Ermənistanda seçkisonrası əməlli-başlı böhran yaşanır. Xalq Sarkisyanın "qələbəsinə" etirazı küçələrə axışaraq, meydanlarda toplaşaraq dilə gətirir. Hər nə qədər kütlə israrla seçkilərdə böyük saxtakarlıqların olduğunu iddia etsə də bu, Sarkisyanı qətiyyən narahat etmir. Amma erməni xalqı ilə onun arasındakı getdikcə dərinləşən uçurum Serj üçün yaxşı heç nə vəd etmir. Əslində sadə erməninin dəstəyinə Sarkisyanın ehtiyacı yoxdur, çünki xalq bu ölkədə söz sahibi deyil. Hələ seçkilərin nəticələri tam yekunlaşmamış Kremldən gələn təbrik məktubu ölkənin, xalqın və onun taleyini həll etmişdi. Çünki bu, rəsmi Moskvanın Ermənistanda keçirilmiş saxta seçkilərə, səsvermə prosesindəki qanun pozuntularına göz yumması və Sarkisyan iqtidarını yenidən tanıması demək idi. Daha sonra Türkiyə prezidentinin təbriki Sarkisyanı daha da nəşələndirdi.
Rusiya və Türkiyədən fərqli olaraq Sarkisyanı ABŞ prezidenti yox, yeni dövlət katibi Con Kerri təbrik edib. Təbrikdə bir eyham da var idi: "Ermənistanda keçirilmiş prezident seçkiləri müsbət dəyərləndirilir, ancaq həll ediləsi çox problemlər var". Yəni rəsmi Vaşinqton Sarkisyanın diqqətinə çatdırır ki, onun yenidən hakimiyyətdə qalmasına qarşı olmasa da, Ermənistan prezidentini tam legitim, demokratik və azad seçkilər nəticəsində postunda qalmış adam hesab etmir.
Siz saxta prezidenti təbrik edirsiniz
Ermənistanda seçki saxtakarlığına qarşı etirazlar eyni zamanda saxtakarlığa dəstək verən xarici ölkələrə qarşı da yönəlib. Ermənistan xəbər saytlarının məlumatına görə, onlarla ictimai fəal ötən gün Rusiya, Fransa və İtaliyanın İrəvandakı səfirliklərinin binası qarşısında piket keçirib. Məhz bu ölkələrin rəhbərləri Serj Sarkisyanı prezident seçilməsi münasibətilə təbrik ediblər.
Piketçilər S. Sarkisyanı legitimləşdirmək cəhdlərinə son qoymağı tələb ediblər. Fəallar ingilis və fransız dilində "Siz saxta prezidenti təbrik edirsiniz" yazılmış plakat qaldırıblar. Gənc fallardan biri isə "Sarkisyanı sizə hədiyyə edirik" sözləri yazılmış plakatla birlikdə Fransa səfirliyinin hasarını aşa bilib. Lakin polislər onu yaxalayaraq bayıra çıxarıblar.
Piketçilər ABŞ və Polşa səfirlikləri qarşısında da aksiya keçirəcəklərini deyiblər.
Ermənistanın Gümrü şəhərinin dövlət və özəl ali məktəblərinin tələbələri fevralın 28-dən etibarən prezident seçkilərinin saxtalaşdırılmasına etiraz edərək tətilə başlayıblar. Ermənistanın kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, tələbələrin bir qrupu Rusiya konsulluğunun binasına doğru yürüş ediblər. Onlar Rusiyanın Ermənistanda prezident seçkilərini tanıdığına görə, konsula etiraz məktubu təqdim edəcək.
Biz ya susuruq, ya da mühacirət edirik
"İrs" partiyasının lideri, prezidentliyə sabiq namizəd Raffi Ovannisyan Ermənistan İnzibati Məhkəməsində MSK əleyhinə iddia qaldırıb. "Novosti-Armeniya"yanın xəbərinə görə, iddiada Raffi Ovannisyan Serj Sarkisyanla bağlı tələbinin MSK tərəfindən rədd edilməsi qərarını qanunsuz hesab olunmasını istəyir.
Bundan başqa Ovannisyanın tərəfdarları Yerevanın Azadlıq meydanında mitinqə başlayıb. Mitinqi partiya sədrinin müavini Armen Martirosyan aparır. O, çıxışında bildirib ki, ölkənin regionlarında keçirilən mitinqlər bir nəticəyə gəlməyə vadar edir: "Biz artıq başqa Ermənistanda yaşayırıq".
Mitinqdə mübarizənin seçkilərin gerçək hüquqi nəticələri təsdiqlənənə kimi davam edəcəyi barədə şüarlar səsləndirilib. "İrs" partiyasının Gənclər Təşkilatının üzvləri mitinqdə müdafiə naziri Seyran Ohanyana müraciət ediblər. Müraciətdə Serj Sərkisyanın hansısa məqamda ordu birləşmələrinə xalqa qarşı güc tətbiq etmək əmri verəcəyi ehtimalının yüksək olduğu bildirilir və müdafiə naziri bu əmrə tabe olmamağa çağırılır.
Mitinqdə mübarizənin seçkilərin gerçək hüquqi nəticələri təsdiqlənənə kimi davam edəcəyi barədə şüarlar səsləndirilib. Erməni müğənni Ruben Axverdiyan çıxış edərək deyib ki, Sarkisyan artıq hakimiyyətdə qalmamalıdır. O qeyd edib ki, vaxtilə Azərbaycanda komsomol katibi olan Sarkisyan bu gün də ölkəni eyni təfəkkürlə idarə edir. O, xalqı prezidentin ətrafındakılara diqqət etməyə çağırıb və bildirib ki, Sarkisyan özünü yaltaqlarla dövrələyib: "Siz onu əhatəsindəki məmurlara baxın. Təhsil və mədəniyyət nazirlərinə fikir verin. Onlar siyasətçi deyillər. Sarkisyanın ətrafı yalançılardan ibarətdir. Azərbaycanın vilayətindən gələn adam Ermənistanı idarə etməməlidir".
"DQR parlamenti"nin üzvü Vaan Badasyan isə bildirib ki, müharibədən 20 il ötüb, ancaq ermənilər hələ də məğlub kimi yaşayırlar. "Biz ya susuruq, ya da mühacirət edirik", deyən Badasyan "Artsax" hakimiyyətinin Yerevanın əlavəsi olduğunu və legitim olmadığını qeyd edib.
Vəziyyət işğalçı dövlət üçün arzuolunan deyil
Sarkisyan iqtidarı erməni xalqı tərəfindən küncə sıxışdırılıb. Ermənistan özü isə iqtisadi cəhətdən demək olar ki, təcrid olunub. Ölkədə hər hansı bir inkişafdan söhbət gedə bilməz. Ermənilər yoxsulluq ucbatından yurdlarını tərk edir, bütün bunlar isə münaqişənin uzunmüddətli müstəviyə keçməsinin Ermənistan üçün yaxşı heç nə vəd etmədiyini deməyə əsas verir. Bundan başqa, xalqın fikrini daxildə baş verən ictimai-siyasi hadisələrdən yayındırmaq üçün Sarkisyan iqtidarı Dağlıq Qarabağda, eləcə də cəbhə bölgəsində süni gərginliklər yaratmağa çalışır. Hətta seçki öncəsi təbliğat-təşviqat kampaniyası zaman Sarkisyanın Qarabağ kartından yararlanaraq, Xocalı aeroportunun açılması məsələsini gündəmə gətirərək, həmçinin Türkiyəyə qarşı ittihamlar, təhdidlər səsləndirərək özünə dividentlər qazanmaq cəhdlərinin bundan sonra da edəcəyi istisna deyil.
Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov yap.org.az saytına açıqlamasında bildirib ki, hazırkı vəziyyət işğalçı dövlət üçün arzuolunan deyil. Onun sözlərinə görə, xarici himayədarları Ermənistanı bu durumdan çıxarmağın yollarını axtarır: "Buna görə də həmin dairələr erməniləri provokasiyaya çəkə bilərlər. Ona görə də ordumuz o qədər güclü olmalıdır ki, bu cür provokasiya nəticəsində hərbi əməliyyatlar bərpa olunarsa, qarşı tərəfə layiqli cavab verə bilsin. Bu mənada ordumuzun daha da güclənməsi üçün hazırda görülən işlər təqdirəlayiqdir".
Təsadüfi deyil ki, Serj Sarkisyan qələbədən sonra prezident kimi ilk səfərini martın 12-də Rusiyaya gedəcək. "Armenia Today" saytının xəbərinə görə, S. Sarkisyan Moskvada həmkarı Vladimir Putin tərəfindən qəbul olunacaq. Tərəflər Avroasiya İttifaqı, Gömrük İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı məsələləri, Xocalı hava limanının açılması mövzusunu və ikitərəfli əlaqələri müzakirə edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB