Ermənilərin xəyala çevrilən arzuları

Ac insanlar ümidlərini ac liderə bağlayıb

Ermənistanda prezident seçkilərindən sonra seçicilərin 37 faiz səsini toplayıb mübarizəni ikinciliklə, daha dəqiq desək məğlub tamamlayan Raffi Ovanesyan seçki nəticələrinin açıqlanmasından dərhal sonra, ən çox özünün səs qazandığını və seçkilərdə saxtakarlığın olduğunu, hazırkı prezident Serj Sarkisyana seçkilərin təkrarlanması ilə bağlı çağırış edib.

Kədərli deyiləm, haqlıyam

Ermənistanın ilk xarici işlər naziri olmuş Ovanesyan hələ seçkidən öncə bu qədər çox səs toplayacağını özü belə təxmin etmirdi. Bir çoxları bunun əsas səbəbini Sarkisyan əleyhdarlarının sayının artması ilə bağlayırlar. Yəni Ovanasiyana tərəfdarlarından çox, Sarkisyanın əleyhdarları səs qazandırıb. Ovanesyan seçkinin nəticələrindən dərhal sonra meydanlarda "xalq tərəfindən seçilən" prezident olaraq mitinqlərə başladı.

Fevralın 21-də Raffi Ovanesyan onu yalnız buraxmayan kütlənin müşayiəti altında Sarkisyanla görüşə getdi. Təxminən yarım saat davam edən görüşün ilk 5 dəqiqəsi canlı olaraq internetdə yayımlandıqdan sonra kəsildi. Görüşün ilk dəqiqələrində Sarkisyanın "Əhvalın xarab görünür, kədərlisənmi?" sualına Ovanesyanın "Kədərli deyiləm, haqlıyam" deməsi xalqın bir qisminə bu masadan Ovanesyanın müvəffəqiyyətlə qalxacağı ümidi versə də, "Bir nazirlik təklif edərlər, bu iş burada bağlanar" deyənlərin sayı da az deyildi. Görüşmə başa çatdığında Ovanesyanın əhvalı bu dəfə həqiqətən pozulmuşdu, onu qapı qarşısında gözləyən xalqa "İndi evlərinizə gedin, sabah təkrar toplanacağıq" deməsi, yetkinləşən "inqilab və zəfər" təzyiqini bir anda sıfıra endirdi.

"Gözəl bir həyat" artıq xəyaldır

O gündən etibarən onlarla mitinq təşkil edən Ovanesyan , son olaraq 9 mart günü aclıq aksiyasına başlayacağını və seçkilər təkrar edilməyənə qədər aclığı davam etdirəcəyi qərarını aldı.

Ermənistanda hər şey hələ ki, sakit şəkildə seyr edərkən xalqın da ağılından fərqli ssenarilər keçir, əslində dərhal hər kəs ölkədəki ağır vəziyyətin aradan qaldırılmasını istəyir, "gözəl bir həyat"ın xəyalı ilə yaşayırlar. Buna görə bir qisim hələ Ovanesyanla birlikdə meydanlarda yatıb qalxır, bir qisim insanın fikrincə isə, Ovanesyanın seçkilərin təkrar keçirilməsini təmin edəcək nə bir proqramı nə də gücü var. Qısacası dediyi şeylər təqdirəlayiq olsa da həqiqi heç bir yanı yoxdur.

Ac adamla görüşməyin mənası yoxdur

Ən passiv müqavimətlərdən biri olan aclıq aksiyasını son çarə olaraq görən Ovanesyanın ilk və əslində yeganə çağırışı, aclıq etdiyi Azadlıq Meydanında Sarkisyan ilə görüşmək olub. Son olaraq jurnalistlərə açıqlamasında Sarkisyanın "9 gündür ac qalan adamla gedib nə danışacağam…" söyləməsi hələ də gündəmdədir. Sarkisyanın Ovanesyanı ciddi qəbul etməyən rəftarı düşünüldüyündə aclıq aksiyası ilə bir məqsədə çatmağın mümkünlüyü görünməsə də, insanlar Raffi Ovanisyanın rəhbərliyində aprelin 9-da keçiriləcək mitinqdə nələrin olacağını səbirsizliklə gözləyirlər.

"İrs" partiyasının lideri Raffi Ovanisyan isə Eçmiədzin şəhərində çıxışı zamanı bəyan edib ki, aprelin 9-u saat 11-dən yeni Ermənistanın elan olunmasına start veriləcək: "Bu mənim təşəbbüsüm deyil, bu – sizin yekdilliklə 18 fevralda dəstək verdiyiniz vətənimizin gələcəyidir. O zaman biz hamımız qərar verdik: heç kim və heç vaxt bundan sonra bizim iradəmizi əlimizdən ala bilməz".

"Yeni Ermənistanda hər bir şəxs öz yerində olacaq və öz işi ilə məşğul olacaq. Hakimiyyət ona buna, yerli ya da partiyalılara bölünməyəcək. Polis öz xalqının iradəsini ayaq altına qoymayacaq, ona xidmət edəcək, rahatlığını qoruyacaq", - deyə Ovanisyan bəyan edib. O əlavə edib ki, hakimiyyət dəyişikliyi bir damla qansız baş tutacaq: "Biz hər cür zorakılığa qarşı çıxırıq. Biz çox adam itirmişik, bundan sonra bir damla belə qan itirməməliyik. Heç vaxt! Biz təbəssüm və salamlarla gələcəyik. Biz hər yerdəyik. Meydanlarda, universitetlərdə, küçələrdə, şəhərlərdə və kəndlərdə. Hər yerdə, hətta bir erməni belə olan yerdə".

Vətəndaşların yarısı ölkədən köçməyə hazırdır

Sarkisyana nifrət edən, Ovanisyandan ümidlərini üzən ermənilərin isə xaricə axını gün keçdikcə daha da sürətlənir.

"Gallup" tədqiqat təşkilatın MDB məkanında 2010-2012-ci illər arasında 15 yaşdan yuxarı respondentlər arasında keçirdiyi sorğunun nəticələrində məlum olub ki, Ermənistan vətəndaşlarını 40 faizi başqa ölkəyə köçməyə hazırdır.

Respondentlərin 52 faizi başqa ölkəyə köçməyin əsas səbəbi kimi öz həyat səviyyəsini qaldırmaq istəyini göstərib, 13 faizi uşaqların qayğısız gələcəyi naminə, 10 faizi isə daha yaxşı və gəlirli iş tapmaq üçün başqa ölkəyə köçmək istəyir.

Ermənistanı isə prezident Serj Sarkisyan, onun ailəsi, qohumları, sadiq adamları və iqtidarın yuxarı eşelonlarındakı şəxslər idarə edir, ölkənin resurslarının tam əksəriyyətinə bu şəxslər nəzarət edir.

Sadə xalq faktiki olaraq bu insanlar üçün çalışır və yaşayır.
İstismar olunan, adi insani hisslərdən və sevincdən məhrum ermənilər tək çıxış yolunu ölkədən qaçmaqda görür.

Bütün xəbərlər Facebook səhifəmizdə