İlham Əliyev: “Birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi barədə qərar böyük tarixi hadisədir”

Dövlətimizin sosial-iqtisadi mövqeyinin möhkəmlənməsi ilə yanaşı, bu gün Azərbaycanda idmanın maddi-texniki bazasının yaxşılaşdırılması üçün hər cür şərait yaradılır. İqtisadi inkişaf tempinə görə regionun lider dövlətinə, nüfuzlu söz sahibinə çevrilən Azərbaycan artıq sürətlə qloballaşan dünyada idman ölkəsi kimi də tanınır. Son illərdə ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğı, paytaxt Bakının, eləcə də digər şəhər və rayonlarımızın çoxsaylı beynəlxalq turnirlərə ev sahibliyi etməsi, yeniyetmə və gənclərimizin qazandıqları saysız-hesabsız medallar bunun bariz nümunəsidir. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2012-ci il ölkəmizdə "İdman ili" elan olunub.

Qazanılan qələbələr

Başa çatmaqda olan 2012-ci il ölkəmizin idman həyatında böyük uğurlarla yadda qalıb. Təkcə XXX London Yay Olimpiya Oyunlarında idmançılarımızın əldə etdikləri böyük tarixi qələbəni xatırlamaq kifayətdir.

Belə ki, olimpiyaçılarımızın sahib olduqları medalların sayı, dünya ölkələri arasında Azərbaycanın tutduğu yüksək mövqe Londondakı qələbəmizin möhtəşəmliyini göstərir. 200-dən çox ölkənin iştirak etdiyi Olimpiya Oyunlarında Azərbaycan 30-cu yerdə qərar tutdu. Medalların sayına görə 24-cü yerdə mövqeyini möhkəmlədən respublikamız müsəlman dövlətləri arasında 3-cü, Avropa ölkələri arasında isə 15-ci oldu. İki qızıl, iki gümüş, altı bürünc aktivinə yazan idmançılarımız bütövlükdə 10 medal əldə etdilər. London Paralimpiya Oyunlarında 21 idmançı ilə təmsil olunan komandamız 12 medal qazandı. Paralimpiyaçılarımız 4 qızıl, 5 gümüş, 3 bürünc medalla 27-ci yeri öz adlarına yazdırmağı bacardılar.

Beynəlxalq Güləş Federasiyasının (FİLA) sərbəst güləş üzrə məşqçilər assosiasiyasının Bolqarıstanın paytaxtında keçirilən seminarında Toğrul Əsgərov və Şərif Şərifov dünya güləşinin nadir inciləri adlandırıldı. Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının böyük məşqçisi Firdovsi Umudova isə 2012-ci ildə dünyanın ən yaxşı məşqçisi üçün hazırlanmış xüsusi kubok, qızıl medal və müvafiq sertifikat təqdim edildi.

Olimpiada başa çatdıqdan sonra Bakıda avqust ayında yeniyetmələr arasında sərbəst yunan-Roma qadın və çimərlik güləşi üzrə keçirilən dünya çempionatı ilə növbəti olimpiya oyunlarına hazırlıq məqsədilə tədbirlərə start verildi. 16 ölkənin futbol komandalarının iştirakı ilə keçirilən FİFA U-17 qadınlararası dünya çempionatı isə artıq Azərbaycanın çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ənənəsinə sadiq olmasından xəbər verirdi.

"İdman ili"ndə Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirində idmançılarımız 3 qızıl, 2 gümüş və 4 bürünc medal qazandılar. Güləş üzrə gənclər arasında Taillandın Pattaya şəhərində keçirilən dünya çempionatı da Azərbaycan pəhləvanlarının möhtəşəm uğuru ilə yadda qaldı. Çempionatın II və III yerlərini bölüşən Rusiya və Türkiyə millilərini geridə qoyan yığmamız 40 xalla komanda hesabında birinci oldu. Bakıda keçirilən boks üzrə tələbələr arasında dünya çempionatında da gənclərimiz uğurla çıxış edərək 5 qızıl medalın sahibi oldular. 2012-ci ilin son 9 ayının statistikasına görə, ölkəmizdə 145 respublika, 33 beynəlxalq yarış keçirilib, 248 beynəlxalq yarışda və 83 təlim-məşq toplantısında idmançılarımızın iştirakı təmin olunub. Gənc və yeniyetmələrimiz dünya, qitə çempionat və birinciliklərində 83 qızıl, 125 gümüş və 182 bürünc medal əldə ediblər.

Bütün qazanılan bu qələbələr bir daha sübut edir ki, Azərbaycan doğrudan da idman ölkəsidir.

Bu, doğrudan da tarixi hadisədir

Heç şübhəsiz ki, dekabrın 8-də Romada keçirilən Avropa Olimpiya Komitəsinin (AOK) 41-ci Baş Assambleyasında tarixdə ilk dəfə olaraq Avropa Oyunlarının keçirilməsi və səsvermə nəticəsində Avropa Oyunlarının Bakıda təşkil olunması qərarı da təsadüfi deyil. Gizli səsvermə nəticəsində 48 səsdən 38 səs ilə Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasının tarixdə ilk dəfə Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərarını ölkə prezidenti İlham Əliyev belə dəyərləndirib: "Bu qərarın qəbul edilməsində bir neçə amil öz rolunu oynamışdır. İlk növbədə, ölkəmizin beynəlxalq nüfuzu öz rolunu oynamışdır. Azərbaycan bu gün dünyada böyük hörmətə malik olan bir ölkədir. Dünya birliyində bizim rolumuz, təsir imkanlarımız artır və dünya birliyi Azərbaycana böyük hörmətlə və etimadla yanaşır".

Avropa Olimpiya Komitəsi 2015-ci ildə birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi münasibətlə Azərbaycan xalqını təbrik edən Prezident İlham Əliyev deyib ki, bu, doğrudan da tarixi hadisədir: "Çünki bu vaxta qədər Avropa Olimpiya Oyunları keçirilməmişdir və ilk oyunların Bakıda keçirilməsi böyük tarixi hadisədir, ölkəmizin böyük uğurudur".

Qazancımız nə olacaq?

Gənclər və idman naziri Azad Rəhimov 2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpiya oyunlarında Bakıdakı mövcud idman zalları və qurğulardan istifadə ediləcəyini söyləyib. O həmçinin bildirib ki, Olimpiya oyunları ilə əlaqədar Olimpiya şəhərciyi tikilməyəcək. İştirakçılar "Koroğlu" metro stansiyasının yaxınlığında tikilib istifadəyə verilmiş yaşayış binalarında yerləşdiriləcəklər. Şəhərciyin ərazisində məşqlər üçün meydançaların və tibb məntəqələrinin tikilməsi planlaşdırılır.

Onun sözlərinə görə, oyunların yayım hüququ Azərbaycana aiddir. Efir vaxtının bir hissəsinin Avropa yayım şirkətinə satılması planlaşdırılır. Təxmini qiymət 43-50 milyon avro təşkil edəcək. Beş istiqamət mövcuddur ki, bunlara əsasən Azərbaycan öz xərclərini örtə bilər. Əsasən də yayım və dünyada tanınmış idman brendlərinin reklamı bu xərcləri örtəcək. Oyunların keçirilməsi nəticəsində Azərbaycanın gəlirləri təxminən 100 milyon avro təşkil edəcək.

Bakının mövcud idman infrastrukturu bu oyunları keçirməyə imkan verir. Bəzi idman növləri üçün müvəqqəti idman qurğuları inşa ediləcək. Bundan başqa, həmin vaxtadək oyunların açılış mərasiminin təşkili üçün 65 min nəfərlik Olimpiya stadionu hazır olacaq. Su idmanı Mərkəzi və Gimnastika Kompleksi də 2015-ci ilədək istifadəyə verilməsi gözlənilir. Bundan başqa Heydər Əliyev adına İdman-Konsert Kompleksi, T.Bəhramov adına Respublika stadionu, şəhərdəki digər idman mərkəzləri müxtəlif idman növləri üzrə yarışların təşkilində istifadə olunacaq. Bundan başqa, Oyunlar Azərbaycanda turizmin, nəqliyyat infrastrukturunun və digər sahələrin də inkişafına böyük təkan verəcək.

Prezident İlham Əliyevin söylədiyi kimi, birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi barədə qərar böyük tarixi hadisədir: "Bu, bizə göstərilən böyük inamdır, böyük etimaddır, böyük hörmətdir, eyni zamanda, üzərimizə düşən böyük məsuliyyətdir. Mən şübhə etmirəm ki, biz bu sınaqdan da uğurla və şərəflə çıxacağıq, bu oyunları yüksək səviyyədə keçirəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə