Son dövrlər istər siyasi, istər iqtisadi, istər sosial, idman, mədəniyyət və digər sahələrdə Azərbaycanın uğurları ildən-ilə artmaqdadır. Regionun lider dövlətinə çevrilən, artıq Avropanın və bir sıra aparıcı dövlətlərin enerji təhlükəsizliyinin təmin olunmasında önəmli rol oynayan Azərbaycan dünyada söz sahibi ölkələrdən biridir.
Qarayaxmalar silsiləsindən
2012-ci il də Azərbaycan üçün mühüm siyasi, iqtisadi, sosial, mədəni, idman uğurları ilə yadda qaldı. Uğurlarımızın sayı artdıqca, Azərbaycan daha güclü və qüdrətli dövlətə çevrilir. Sürətli inkişaf, artan nüfuz, güclənən beynəlxalq mövqelər xarici düşmənlərimizi, hətta "sapı özümüzdən olan baltaları" vahiməyə salır. Uğurlarımızı həzm edə bilməyənlər hər vəchlə ölkəmizə, dövlətimizə, xalqımıza qara yaxmağa çalışırlar.
Antiazərbaycançı dairələr ölkəmizə qarşı yeni çirkin kampaniyalarını davam etdirilər. "Amnesty İnternational", "Human Right Watch" və "Fredom House" kimi təşkilatlar tərəfindən antiazərbaycançı şəbəkənin sifarişi ilə hazırlanan, qərəzli və heç bir əsası olmayan hesabatlar bunu təsdiq edir.
Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (Organized Crime and Corruption Reporting Project - OCCRP) jurnalistlər şəbəkəsinin Azərbaycanla bağlı yaydığı "hesabatı" da ölkəmizə, dövlətimizə qarşı qərəzli, heç bir əsası olmayan hesabatlar silsiləsinin bir parçasıdır.
Təşkilatın redaktoru Drev Sullivan iddia edir ki, hesabatın hazırlanmasında 60 təşkilat və 15 jurnalist səs verib. OCCRP - Orta Asiyadan, Şərqi Avropadan və Avropanın özündən olan qeyri-kommersiya, müstəqil, və araşdırma komandaları olan bir neçə kommersiya xəbər təşkilatlarının konsorsiumudur.
Sullivan hesabatda Azərbaycanla bağlı fikirlərin "ərsəyə" gəlməsində Azadlıq Radiosunun Bakı bürosunun jurnalistlərinin "əməyinin" böyük olduğunu, ələlxüsus radionun əməkdaşı Xədicə İsmayılın "fəaliyyətinə" xüsusi diqqət çəkir.
Qərəzli yanaşma və böhtan
Xaricdən maliyyələşən "Azadlıq" radiosunun Bakı bürosunun hansı məqsədə, amala xidmət etdiyi əslində heç kəsə sirr deyil. OCCRP barədə isə araşdırmalar aparmağa ehtiyac var. Ümumiyyətlə, bu, nə təşkilatdır, onu yaradanlar kimdir, arxasında hansı güclər dayanır? Burada kifayət qədər suallar ortaya çıxır. Azərbaycan prezidenti İlham Əliyev ölkəni müstəqil şəkildə idarə etməkdə israrlı olmasının nəticəsidir ki, tez-tez beynəlxalq səviyyədə böhtanlarla üzləşir. Diqqət yetirsək görərik ki, Ermənistan bu siyahıda yoxdur. Halbuki Ermənistan dünyanın korrupsiya üzrə ən inkişaf etmiş ölkələrindən biridir. Bu ölkədə eyni zamanda cinayətkarlıq, insan hüquqlarının pozulması halları, yoxsulluq, aclıq baş alıb gedir, ölkəni kriminallaşmış oliqarx-məmurlar və onlara rəhbərlik edən Sarkisyan idarə edir. Bu müqayisəni aparanda məlum olur ki, təşkilatın gəldiyi qənaət Azərbaycana, onun prezidentinə qarşı qərəzli yanaşma və böhtandan başqa bir şey deyil.
"Azadlıq" qəzeti və radiosu ermənilərə işləyir
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) barədə apardığı araşdırma da bunu təsdiqləyir. Siyavuş Novruzovun sözlərinə görə, bu qurumun başında dayanan şəxs ermənidir. Millət vəkili bununla bağlı araşdırma apardığını və bir sıra dəqiqləşdirmələr əldə etdiyini deyib: "Bu qurumun başında erməni Eduard Baqdasaryan durur. O Qarabağ ermənisidir və Dağlıq Qarabağda azərbaycanlıların qətlində əli olub. Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədilməsində onun da əli var. Belə bir adam indi Azərbaycana qarşı bu yolla mübarizə aparır. Azərbaycan prezidenti İlham Əliyevin nüfuzuna xələl gətirmək məqsədi daşıyan bu qərarın qəbulu da bilavasitə Baqdasaryanın təşəbbüsü ilə baş tutub. Baqdasaryanı bəlkə də başa düşmək olar, o, düşməndir. Amma ona Azərbaycanda dəstək verənlər var. Dəfələrlə bəyan olunub ki, Azərbaycan müxalifəti və onun mətbuat orqanları erməni maraqlarına xidmət edir. Bu gün bu qurama təşkilatın adından yayılan məlumatı qəzet səhifələrinə çıxarmaq və onun ətrafında siyasi müzakirələr açmaq buna əyani sübutdur. "Azadlıq" qəzeti və "Azadlıq" radiosu bu əməli ilə ermənilərə işlədiyini təsdiqlədi".
Siyavuş Novruzov müxalifəti siyasi mübarizədə ölkənin milli maraqlarını satmaqda da ittiham edib: "Heç bir ölkədə müxalifət siyasi mübarizədə milli və dövlətçilik maraqlarını satmayıb. Amma bizdə əksinədir".
"Hesabat" erməni tərəfinin səyləri ilə baş tutub
Milli Məclisin deputatı Fuad Muradov da təşkilatının açıqladığı "hesabatda" Azərbaycan prezidenti İlham Əliyev haqqında yer alan məqamların bilavasitə erməni tərəfinin səyləri ilə baş tutduğunu deyib.
Deputat təşkilatla bağlı apardığı araşdırma nəticəsində qurumla bağlı maraqlı faktlar aşkarladığını bildirib: "Bu qurumun İdarə Heyətinin tərkibinə Ermənistan Araşdırmaçı Jurnalistlər Təşkilatı daxildir. Həmin təşkilatın rəhbəri isə Edik Baqdasaryandır. Edik Baqdasaryan isə Dağlıq Qarabağda, Xocalıda azərbaycanlılara qarşı amansız qətllər törətmiş beynəlxalq terrorçu Monte Melkonyanın yaxın dostu olub. Qatil Melkonyanın tökdüyü günahsız qanlar isə Azərbaycanda hamıya yaxşı bəllidir".
F. Muradovun apardığı araşdırma nəticəsində aydın olub ki, Azərbaycan prezidentinin nüfuzuna xələl gətirmək məqsədi daşıyan bu qərarın qəbulu bilavasitə Baqdasaryanın təşəbbüsü ilə baş tutub: "Təəssüf ki, bizim bəzi KİV-lər erməninin təsiri ilə qəbul olunmuş qərarı yayımlayıblar. Baqdasaryanın rəhbərlik etdiyi saytda isə Azərbaycan əleyhinə olmazın yalanlar və uydurmalar yer alır".
F. Muradov deyib ki, bu hesabatın məhz Dünya Azərbaycanlılarının Həmrəylik Günü açıqlanması da təsadüfi deyil: "Azərbaycan prezidenti İlham Əliyevin nüfuzu dünya tərəfindən qəbul olunub. Azərbaycanın düşmənləri belə çirkin vasitələrlə prezidentin nüfuzunun sarsıda bilməyəcəklər".
Dezinformasiyalar Azərbaycanı haqq yolundan döndərmir
Belə sifarişlərin haradan gəldiyi məlumdur. Erməni lobbisi və bütövlükdə antiazərbaycançı şəbəkə Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi ilk gündən ölkəmizə qara yaxmaqla məşğuldur. Lakin Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu və tərəqqisini gözü götürməyən bu qüvvələrin zaman-zaman həyata keçirmək istədikləri bütün təxribatlar, cəhdlər xalqımızın birliyi, Heydər Əliyev siyasətinin təntənəsi və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində iflasa uğramışdır.
Bu gün Avropaya inteqrasiya yolu tutan Azərbaycan həm də Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verən strateji tərəfdaşdır. Torpaqlarının Ermənistan tərəfindən işğalına baxmayaraq, Azərbaycan demokratiya yolu ilə inkişaf edir, cəmiyyətimiz öz tolerantlıq ənənələrini saxlayır və inkişaf etdirir. Lakin bəzi təşkilatların bütün bunları görmək, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində 1 milyona yaxın azərbaycanlının hüququnun pozulmasına münasibət bildirmək əvəzinə antiazərbaycançı şəbəkənin sifarişi ilə iftira dolu məlumatlar ortaya qoyması dünyadakı ikili standartların davamından xəbər verir. Belə təhdid və dezinformasiyalar heç zaman Azərbaycanı haqq yolundan döndərmir. Primitiv təxribatlarla ölkəmizi gözdən salmaq istəyən qüvvələrə Azərbaycan real işləri, o cümlədən dünya və beynəlxalq səviyyəli tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığı, təhlükəsizliyi, firavanlığı, dinamik inkişafı ilə cavab verir.
Təbii ki, ölkə inkişaf etdikcə daha da güclənir. Şübhəsiz ki, gücləndikcə apardığı siyasətin müstəqillik dərəcəsi də artır. Belə olan halda bir sıra təşkilatların, dövlətlərin, ayrı-ayrı maliyyə-iqtisadi və siyasi qurumların ölkəyə təzyiq imkanları da məhdudlaşır. Ona görə də onlar müxtəlif üsul və vasitələrdən, o cümlədən medianın imkanlarından istifadə edərək qərəzli münasibət nümayiş etdirirlər.
Bu gün Azərbaycanda mükəmməl qanunvericilik bazası formalaşdırılıb. Ölkəmiz demokratiya sahəsində böyük uğurlar əldə edib. Bütün bunlarla yanaşı Azərbaycanda ictimai-siyasi sabitlik tam təmin olunub. Elə müəyyən qüvvələri, antiazərbaycançı şəbəkəni, erməni lobbisini narahat edən məsələlərdən biri də Azərbaycandakı sabitlikdir. Onlar ölkəmizlə bağlı beynəlxalq miqyasda yanlış təəssüratlar yaratmaq üçün müəyyən media qurumlarından yararlanaraq belə dezinformasiyalar yayırlar. Amma bu informasiyanı sübut etmək üçün təşkilatın əlində olan yeganə "mənbələrə", "Azadlıq" qəzeti və radiosuna, eləcə də Xədicə İsmayılovaya istinad etməsi qurumun "ciddiliyindən", "nüfuzundan" və qeyri-obyektivliyindən xəbər verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB