Gürcüstanda yeni hökumət Ermənistanla Rusiya arasında birbaşa dəmiryol əlaqəsini bərpa etməyi planlaşdırır. Söhbət Gürcüstanın separatçı Abxaziya bölgəsindən keçən Rusiyaya gedən dəmir yolunun açılmasından gedir. Və 20 il öncə regiondakı məlum münaqişə səbəbindən bağlanan dəmir yolu açılacağı təqdirdə Rusiyadan Ermənistana yüklərin daşınması işi xeyli yüngülləşəcək. Bəs Ermənistan və Rusiya açısından olduqca müsbət dəyərləndirilən bu plan Gürcüstana nə vəd edir?
Səriştəsiz siyasətin arxasında dayanan güc
Daha çox biznes fəaliyyəti ilə tanınan İvanişvilin siyasətdə səriştəsinin az olmasına baxmayaraq, qısa bir müddətdə baş nazir kimi yüksək posta yiyələnməsi onun arxasında böyük güclərin olmasından xəbər verir. Bu qüvvənin Rusiya olması isə heç kəsdə şübhə doğurmur. Seçki kampaniyası ərzində belə Rusiyameylli siyasəti ilə gündəmə gələn İranişvili yürütdüyü siyasətlə ölkənin xarici siyasətini hansı istiqamətə dəyişə biləcəyini açıq-aşkar ortaya qoyur.
İvanişvili bildirib ki, Gürcüstandan keçən Rusiya-Ermənistan dəmiryolunun açılması həm Gürcüstanın, həm də qonşu Ermənistanın iqtisadi maraqlarının qorunması baxımdan önəmlidir. Halbuki xarici ianələr hesabına yaşan Ermənistanın Gürcüstan iqtisadiyyatına hər hansı bir xeyir verəcəyi inandırıcı görünmür. Hazırda Rusiyanın nəzarətində olan Abxaziya üçün isə yolun açılması yeni bir nəfəs anlamı daşıyır. Deməli, İvanişvilinin bu təklifinin arxasında əslində Rusiyanın dayandığı məlumdur.
Gürcü arzusunun reallaşması kimə bağlıdır?
Təsadüfi deyil ki, yeni hökumətin bu qərarı Rusiyada dərhal müsbət reaksiyalara səbəb olub. Rusiya mətbuatı yazır ki, İvanişvilinin "Gürcü arzusu" koalisiyası Rusiya ilə münasibətlərin normallaşmasının vacibliyini nəzərə alır, əks halda, gürcü arzusunun reallaşması mümkün olmazdı.
Məsələ burasındadır ki, bu yol açılacağı təqdirdə, Abxaziya problemi həll edilməlidir. Çünki yol Rusiyanın işğal etdiyi və özünü müstəqil elan etmiş separatçı Abxaziyanın ərazisindən keçir. Siyasi ekspertlər Gürcüstanın yeni Rusiyapərəst hakimiyyətinin bu addımını Cənubi Osetiya, eyni zamanda Abxaziyanı Rusiyaya verməyə hazırlıq kimi dəyərləndirirlər. Qısacası Rusiya Gürcüstanı "işğala" hazırlaşır.
Ən yaxın tərəfdaşlarını itirə bilər
Baş nazirdən fərqli olaraq Gürcüstan prezidenti Saakaşvilinin Rusiya siyasətində hələ də soyuqluq hökm sürür və yaxın gələcəkdə də əməkdaşlığa getməyəcəyi aydındır. Saakaşvili yaxşı bilir ki, bu yolun açılması Gürcüstan iqtisadiyyatına böyük ziyan vura, Azərbaycan və Türkiyə kimi tərəfdaşlarını itirə bilər.
Gürcüstanın enerji naziri Kaxa Kaladze çıxışlarının birində bildirib ki, yeni hökumət artıq Azərbaycanı ölkənin yeganə enerji tərəfdaşı hesab etmir və gələn ilin yanvarından etibarən, Rusiyadan elektrik enerjisi alınacağını açıqlayıb: "Biz Rusiyanın "İnter RAO EES" şirkəti ilə sıx əməkdaşlıq etmək niyyətindəyik. Görüşməyə, danışıqlar aparmağa hazırıq ki, normal münasibətlər yaradaq". İvanişvili hökümətinin iqtisadiyyat naziri Georgi Kvirikaşvili də Rusiyanın "İnter RAO EES" şirkəti və SOCAR-la bağlanmış müqavilələrə yenidən baxılacağının istisna olmadığını açıqlayıb. Nazir bunu həmin şirkətlərdən alınan elektrik enerjisi, benzin və təbii qazın tariflərinin yüksək olması ilə əsaslandırıb.
Yaddaşlar təzələnsə
Gürcüstan yaddaşını bir az təzələsə, o qədər uzaq olmayan keçmişinə nəzər salsa, Azərbaycanın ona göstərdiyi böyük dəstəyi, Rusiyanın isə vurduğu ziyanı görməkdə çətinlik çəkməz. Qışın soyuq aylarında ölkəni qazsız qoyan Rusiyanın eyni addımı təkrarlamayacağına heç kim zəmanət verə bilməz.
Politoloq hesab edir ki, bunlar Rusiyaya yaxınlaşmaq üçün bir vasitə olsa da, B.İvanişvilinin Gürcüstan-Azərbaycan münasibətlərinə zərər verəcək bu planı hələ ki, baş tutmayacaq. Çünki yeni hökumət başçısı Gürcüstanın xarici maraqlarını, geosiyasi strateji xəttini düzgün müəyyənləşdirməkdə çətinlik çəkir. Gürcüstanda qarışıqlıq, qarşıdurma əhval-ruhiyyəsi hökm sürür.
Baş nazirin təklifi Ermənistan və Abxaziya üçün nə qədər hava və su kimi lazımlıdırsa, bir o qədər də Gürcüstanın dövlət maraqlarına ziyan vura bilər.
Yaxşı qonşu, yoxsa...
Son beş il ərzində Azərbaycan Gürcüstan iqtisadiyyatına 800 milyon dollardan artıq sərmayə qoyub. ARDNŞ-nin törəmə şirkəti "Socar Georgia Petroleum" 2010-cu və 2011-ci illərdə Gürcüstanda ən iri vergiödəyici olub. Eləcə də 2011-ci ildə bu ölkəyə 32 milyon dollar sərmayə qoyaraq ən iri sərmayəçi olub.
ARDNŞ bütünlükdə Gürcüstan iqtisadiyyatına 700 milyon dollar sərmayə qoyub. Gürcüstanda çalışan Azərbaycan şirkətləri yeddi min iş yerinin yaradılmasına kömək ediblər. Azərbaycanda 106 gürcü, Gürcüstanda isə 272 Azərbaycan şirkəti açılıb. 2011-ci ildə Azərbaycanla Gürcüstan arasında mal dövriyyəsi 36 faiz artıb.
2012-ci ilin ilk yarısında Azərbaycan Gürcüstanın ikinci əsas ticarət tərəfdaşı olub.
Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, yanvar-iyun aylarında iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 606 milyon dollar təşkil edib.
Gürcüstanın əsas ticarət tərəfdaşı isə Türkiyədir (741 mln).
Xatırladaq ki, ötən il Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 1.037 milyard dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB