2010-cu ilin may ayında beynəlxalq sularda 9 Türkiyə vətəndaşının İsrail əsgərləri tərəfindən qətlə yetirilməsi ilə gərginləşən Türkiyə-İsrail münasibətlərində bu günlərdə yumşalma müşahidə edilir.
Milli maraqlar və geosiyasi qayğılar
Bu yumşalmanın ən əhəmiyyətli işarəsi İsrailin bu hadisə ilə bağlı üzr istəməsidir. Üç günlük İsrail səfərinin sonunda Obamanın təkidi ilə səslənən üzrxahlıqla, ABŞ Orta Şərqdə iki əhəmiyyətli müttəfiqi arasında davam edən böhrana da bir həll yolu tapmış oldu. İsrailin üzr istəməsini türk diplomatiyasının müvəffəqiyyəti və dayanıqlılığının nəticəsi kimi dəyərləndirənlər də oldu. Eyni zamanda Netanyahu hökuməti ilə ulduzlarının barışmamasına baxmayaraq, Obamanın bu üzrdəki qatqısı yenə ABŞ-ın gücünün zəiflədiyini və ya yox olmaq üzrə olmadığını göstərməsi baxımından vurğulanması əhəmiyyətli bir məqamdır. Bəs bunlardan başqa İsrailin üzr istəməsinin arxasındakı digər səbəblər hansılardır?
Hər şeydən öncə qeyd etmək lazımdır ki, rəsmi üzr istəməsi İsrailin özünü suçlu hiss etməsi anlamına gəlmir. Heç şübhəsiz ki, İsrailin bu davranışında milli maraqlar və geosiyasi qayğılar ön plandadır.
Ümumiyyətlə, Yaxın Şərq regionunda son günlər önəmli hadisələr baş verir. Bu hadisələrin birbaşa təsiri İsraili üzr istəmək həddinə çatdırıb. Əvvəla İsraili əhatə edən müsəlman ölkələri onu təkləyib. Digər tərəfdən "Ərəb baharı", eyni zamanda Fələstində gedən proseslər və İsraillə Livan arasındakı münasibətlərin gərginləşməsi də İsraili qorxudur. Əgər belə qorxular olmasaydı İsrail birmənalı şəkildə heç vaxt bu addımı atmazdı.
Obamanın rolu istisna edilmir, amma...
Yuxarıda qeyd etdiyimiz kimi Obamanın da bu məsələdə rolu istisna edilmir. Politoloqlar üzrlə bağlı əsas rolu Obamanın oynadığını deyirlər və bunu ABŞ prezidentinin uğuru adlandırırlar. Obama İsrailə başa salıb ki, Fələstin problemi dünyada ABŞ və İsrail əleyhinə bütün radikal qüvvələri birləşdirən səbəbdir. Bu problemi öz həllini taparsa, İsraillə sülh şəraitində yaşayan Fələstin dövləti yaradılarsa, onda bu qüvvələrin birləşməyə səbəbi olmayacaq. İran özünü Fələstin probleminin ən böyük dəstəkçisi kimi təqdim edir. İranın əlindən bu ideoloji silah da alınacaq.
İsrailin üzr istəməsini və digər şərtləri yerinə yetirməsini ABŞ-ın uğuru kimi qiymətləndirməyin yanlış olduğunu deyən Türkiyə XİN-in rəhbəri Əhməd Davudoğlu isə bildirib ki, əgər Türkiyə ABŞ-a təzyiq göstərməsəydi, rəsmi Təl-Əviv Ankaradan üzr istəməyəcəkdi. Onun sözlərinə görə, İsrailin Türkiyənin şərtlərini yerinə yetirməsi, ilk növbədə türk diplomatlarının qələbəsidir.
Siyasi ekspert Elçin Mirzəbəylinin sözlərinə görə, ABŞ-ın hər hansı bir addımı və razılığı olmadan İsrail dövlətinin Türkiyədən üzr istəməsi mümkünsüz idi. İsrail birmənalı şəkildə bütün addımlarını ABŞ-la razılaşdırılmış şəkildə atır.
Onun sözlərinə görə, bundan əvvəl "Mavi Mərmərə" gəmisi ilə əlaqədar baş vermiş hadisələr necə ki, Türkiyənin AKP (Ədalət və İnkişaf Partiyası) iqtidarının mövqelərini İslam və ərəb dünyasında gücləndirməyə xidmət edirdisə, indiki addım da Türkiyədəki PKK açılımı ilə bağlı olan məsələyə dəstək vermək xarakteri daşıyır. İndiki şəraitdə Ərdoğan hökumətinin reytinqi xeyli aşağı düşüb.
Əsas qazanan tərəf
Əslində İsraillə Türkiyənin barışması ABŞ-la yanaşı hər iki ölkənin də mənafeyinə uyğundur. Burda ABŞ-ın, eləcə də İsrailin böyük marağı var. İsrail böyük qaz yataqları kəşf edib, Türkiyəyə böyük miqdarda qaz sata bilər. Bununla da İsraillə Azərbaycan Türkiyəni Rusiyanın qaz asılılığından çıxarar. Belə olan təqdirdə Türkiyə NATO-nun və Qərbin maraqlarını həyata keçirməyə daha geniş imkanlara malik olacaq.
Politoloqlar düşünür ki, münasibətlərin normallaşmasının Türkiyəyə də təsiri olacaq. Amma əsas qazanan tərəf İsraildir. Türkiyə ilə əlaqələrin bərpası İsraili gücləndirir. İsrailə qarşı regionda özünü rəqib kimi aparan ölkə İrandır. Türkiyə-İsrail əlaqələrinin güclənməsi İranı zəiflədir. Gələcəkdə İranla qarşıdurma olsa, o, daha da zəifləyəcək. İran maraqlı idi ki, Türkiyə-İsrail münasibətləri pis olsun.
Münaqişənin həllində bu dövlətin marağı yoxdur
Böyük gücə malik İsrailin ABŞ prezidenti Barak Obamanın təzyiqi qarşısında Türkiyə ilə barışığa gəlməsi "İllərdir davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ABŞ son qoya bilərmi" sualını gündəmə gətirir.
Məsələyə münasibət bildirən E.Mirzəbəyli deyir ki, baxmayaraq artıq dünyanın düzəni dəyişib, kifayət qədər zaman keçib çox təəssüf ki, İkinci Dünya müharibəsinin nəticələri hələ də dünyanın idarə olunmasında özünü göstərir: "Hesab edirəm ki, bu reallıqlar dəyişməyəcəyi təqdirdə və yaxud BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan dövlətlərin mövqeyində Ermənistana münasibətdə heç bir addım atılmasa bu prosesdən hər hansı irəliləyiş gözləmək olmaz. Yəni istər ABŞ, istər Rusiya istərsə də digər dövlətlər Dağlıq Qarabağ münaqişəsində status-kvonun dəyişməsində maraqlı deyil. İndiki şəraitdə bu açıq-aşkar görünür. Çünki diqqət artıq fərqli istiqamətlərə yönəlib. Belə ki, Cənubi Qafqaz hazırda dünyanın gündəmində prioritet məsələ deyil. Digər tərəfdən isə Rusiya BMT TŞ-nın üzvü həm də Ermənistanın müttəfiqi kimi regionda nəzarəti qoruyub saxlamaq üçün Dağlıq Qarabağ, eləcə də digər münaqişələrin mövcudluğunda maraqlıdır. İndiki şəraitdə ABŞ-ın da bu münaqişənin ədalətli həllində marağı belə yoxdur. Bununla belə Avropa Birliyinin də mövqeyi açıq şəkildə ortadadır. Belə olan təqdirdə Azərbaycan öz mövqelərini daha da gücləndirməli və mövcud olan bu reallıqların dəyişdirilməsi üçün həm diplomatik həm də hərbi istiqamətdə konkret addımlar atmalıdır".
Ermənistanın istəyi nəzərə alınmır
Əlbəttə ki, Türkiyə-İsrail münasibətlərini Azərbaycan-Ermənistan münaqişəsi ilə eyniləşdirmək olmaz. İstər region, istər mövzu baxımından bunlar fərqli problemlərdir. İsrail ABŞ-ın bölgədə vuran əli olmaqla yanaşı, həmçinin əsas dayağıdır. Bundan başqa ABŞ-ın İsrailə təsir imkanları kifayət qədərdir. Orta Şərqdən fərqli olaraq Ermənistan isə Rusiyanın təsiri, idarəçiliyi altındadır. Gürcüstandakı son olaylar da göstərir ki, ABŞ-ın nəinki Ermənistana, hətta Gürcüstana təsir imkanları xeyli zəifləyib. Dağlıq Qarabağ probleminin də Rusiya tərəfindən süni yaradıldığını nəzərə alsaq, Ermənistan istəsə belə, münaqişəni rəsmi Moskvanın razılığı olmadan həll edə və Azərbaycanla sülh danışıqlarına gedə bilməz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB