Bu ilin fevral ayında Ermənistanda keçiriləcək prezident seçkilərindən əslində nə xalq, nə də ölkədəki müxalifətdə olan siyasi partiyalar və onların liderləri hər hansı bir yenilik gözləmir. Heç kəsə sirr deyil ki, Ermənistanda hakimiyyət dəyişikliyi baş versə belə (bugünkü şərtlərdə bu mümkün deyil), dövlətin "ana siyasətini" Rusiya müəyyənləşdirir. Rəsmi Moskva üçün isə ən ideal namizəd bu günə qədər verilən tapşırıqları "qüsursuz" yerinə yetirən Sarkisyandır. Ermənistanın hazırkı prezidenti S. Sarkisyan üçün burada "Arxalı köpək qurd basar" deyimi tam yerinə düşər. Rusiyadan tam dəstək alan Sarkisyan öz rəqiblərini siyasi arenadan uzaqlaşdırmaq üçün mümkün hər fürsətdən istifadə edir.
Hakimiyyət seçkiləri saxtalaşdıracaq
Məsələn, ölkədə müəyyən nüfuza malik insanların siyasi arenadan kənarlaşdırılma prosesinin qurbanlarından Çiçəklənən Ermənistan Partiyasının lideri Qaqik Tsarukyana şantaj tətbiq olunaraq namizədlik iddiasından çəkilməyə məcbur edilib.
Tsarukyan kimi, həzm edilən və arxa planda buraxılan bir çox siyasətçi azad düşüncələrini ifadə etməkdə çətinlik çəkir və təzyiqlərə məruz qalırlar. "Erməni Milli Konqresi" müxalifət blokunun lideri Levon Ter-Petrosyan etiraf edir ki, ölkədə hər şey hakimiyyəti ələ keçirmiş cinayətkarların əlində mərkəzləşdirilib.
Ermənistan Kommunist Partiyası isə prezident seçkilərini boykot edəcəyini bəyan edib. Partiyanın nümayəndəsi Yercanik Kazaryan bildirib ki, seçkiqabağı kampaniya dövründə ideoloji mübarizə qeyri-mümkündür. Kommunistlər digər namizədləri də dəstəkləməkdən imtina ediblər. Seçkilərdə iştirakdan imtinanın digər səbəbi kimi mövcud hakimiyyətin seçkilərin nəticələri saxtalaşdırması da göstərilir.
Ölkə əhalisinin 95 faizi imkansızdır
Bir-bir meydandan çəkilməyə məcbur edilən prezidentliyinə potensial namizədlər indi də tələb olunan pul girovu ilə bağlı öz narazılıqlarını bildirirlər.
"ArmToday" saytının məlumata görə, namizədlərin bəziləri Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında deyiblər ki, ölkənin hazırkı sosial-iqtisadi şəraitdə tələb olunan 8 milyon dramın (təxminən 20 min ABŞ dolları) ödənilməsi qeyri-mümkündür.
Partiya mənsubiyyəti olmayan namizədlərdən Pavlik Sarkisyan bildirib ki Ermənistan Konstitusiyasına əsasən hər bir vətəndaş prezidentliyə namizədliyini irəli sürə bilər: "Lakin bu gün ölkə əhalisinin 95 faizi imkansızdır və namizəd olmaq üçün girov ödənilməsi Ermənistan Konstitusiyasına ziddir. Bu nə kazinodur? Mən bura qumar oynamağa gəlmişəm?"
Digər namizəd, 10 ildir ki işsiz olan Mqer Ayrapetyan da bildirib ki girov ödənilməsi ilə bağlı tələb Konstitusiyaya ziddir.
Namizədlərə maliyyə baryeri
"Novosti-Armeniya" yazır ki, "Ermənistan-Rusiya İctimai Birliyi"nin lideri Robert Aqaronyan da Ermənistan prezidenti postu uğrunda mübarizədən imtina etmək niyyətini açıqlayıb.
Aqaronyan prezidentliyə namizəd kimi qeydiyyatdan keçmək üçün sənədlərini MSK-ya təqdim etsə də, 8 milyon dram (təxminən 20 min dollar) seçki girovunu ödəməyib. Çərşənbə axşamı Mərkəzi Seçki Komissiyası Aqaronyana və yeddi digər potensial namizədə girovun ödənilməsi üçün 48 saat vaxt verib.
Lakin cümə axşamı Aqaronyan sonrakı mübarizədən imtina etdiyini bəyan edərək bunu maliyyə problemləri ilə izah edib.
Prezident seçkilərində iştirakdan daha iki nəfər imtina edib. Bunlar Ermənistan Döyüş Karatesi Federasiyasının prezidenti Taron Abramyan və Çiçəklənən Ermənistan Partiyasının üzvü, vəkil Ruben Ayvazyandır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB