Dilənçi ordunun milyonçu generalları

Və yaxud ölüm ayağında olan əsgər

"Ermənistan ordusunda korrupsiya və rüşvət vətənpərvərlik hissini heçə endirib. Orduda heç kimin sabaha ümidi yoxdur. Hər bir şəxs şərlənərək həbs edilmək, rüşvət vermək və ya döyülmək təhlükəsi ilə üz-üzədir. Zabitlərin əmək haqqının bir hissəsi yüksək komandirlər tərəfindən qanunsuz olaraq mənimsənilir. Hərbçilər belə ağır şəraitdə qulluq etməkdənsə, Azərbaycan tərəfinə keçməyə üstünlük verir". Bu sözlər Ermənistan ordusundakı rüşvətxorluğa, işgəncələrə etiraz olaraq 2008-ci ilin mayında könüllü Azərbaycan tərəfinə keçən əsgər Simonyan Paryur Gerasimoviçin Azərbaycan vətəndaşlığına qəbul edilməsi xahişi ilə hakimiyyət orqanlarına müraciətindəki etirafıdır.

Vətəndaşlıqdan imtina edənlər

Ermənistan ordusundakı dözülməz vəziyyətə tab gətirməyərək 2009-cu ilin iyul ayında 15-də Gədəbəy rayonu ərazisində Azərbaycan tərəfinə keçən erməni əsgərlərdən biri də Karen Harutunyan olub. Ermənistanın Müdafiə Nazirliyinin 549 saylı əlahiddə motoatıcı alayının əsgəri, İrəvan sakini Karen Harutyunyan bildirib ki, orduda ondan tələb edilən rüşvəti vermədiyi üçün edilən işgəncələrə dözməyib, xidməti yerini tərk etmək qərarına gəlib və beləliklə, sərhədi keçərək Azərbaycan əsgərlərinə təslim olub:

"Hazırda Ermənistanda vəziyyət olduqca pisdir. Ölkə əhalisi çox acınacaqlı yaşayır. Maddi vəziyyət çox pisdir. İş yerləri demək olar ki, yoxdur. Bu da vəziyyətin pis olmasına daha da şərait yaradır. Xalq indiki rəhbərlik - Serj Sarkisyan və Seyran Ohanyanın rəhbərliyi altında yaşamaq istəmir. Ermənistandan, oranın vətəndaşlığından imtina edirəm. Mən Azərbaycan rəsmilərindən xahiş edirəm ki, məni 3-cü ölkəyə göndərsinlər".

Bu hadisədən bir müddət əvvəl fevralın sonunda ermənilərin daha 3 hərbçisi - Qrant Markosyan, Artur Vartevyan və Alik Tevosyan Ağdamın Evcidüzü ərazisində könüllü olaraq Azərbaycan tərəfinə əsir düşüb.

Mayın 31-də isə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində, Goranboy rayonu ərazisində, Ermənistan Ordusunun əsgərləri - 1991-ci il təvəllüdlü Harutyunyan Ohan Vadinagiyeviç və 1991-ci il təvəllüdlü Tomosyan Gevorq Serjikoviç saat 13.00 radələrində Azərbaycan tərəfinə keçiblər.

Ermənistan Müdafiə Nazirliyinin tabeliyində olan 38862 saylı hərbi hissənin 7-ci dağatıcı alayının təlim bölüyünün əsgərləri də Ermənistan ordusundakı dözülməz şəraitdən və işgəncələrdən şikayətlənib və Azərbaycan tərəfinə də bu səbəbdən keçdiklərini deyiblər. Bu cür faktların sayı kifayət qədərdir. Ən son olaraq Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələrinin əsgəri dekabrın 18-də Ağdamın işğal altında olan Baş Qərvənd kəndi istiqamətindən Azərbaycan Ordusunun nəzarəti altında olan əraziyə keçmək istəyib. Hadisənin şahidi olan sakinlərin sözlərinə görə, həmin hərbçi qoşunlar arasındakı neytral ərazidə Ermənistan Ordusunun əsgərləri tərəfindən atəşə tutulub. Onun ölüb, yaxud yaralandığı məlum deyil.

Daha çox intihar halları narahat edir

Ermənistan Müdafiə Nazirliyi İctimai Şurasının rəhbəri Qeqam Arutunyan da etiraf edir ki, orduda yaranmış vəziyyət hamını narahat edir. Onun sözlərinə görə, orduda insidentlərin sayı artsa da, ölüm halları azalmağa başlayıb. Lakin bu, cəmiyyəti qane etmir. İctimaiyyət köklü dəyişiklikləri tələb edir: "Bizi daha çox orduda intihar halları narahat edir ki, bu da əsgərlərin alçaldılması və işgəncələrlə əlaqədardır". Qeqam Arutunyan erməni ordusunda şəxsi heyətlə işin və hərbi vətənpərvərlik ruhunun çox aşağı səviyyədə olduğunu qeyd edib.

Ermənistan Müdafiə Nazirliyinin rəsmi məlumatında 2011-ci ildə orduda 54 intihar hadisəsi baş verdiyi bildirilsə də, 2012-ci il üçün rəsmi statistika açıqlanmayıb. Ermənistan müdafiə nazirinin müavini David Tonoyan İrəvanda keçirdiyi brifinqdə deyib ki, ordudakı insidentlər, ölümlər və digər hallarla bağlı statistika var, ancaq onu açıqlamaq məsləhət deyil, statistika açıqlananda ətrafında spekulyasiyalar da başlayır.

Bolluq içində yaşayan general üçün əsgərin dəyəri

Ermənistanda fəaliyyət göstərən Helsinki Vətəndaş Assambleyası (HVA) növbəti dəfə bəyanatla çıxış edərək ordudakı vəziyyətin ildən-ilə pisləşdiyini və insan hüquqlarının pozulduğunu bildirib. Təşkilatın 2012-ci ildəki bəyanatı qeyri-sağlam gənclərin ordu sıralarına cağırılması ilə bağlıdır. Təşkilat tərəfindən aparılan monitorinqdən sonra məlum olub ki, silahlı qüvvələrin şəxsi heyətini formalaşdıra bilməyən hərbi komissarlıqlar xəstə və yararsız çağırışçıları zorla hərbi xidmətə göndərmək məcburiyyətində qalıblar.

HVA-nın Vanadzor ofisinin əməkdaşları Ermənistanın müxtəlif ərazilərində yerləşən bir sıra hərbi hissələrdə olduqdan sonra mətbuat nümayəndələrinə bildiriblər ki, xəstələr ordu sıralarında xidmət aparmağa cəlb olunublar və bununla da onların sağlıq vəziyyətləri daha da pisləşib. Ümumiyyətlə, orduda xəstələnən əsgər və zabitlər müalicə olunmaq imkanından məhrumdurlar. Hərbi xəstəxanaların yoxluğu və kadr çatışmazlığı ucbatından xəstələnən əsgər və zabitlərə müalicə olunmaq üçün xəstəxanaya getməyə icazə verilmir. HVA Ermənistanın Müdafiə Nazirliyini bununla bağlı təcili tədbir görməyə çağırıb.

Qan xəstəliyindən əziyyət çəkən və noyabr ayında Rusiya paytaxtına aparılan Ermənistan ordusunun əsgəri Artur Koçaryanın atası Romik Koçaryan həkimə istinadən bildirib ki, oğlunun Moskvaya aparılması qərarını Ermənistan Müdafiə Nazirliyi bu qədər gec verməsəydi, onun həyatını xilas etmək mümkün olardı: "Oğlumun dəfnindən sonra susmayacağam. Qoy, hamı bilsin ki, bolluq içində yaşayan generallar üçün əsgər həyatının dəyəri əslində nə qədərdir".

Əsgərin atası Ermənistan Müdafiə Nazirliyinin onlara qarşı biabırçı rəftarından da danışıb. Onun sözlərinə görə, 1 il 9 aylıq hərbi xidmətdən sonra oğlunda kəskin qan xəstəliyi aşkarlanıb. Generallar 100 min dollarlıq avtomobil sürürlər, ölüm ayağında olan əsgərlərinə isə pul ayıra bilmirlər".

Ermənistan Ədliyyə Nazirliyinin Gorus rayon təcridxanasında olan, müxtəlif xəstəliklərdən şikayətlənərək tibbi yardım tələb edən sıravi əsgər Suren Kirokosyan tibbi yardım almadıqda aclıq aksiyasına başlayıb.
Erməni əsgər 51 gün ac qaldıqdan sonra xəstəxanaya yerləşdirilib.

Orduda gənc əsgərlərə qarşı dözülməz münasibət, əsgər ölümləri ilə bağlı Ermənistan hüquq müdafiəçiləri dəfələrlə həyəcan təbili çalıblar. Onlar ölkənin hərbi və siyasi rəhbərliyini real həqiqətləri xalqdan gizlətməkdə suçlayırlar. "Əsgər anaları" cəmiyyəti isə çoxsaylı etiraz aksiyaları keçirib. Övladını itirən analardan özünü yandıranlar da olub.

Ordu ölkənin təhlükəsizliyini təmin etmək iqtidarında deyil

Erməni ordusunda dedovşina, intihar və təzə çağırılan əsgərlərə qarşı zorakılıq halları, dözülməz münasibət üzündən erməni ailələri öz övladlarını hərbi xidmətə, öncəliklə də Dağlıq Qarabağa göndərməkdən imtina edir, onları hər vəchlə ölkədən çıxarmağa çalışırlar.

Ermənistan mətbuatı qeyd edir ki, valideynlər özləri uşaqlarının ölkədən qaçmalarına şərait yaradırlar. Son vaxtlar əsgərlərlə yanaşı ordu sıralarından zabitlərin də fərarilik etmələri xeyli artıb. Prokurorluq orqanlarında cinayət işləri açılsa da fərariləri tapa bilmirlər. Ordudan qaçanların hamısı ölkəni birdəfəlik tərk edərək xarici dövlətlərə getmişlər.

Ölkə iqtisadiyyatında baş verən proseslər silahlı qüvvələrə də təsirsiz ötüşmür, orduda onsuz da ağır olan durumu xeyli pisləşdirib. Düşmən ölkənin silahlı qüvvələrinin mövcud vəziyyətinin təhlili göstərir ki, onların həm maddi-texniki, həm də insan resursları ilə təminatı sahəsində yaşanan problemlərin miqyası daha da artıb. Ermənistan ictimaiyyətində belə bir fikir hakimdir ki, silahlı qüvvələr, o cümlədən ordu ölkənin təhlükəsizliyini təmin etmək iqtidarında deyil və bu sahədə təcili tədbirlər görülməsə, tezliklə silahlı qüvvələrin yalnız quru adı qalacaq.

Son vaxtlar Dağlıq Qarabağdakı erməni işğalçı ordusunda əsgərlər və zabitlər arasında hərbi hissələrdən, döyüş postlarından qaçma hallarının artdığına dair xəbərlər var. Əsgərlərin döyüş mövqelərindən qaçmasının qarşısını almaq üçün erməni ordusunda kazarma vəziyyəti elan edilib. Bu da zabitlərin narazılığını artırıb, çünki onlar uzun müddətdir evlərinə və ailələrinə baş çəkə bilmirlər.

Yaranmış vəziyyətlə bağlı bu günlərdə Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyan Ermənistan ordusunun Baş Qərargahının yüksək rütbəli zabitləri ilə Xankəndində müşavirə keçirib. Müşavirədə hərbi hissələrdən onlarla əsgər və zabit qaçmasının qarşısının alınması məsələsi müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə