəzərində "üzərinə məsuliyyət götürməyə qorxan" birisi kimi təqdim etməsin. Keçmiş maliyyə naziri neftdən asılılığın azaldılması üçün ənənəvi baxışlarını söyləməyə çalışsa da, onu " saçok" adlandıraraq yenidən böyük təyinata hazırladığının anonsunu vermiş oldu.
.
Məsələ aydındır. Hakimiyyət çevrəsində intriqalar dərinləşəcək. Kudrinin gələcək komandasında yer almaq istəyənlərin hamısı Medvedevin bütün hərəkətlərini ona ötürəcək, bir sıra hallarda hökumətin işini sabotaj edəcəklər. Bax idarəetmənin amansızlığı da bundadır.
Yenə də rejissorların işinə qayıdaq. Onlar 85 yaşlı kommunaçı Aleftina Vasilyevnaya və 90 yaşlı veteran döyüşçüyə ictimai dərdləri Rəhbərə çatdırmaları üçün şərait yaratmaqla həssas təbəqələrin özlərini atılmış və unudulmuş hiss etmələrinə mane olmağa çalışırlar. Sən demə mənzil-kommunal təsərrüfatı sistemindəki cinayətlərə və Böyük Vətən Müharibəsi qəhrəmanlarının şərəfinə qoyulmuş abidələri dağıdanlara cəzanı Prezident özü veməlidir.Bu yerdə cavabı təxmin etmək o qədər də çətin deyil; Çayka ümumRusiyanın Anası Aleftinanı qəbul edəcək. Tədbir başa çatan kimi bütün kameraların və əleydarların gözü qarşısında Baş Prokuror şikayətçini ayaq üstə kabinetində gözləyirdi.
Putin Çubaysa niyə "oğru" demədiyini, lakin onun çevrəsində məsləhət verənlərin Mərkəzi Kəşfiyyat İdarəsinin emissarları olduğunu, Berezovskinin əfvdiləyici və səhvlərini etiraf etdiyi məktublarına münasibətini və Benediktovun onun hakimiyyət stlini Stalinlə eyniləşdirməsini necə peşəkarlıqla cavablandırmasını izləyənlər yaxşı bilir. O, sualları "doğma" müstəviyə gətirməyi və uğurlu parallelər aparmağı yaxşı bacarır."Axı mən Stalin kimi qəddar deyiləm,üstəlik bizdə şəxsiyyətə pərəstiş və həbs düşərgələri yoxdur, lakin ölkədə nizam - intizam da yaradılmalıdır". Yaxud, Amerika niyə 1938-ci ildə qanun qəbul edib və yad qeyri-hökumət təşkilatlarına nəzarət etməyi qərarlaşdırıb? İndi ki, faşızm təhlükəsi yoxdur!" Doğrudan da çarpaz sullardır.
Daha bir nümunə: Bostondakı teraktı Rusiya əleyhinə çevirməyə çalışan ABŞ siyasətçilərini "axmaq" adlandıran Putin Stalin deportasiyasına məruz qalan çeçenlərin milli azadlıq mübarizəsini terror vasitəsilə aparmasını yolverilməz sayaraq sovet dövrünün repressiyalarından ən çox rusların ziyan çəkdiyini dilə gətirdi. Əslində bu fikirdə həqiqət payı var. Lakin o da bəllidir ki, Putin çeçen xalq hərəkatını boğmaq üçün ən amansız və qəddar üsullardan istifadə edib və Qərb bunu ona bağışlamaq fikrində deyil.
Amma Putinin ən hazırlıqsız şəkildə yaxalandığı sual onun silahdaşı tərəfindən verildi. Ruslar məktəblərə hicabla gələn müsəlman qızlarının libasını başqalarının vicdan azadlığına və təhsil haqlarına zərbə sayırlar. Bu Rusiyanın sivil dövlət quruluşuna əngəl hesab olunur.
Rus prezident əvvəlcə müxtəlif İslam ölkələrindəki "hicab qadağısı"nı xatırladaraq sonra Fransa təcrübəsinə istinad etməyə başladı və sonda "hicabı nümayiş etdirməyi milli təhlükə" kimi səciyyələndirərək komandasında bununla əlaqədar yaxın zamanda atılacaq addımlardan bəhs etdi. Bu kifayət qədər təhlükəli mövqe sayılmalıdır. Bir tərəfdən ona görə ki, miqrasiya nəticəsində Avropada xüsusi çəkisi artan müsəlmanlarla Rusiyada min illərlə yaşayan və əsasən türk mənşəli İslam etiqadlılarını eyniləşdirmək olmaz. Digər tərəfədən, çox həssas bir məsələdə və dini kövrək mühitə malik bir dövlətdə belə sərt qadağalar ciddi toqquşmalara yol açacaqdır. Şimali Qafqazdakı qeyri-sabitliyin artacağı və dini mücahidlərin "müqəddəs məqsəd" naminə yeni qanlı savaşları bərpa edəcəyi gün kimi aydındır. Putin bununla ən azı Kadırovun bayrağını əlindən aldı və onu din müdafiəçiləri ilə döyüşə atmış oldu.
Putinin ikinci rezonans doğuran bəyanatı məşhur polemikaçı Proxanovun fikrinə dəstək olarkən baş verdi. Rusiyada əhalinin təbəqələşmədən və sosial statuslar arasındakı ziddiyətlərdən əziyyət çəkdiyini, həyat yoldaşlarını ləl-cəvahirətlərə qərq edən və qızıl saraylar tikən milyorderləri hədəfə gətirən məhşur solçu baxışların müəllifinə cavab verildi ki, qiymətli maşın və bahalı mülklər üzərinə yüksək vergilər tətbiq ediləcəkdir. Bu Avropada sınaqdan çıxan bir modeldir. Lakin təzəcə Fransadan ona pənah gətirən Depardyeyə vətəndaşlıq verməyə hazırlaşan bu adam Avropadakı varlıları ölkəsinə çağırdığı bir vaxtda gizlədə bilmədi ki, kasıbların hiddətindən qorxur və müəyyən tədbirlərə məhkumdur.Ancaq mürəkkəblik də ondadır ki, oliqarxiyanın əsas kütləsi onun hakimiyyət sisteminə yaxın olan adamlardır. Burjuaziya dövlətin içindədir və onlarla savaş özü ilə döyüşə bərabərdir.Bir də ki, onların hamısı onsuz da qeyri-rəsmi ödənişləri vaxtında çatdırılar. Elə bu günlərdə məşhur milyorder Roman Abromoviç dedi ki, O, vaxtında başa düşüb ki,"nado platit"!
Kifayət qədər maraqlı keçən şounun sonunu klassik rus mujiklərinə xas bir dillə yekunlaşdıran Putin "nə vaxt yaxşı olacaq?" sualına alkoqol dünyasının şüarı ilə nida işarəsi qoydu: "dünyanın bütün arağını içib qurtara bilməzsiniz!".
Yəni ki, xoş həyatın son həddi yoxdur. Lakin kim müəyyən edib ki, içən rus alkoqolu hansı gününün əlaməti hesab edir: ağ, yoxsa qara!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB