Zahid ORUC, millət vəkili

Baltikyanı ölkələri öz bətnində əritmək Sovetlər Birliyinə nəsib olmadı. Müttəfiq respublikalar içərisində xüsusi yer tutan Latviya, Litva və Estoniya hər zaman bolşevizmin və kommunist ideologiyasının dağıdıcı təsirindən özünü qorumağa çalışdı. Dünyaya ağalıq edən imperiyanın bu 3 subyekti sanki başqa qalaktikaya çevrilərək öz milli-mədəni dəyərlərini və tarixini assimilyasiyadan qorudu, xalqın mənəvi müqavimət gücünü hifz edə bildi.

Budur, müstəqilliyini əldə etmiş Litvada artıq bir ildir ki, Sosialist Xalq Partiyasının liderini "sovet işğalını inkar etdiyinə görə" mühakiməyə cəlb ediblər və prezident ona qarşı sərt addımlar atıb. Alqirdas Paletskis nəinki ötən əsrin 40-cı illərindəki sovet ekspansiyasını, eləcə də 90-cı illərin əvvəlində Qorbaçovun əmri ilə Litvaya yeridilən qoşunların həyata keçirdiyi vandalizmi başqa adla təqdim edərək o vaxtkı toquşmaları və televiziya qülləsinin ələ keçirilməsini daxili qarşıdurma hesab etmişdir.

Məlumdur ki, "Alfa" qrupunun desantçıları 13 nəfər litvalını qətlə yetirməkdə və xalq hərəkatını boğmaqda suçlandırılır. "Sol" partiyanın rəhbəri isə iddia edir ki, oradakı itkilərə səbəb stansiyanın çevrəsində "Sayudis"in snayperlərinin yerləşdirilməsi və onlardan konflikt zamanı isifadə olunmasıdır. Bu isə aşkar şəkildə rəsmi versiyanı təkzib emək deməkdir. Belə ki, Litvada 13 yanvar 1991-ci ildə qəbul olunmuş 170 saylı "inkar"qanununa görə sovet işğalını tanınamaq hüquqi məsuliyyətə səbəb olur. Məhz buna görə də ölkə rəhbəri mühakimə edilən solçu liderin "Cəngavər Xaç" ordeninin geri alınması haqda qərar çıxarmışdır.

20 yanvar ssenarisinin başqa bir həlqəsi və sovetlərin dağılmasının daha bir qanlı izini litvalılar öz tarixlərində belə cəza ilə qeyd edirlər. Nümunəvi addımdır. Belə hüquqi aktı Avropanın siyasi qurumları insan azadlıqlarının və fikir plüralizminin əleyhinə hesab etmirlər. Çünki kommunistlərin adı ilə bağlı nə varsa Qərbə vəhşət və iblis kimi görünür. Onlar da bunun acısını soyuq müharibə illərində öz dərilərində yaşayıblar.

Litva azadlığını nəinki gələcəkdən, həm də keçmişdən qoruyur!

Bütün xəbərlər Facebook səhifəmizdə