ABŞ Ermənistana maliyyə yardımlarını niyə azaldır?

Ərəstun Baxşəliyev: “ABŞ Ermənistanı Rusiyanın orbitindən uzaqlaşdırmağa cəhd edir”

Hazırda Cənubi Qafqaz regionunda baş verən proseslər olduqca qarışıq bir məcrada davam edir. Rusiyanın Cənubi Qafqazla bağlı strateji planları, Gürcüstanda baş verən proseslər, üçüncü qüvvələr tərəfindən İran Azərbaycan münasibətlərinin gərilməsinə yönəlik səylərin gücləndirilməsi, işğalçı Ermənistanın Azərbaycanın 20 faizə yaxın torpaqlarını işğal altda saxlaması və bunun fonunda rəsmi Bakının öz torpaqlarını geri qaytarmaq üçün sərf etdiyi çabalar, Qərbin hər vəchlə Azərbaycanı bu planlarından çəkindirmə təşəbbüsü, ABŞ-ın, Türkiyəyə Ermənistanla olan sərhədlərini açması ilə bağlı son günlərdə artan təzyiqləri, İranın nüvə proqramı və s. Bütün bunlar regiondakı vəziyyətin əslində heç də qənaətbəxş olmadığını deməyə əsas verir.

Rəsmi Vaşinqton Ermənistanla bağlı siyasətinə sadiqdir

Son günlərdə isə Dağlıq Qarabağdakı separatçı rejimin baş naziri yaxın vaxtlarda hava limanında texniki uçuşlara başlanılacaq kimi, hətta İrəvandan Xankəndinə reyslərin təşkili üçün alınmış təyyarənin artıq Ermənistana gətirilməsi ilə bağlı sərsəm bəyanatların verilməsi rəsmi Bakının onsuz da tükənmiş olan səbir kasasını demək olar ki, bir daha daşırmış olub.

"Novosti Armeniya"nın xəbərinə görə, 2011-ci ilin analoji dövrü ilə müqayisədə ABŞ-ın Ermənistana humanitar yardımının həcmi 2,9 faiz və ya 2,5 milyon dollar azalmışdır ki, bu da bir çox analitiklərin fikirlərinə görə guya ABŞ-ın Ermənistana qarşı münasibətlərində, Rusiya-Ermənistan və ya İran-Ermənistan münasibətlərindən dolayı hər hansı bir soyuqluğun yaranması ilə bağlıdır.

Siyasi ekspert Ərəstun Baxşəliyevin fikrimcə bu heç də belə deyil: "Xatırladım ki, Ermənistan Respublikası, müstəqilliyini elan edəndən bu günə kimi İsraildən sonra ABŞ-dan adambaşına ən çox maliyyə yardımı alan ikinci ölkə hesab olunur və bu yardımlar bu gün də davam etdirilməkdədir. Ərazisində Rusiya hərbi kontingentinin olmasına rəğmən ABŞ bu gün də Ermənistan ilə bağlı siyasətinə sadiqdir və yaxın gələcəkdə də bu siyasətdə hər hansı bir dəyişikliyin olunacağı gözlənilmir".

Ağ Evin "Suriya" bəhanəsi

Qeyd edək ki, yola saldığımız 2012-ci il ərzində də təhlükəsizlik və hərbi sənaye baxımından tamamilə Rusiyanın nəzarətində olan Ermənistana ABŞ hərbiçilərinin gerçəkləşdirilən ziyarətləri də heç də təsadüf olmayıb. İqtisadi, siyasi və maliyyə sahələrindəki əməkdaşlığı, hərbi və müdafiə sənayesi çərçivəsindəki münasibətlərin genişləndirilməsi hər il demək olar ki, artan templə davam edir. Ərəstun Baxşəliyevin sözlərinə görə, ABŞ Ermənistanı Rusiyanın orbitindən uzaqlaşdırmağa cəhd edir: "Ancaq, ABŞ buna son nəticədə nə qədər nail olacaq sualına gəlincə isə deyə bilərəm ki, bu hələlik məlum deyil. ABŞ-ın siyasi xəttinə görə burada əhəmiyyətli olan əslində belə bir addımların atılmasıdır. Çox maraqlıdır ki, ABŞ-ın bu addımları həm də bu bölgədə durmadan artan Türkiyə gücünün qarşısının alınmasına hesablanmışdır deyə bilərik.

İndiki halda isə Ermənistana edilən maliyyə yardımlarının azalması Amerika Birləşmiş Ştatları və Avropanın iqtisadiyyatında qeyri-stabil vəziyyətin davam etməsi ilə bağlıdır. Çünki bu belə olmasa idi, Ağ Evin saytında Türkiyə-Ermənistan sərhədinin açılması məqsədilə, Suriyalı qaçqınları bəhanə gətirərək imza toplama kampaniyasına start verilməzdi".

Türkiyənin Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması İdarəsindən (AFAD) mətbuata açıqlamasında isə bildirilib ki, suriyalı qaçqınların Ermənistana keçməsinə heç bir ehtiyac yoxdur və hal-hazırda Türkiyə-Ermənistan sərhədlərinin bu məqsədlə açılması mümkün deyil. Türkiyə ərazisində olan suriyalı qaçqınların ehtiyacları Türkiyə dövləti və beynəlxalq qurumlar tərəfindən təmin olunur.

Bu, bütün dünya ölkələri üçün təhlükəlidir

Təsadüfü deyildir ki, yeni ilin elə ilk günlərində Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru Kristin Laqardın: "Amerika Birləşmiş Ştatları və Avropa kimi dünyanın iki aparıcı iqtisadi zonasında geriləmə müşahidə olunarsa, bu, bütün dünya ölkələri üçün təhlükəli olacaq. ABŞ və Avropa ölkələrinin dünyanın bir çox ölkələri ilə ticari, maliyyə və digər iqtisadi əlaqələri var. İqtisadi zəifləmə zamanı bu əlaqələr zəifləyə və kəsilə bilər. ABŞ rəhbərliyi bu cür ssenarinin qarşısını almaq üçün vaxtında tədbir görməli və beynəlxalq cəmiyyətə dəstəyini ifadə etməlidir. Əks halda, bunun nəticələri ağır olacaq" kimi açıqlaması da bunu bir daha aşkar bir şəkildə ortaya qoymaqdadır.

Bütün xəbərlər Facebook səhifəmizdə