Bir müddət əvvəl Fransanın "Tribune de Lyon" nəşri Ermənistan prezidenti Serj Sarkisyanın bu ölkəyə səfəri zamanı baş verən insidentlə bağlı məqalə dərc etmişdi. "Armtoday" saytının yaydığı məlumata görə, "France 3" telekanalına müsahibə zamanı jurnalist Olivye Mişelin sualı Sarkisyanı bərk qəzəbləndirib.
Jurnalistin ölkədəki korrupsiya, iqtisadi tənəzzül və Ermənistanın Suriyadakı rejimə dəstəyi barədə sualından sonra gərgin atmosfer yaşanıb. "Tərcüməçi mənə yaxınlaşdı və nazirlərdən biri məni barmağı ilə hədələdi", - deyə fransalı jurnalist yazır.
Üzə vurulan acı həqiqət
Ermənistanı özünə hər zaman bacı hesab edən dost Fransadakı bu cür ab-havadan Sarkisyan çaşbaş qalıb. Amma necə deyərlər: "Dost acı söylər". Hər nə qədər fransalı jurnalistin sualı Sarkisyanı qəzəbləndirsə də, bu onun özü üçün də acı həqiqətdir ki, Ermənistanda rüşvət və korrupsiyanın miqyası durmadan artır. Yerli mətbuatda korrupsiya faktları ilə bağlı kifayət qədər faktlar, məlumatlar öz əksini tapıb. Baxmayaraq ki, KİV-lərə ciddi nəzarət var, yenə də korrupsiya tüğyanını gizlətmək mümkün olmur. Bir müddət əvvəl bir qrup jurnalistin araşdırması zamanı Ermənistanda artıq rüşvətin qumarxanalar vasitəsilə verilməsi faktı ölkə gündəmində qalmaqala səbəb olmuşdu. Əgər kimsə hər hansı bir dövlət məmuruna, məsələn, 10 min dollar rüşvət verməlidirsə, onda rüşvət verən əvvəlcədən razılaşdırılmış qumarxanaya gedir və orada qumar oynayaraq nə az, nə çox düz 10 min dollar uduzur. Sonra rüşvət alanın özü və yaxud etibarlı adamı həmin qumarxanaya gələrək 9 min dolları alıb aparır. Qumarxana isə 1000 dolları göstərdiyi xidmətlər üçün özünə saxlayır. Qeyd olunur ki, İrəvan və digər şəhərlərdə fəaliyyət göstərən qumarxanaların hamısı birbaşa və dolayısı ilə oliqarx-məmurlara məxsusdur.
Rüşvət alma faktlarına daha çox Sosial Sığorta Nazirliyində rast gəlinir.
Ermənistanda əlillik qrupu almaq və ya qrupuna yenidən baxmaq üçün minlərlə insanın rüşvət verdiyi bildirilir. Bu barədə Baş nazirin nəzarət xidmətinin hökumətə təqdim etdiyi hesabatda deyilir. Hesabatda o da bildirilir ki, sözügedən sahədə anarxiya hökm sürür.
Hətta Rusiya belə...
Güc strukturlarındakı özbaşınalıq, korrupsiya halları onsuzda ağır vəziyyətdə olan insanları çarəsiz duruma salıb. Ölkədəki istənilən sektor Sarkisyana yaxın olan oliqarxlar tərəfindən tam nəzarət altına salınıb. Ermənistana yatırım qoyan xarici şirkətlər korrupsiyaya qurşanmış dövlət məmurlarının özbaşınalığı ucbatından ölkəni tərk etməyə başlayıblar.
Xarici sərmayədarlar gələcəyi sual altında olan və əhalisinin əksəriyyətinin yoxsulluğun son həddində yaşadığı Ermənistana investisiya qoymaqdan çəkinirlər. "Aylıntrank" (Alternativ) Araşdırma Mərkəzinin rəhbəri Tatul Manaseyan keçirdiyi mətbuat konfransında 2012-ci ildə Ermənistana xarici sərmayə qoyuluşunun ötən illə müqayisədə 40 faiz azaldığını deyib.
İqtisadçı bunun ötən ilin müvafiq dövrü ilə müqayisədə 266 milyon dollar az olduğunu diqqətə çatdırıb: "Hətta Ermənistana sərmayə yatıran Rusiya, ABŞ və Fransa kimi əsas ölkələr investisiya yatırımını azaltmağa başlayıblar. Məsələn, Rusiya Ermənistana ötən il elektron sektoru üçün nəzərdə tutulan 206 milyon dollar əvəzinə 40 milyon dollar sərmayə qoymaqla kifayətlənib".
Manaseryanın sözlərinə görə, bunun əsas səbəblərindən biri kimi 2012-ci ildəki parlament seçkiləridir, bundan başqa növbəti prezident seçkilərinin yaxınlaşması da sərmayə mühitinin çox aktiv olmayacağından xəbər verir.
Manaseryan cari ilin Ermənistan iqtisadiyyatı üçün uğursuz olduğunu, 2011-ci ildəki iqtisadi tənəzzülün davam etdiyini söyləyib.
Ölkədə sürətlə bahalaşma gedir
Ermənistan mətbuatının yaydığı xəbərə görə, dövlət borcunun 59,7 faizini (290,6 mln. dollar) dövlət ortamüddətli istiqrazları, 34,1 faizini (196,5 mln. dollar) isə dövlət uzunmüddətli istiqrazları təşkil edir.
Ermənistanın xarici dövlət borcu isə hesabat dövründə 4,8 faizi artaraq 172,6 mln. dollardan 3 740,8 mln. dollara yüksəlib.
Ermənistanda təkcə noyabr ayında ərzaq məhsullarının qiyməti bir ay əvvələ nisbətən 2,6 faiz qalxıb.
Statistika Xidməti son bir ildə çörək məhsullarının qiymətinin 10,7 dəfə bahalaşdığını açıqlayıb. Son bir ayda ölkə üzrə 0,6 faiz bahalaşma qeydə alınıb. Ölkənin tədqiqat aparılan 9 şəhərində son bir ayda çörəyin qiymətinin 0,1 – 3,3 faiz bahalaşdığı müəyyənləşib. İrəvanda çörəyin qiyməti 0,3 faiz bahalaşıb.
Xalq yoxsa, Putin
Serj Sarkisyanın Türkmənistanda MDB dövlət başçılarının sammiti çərçivəsində Vladimir Putinlə görüşündə Rusiya prezidentinin Ermənistana səfərinin təxmini vaxtı müəyyənləşib. Məlumatı 168.am saytı hakim Respublika Partiyasındakı mənbələrə istinadən yayıb.
Xəbərə görə, Vladimir Putin dekabrın sonu-yanvarın əvvəlində Ermənistana səfər edə bilər. Ermənistanın hakim partiyasının fəalları prezident seçkiləri ərəfəsində reallaşa biləcək səfəri Vladimir Putinin Serj Sarkisyana dəstəyi kimi qiymətləndirirlər. Görünür Sarkisyan erməni xalqının dəstəyinə güvənmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB