Kim daha şanslıdır: Sarkisyan, yoxsa...

O faktiki olaraq güclü rəqiblərsiz qalıb

Ermənistanda fevralın 18-də keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak etmək üçün Mərkəzi Seçki Komissiyası 8 nəfərin namizədliyini qeydə alıb. Respublika Partiyasının sədri, indiki prezident Serj Sarkisyan, "İrs" Partiyasının lideri Raffi Ovanisyan, keçmiş baş nazir Qrant Baqratyan, Dağlıq Qarabağdakı separatçı rejimin keçmiş "xarici işlər naziri" Arman Melikyan, "Milli Özünütəyinetmə" Birliyinin lideri Paruyr Ayrikyan, "Radio Ay"ın direktoru Andreas Qukasyan, "Milli Razılıq" Partiyasının rəhbəri Aram Arutunyan və bitərəf Vardan Sedrakyan prezidentlik kürsüsü uğurunda mübarizə aparacaqlar..

Ümumilikdə isə MSK-ya 15 nəfər öz sənədlərini təqdim etsə də, onlardan 6-sı seçki girovunu ödəmədiyi üçün qeydə alınmayıb. Bir nəfər isə namizədliyini geri götürüb.

Vəziyyət heç də ürəkaçan deyil

Maraqlı məqam ondan ibarətdir ki, prezident seçkilərinin keçirilməsinə bir aya yaxın müddət qalmasına baxmayaraq, bir sıra yerli və beynəlxalq ekspertlərin seçki ilə bağlı proqnozları demək olar ki üst-üstə düşür. Onlar budəfəki "qalibin" də indiki prezident Serj Sarkisyan olacağına şübhə eləmirlər. Buna əsas səbəblərdən biri kimi ana müxalifət partiyasının lideri, keçmiş prezident Levon Tet-Petrosyanın və seçkilərdə Sərkisyana ciddi rəqib olacaq digər bir şəxs Qaqik Tsarukyanın ("Çiçəklənən Ermənistan") prezidentlik iddiasından əl çəkərək seçki kampaniyasına qatılmaması göstərilir.

Ermənistanın keçmiş dövlət başçısı Robert Köçəryanın seçkiyə qatılmaması isə Sarkisyan şansını daha artırıb.

Eks-prezident mətbuata müsahibəsində seçkilərinə qatılmama qərarını üç səbəbdən qəbul etdiyini deyib: "Birincisi, iki qarabağlının, çoxdankı tərəfdaşların arasında mübarizə mənim üçün qəbuledilməzdir. Bu müxtəlif spekulyasiyalara gətirib çıxara bilər. Üstəlik indiki prezidentin namizədliyi üstündə vaxtilə mən dayanmışam və onun ikinci prezidentlik müddətinə öz namizədliyinin irəli sürməsi başa düşünüləndir. İkincisi, üç keçmiş prezidentlərin qatılacağı seçkilərdə iştirak etmək istəmirəm, bu ölkəyə zərərli ola bilər. Və nəhayət üçüncüsü, Ermənistanda siyasi kompromisin axtarış yolları xırda siyasi alverə transformasiya olunub. Buna mən nə vaxtımı, nə biliklərimi, nə də təcrübəmi sərf etmək istəyirəm".

Ölkədəki mövcud vəziyyətə toxunan Köçəryanın sözlərinə görə, Ermənistanda vəziyyət heç də ürəkaçan deyil: "Ermənistanda emiqrasiya templəri azalmır, demoqrafik göstəricilər zəifdir, əhali qocalır, bu da təhlükəli tendensiyadır. Ölkənin iqtisadiyyatı inkişaf etməkdədir, amma bu artım zəiflənən sərmayə göstəriciləri fonunda müşahidə olunacaqmı?! İqtisadiyyatımızın inkişafı üçün Abxaziyadan keçən dəmir yolunun açılması yaxşı olardı. Siyasi rəqabətə gəlincə, seçkilər ərəfəsində bu rəqabət zəif görünməyə başlayıb. Bu da iqtidarın effektiv işləməsinə kömək etməyəcək və cəmiyyətdə apatiyaya səbəb olacaq".

Son söz xalqın olmayacaq

Sarkisyanın prezident kürsüsündə qalmasında mühüm, bəlkə də həlledici amil isə əlbəttə ki, Rəsmi Moskvanın onu dəstəkləməsidir. Öz "xidmətləri" ilə Sarkisyan demək olar ki, Kremlin "xeyir-duası"nı almış kimi görünür. Hərçənd ki, ölkədə sosial-iqtisadi durumun son beş ildə ağırlaşmaqda davam eləməsi onun erməni elektoratında reytinqini, ictimai nüfuzunu kifayət qədər aşağı salıb. Bu seçkilərə o qədər də təsir etməyəcək. Çünki hazırkı hakimiyyətin Rusiya ilə münasibətləri çox normaldır və bu da hakimiyyətdə qalmağın yeganə qarantıdır. Bir sözlə son söz xalqın olmayacaq.

Sarkisyanın qələbəsinə şübhə etməyən analitiklərin fikrincə, o faktiki, güclü rəqiblərsiz qalıb. Ən əsası isə Ermənistan demokratik ölkə, mətbuatı azad, cəmiyyəti isə plüralist toplum deyil. Yəni burda seçkilər bir qayda olaraq inzibati resurslar hesabına, iqtidar namizədlərinin xeyrinə saxtlaşdırılır. Növbəti dəfə belə olmayacağına inanan çox az adam tapılar.

Ermənistan prezidentliyinə namizəd, "Radio-ay"ın direktoru Andreas Qukasyan məhz bu səbəbləri əsas gətirərək müddətsiz aclıq aksiyasına başlayıb. Erməni mətbuatının xəbərinə görə, A.Qukasyan hazırkı dövlət başçısı Serj Sarkisyanın prezidentliyə namizədliyinin ləğv olunmasını tələb edir. Bununla bağlı Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyana məktub göndərən A.Qukasyan hakim partiyanı səlahiyyətlərdən sui-istifadədə və prezidentlik yarışının digər iştirakçılarına qarşı ləyaqətli davranmamaqda ittiham edib: "Əgər seçki kampaniyası başlayana qədər hakim partiyanın namizədinin qeydiyyatı ləğv olunmasa, bunu özümün və cəmiyyətin seçki hüququnun pozulması kimi qiymətləndirəcəyəm. Mənim vətəndaşlıq borcum bu hüququn müdafiəsi üçün müddətsiz aclıq aksiyasına başlamağımı tələb edir".

Hər seçkidən sonra insanlar daha ümidsiz olur

Ekspertlər hesab edirlər ki, Ermənistandakı seçkidə hər hansı dəyişiklik olmayacaq. Ancaq Ermənistanda hər hansı birinin hakimiyyətdə olmasının Qarabağ planına aid Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur. Çünki bunlar Ermənistanda hakimiyyətə məhz Qarabağ kartını oynayaraq gəliblər və gəlməklə də bir növ hərbi xunta yaradıblar. Və bu hərbi xunta da bu günə qədər Ermənistanı və Dağlıq Qarabağı idarə edir. O baxımdan Sarkisyanın və Qarabağ planından hər hansı birinin hakimiyyətdə qalması mahiyyəti dəyişməyəcək. Digər tərəfdən Ermənistan birmənalı olaraq Rusiyanın monopoliyasından çıxmayana və özü öz taleyinin sahibinə çevrilməyənə qədər orada olan dəyişikliklərin heç birinin əhəmiyyəti olmayacaq.

Bu və digər səbəblərdən ekspert əmindir ki, Serj Sarkisyan ikinci dəfə prezident seçilərsə, Ermənistanın boşalması daha sürətlə gedəcək. Çünki hər seçkidən sonra ölkədə emiqrasiya sürətlənib. Yenə belə olacağı ehtimalı var. Hər seçkidə ölkədə müsbət mənada dəyişiklik gözləyən insanlar daha məyus duruma düşürlər.

Bütün xəbərlər Facebook səhifəmizdə