Özbaşınalıq və rüşvətxorluq baş alıb gedir

BMT-nin hesabatları əsasında hazırlanan sürətlə ölən şəhərlər siyahısında "önəmli" yerlərdən birini tutan Ermənistanın paytaxtı Yerevandakı acınacaqlı vəziyyət demək olar ki, bütün ölkəyə sirayət edib. Aclıqdan, yoxsulluqdan əziyyət çəkən ermənilər bir də xəstəliklərin cəngində çırpınırlar. Ermənistanda demək olar ki, hər bir ailədə hansısa xroniki xəstəlikdən əziyyət çəkən insan var.

Erməni ailələri onun-bunun yardımı ilə yaşayır

Ermənistanın "Şirak" Araşdırmalar Mərkəzinin araşdırmalarına görə, buna səbəb erməni ailələrinin çoxunun 20 ildən artıqdır ki, nəmişlik və soyuq olan müvəqqəti evlərdə yaşamalarıdır. Təşkilatın araşdırmaları Ermənistanda ailələrin vəziyyətinin getdikcə daha acınacaqlı bir hal aldığını ortaya çıxarıb. İnsanların böyük əksəriyyəti ifrat yoxsulluq içində yaşayır. Özlərinin evləri olmadığı üçün onlar vaqonlarda qalmalı olur. Buradakı vəziyyəti isə dözülməzdir.

"Şirak"ın əməkdaşları belə bir ailələrdən birinə əslən erməni olan Amerika vətəndaşı, xeyriyyəçinin yardımını çatdırıblar. Belə ailələrin hamısı onun-bunun ianəsi ilə yaşayır. Ermənistanda isə belə ailələrin sayı olduqca çoxdur. Adıçəkilən qeyri-hökumət təşkilatının araşdırması bir daha sübut edir ki, Ermənistanda acı səfalət və dözülməz vəziyyət davam etməkdədir.

Onlara ABŞ-da da nifrət var

ABŞ-ın Kaliforniya ştatının Berbank və Qlendeyl şəhərlərində ötən il ədavət zəminində 8 cinayət hadisəsi baş verib. Los-Anceles dairəsində sakinlər arasında münasibətlər üzrə Komissiyanın əməkdaşı "Burbank Leader" qəzetinə açıqlamasında bildirib ki, bu cinayətlərdən 4-ü ermənilərə qarşı törədilib.

Ötən ilin əvvəllərində müəssisələrdən birinin qarşısında dayanmış avtomobilin üzərinə ermənilərə qarşı təhqiramiz ifadələr yazılıb. Bundan yeddi ay sonra başqa bir avtomobilin üzərində həmin ifadələr yenidən peyda olub. Bir ay sonra isə avtobus dayanacağındakı oturacağa "Ermənilər! Ermənistana qayıdın!" yazılıb.

Vətəndaşların hüquqları hakimiyyət tərəfindən pozulur

Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Ermənistanın əleyhinə çıxartdığı qərarların sayı artıb. Bunu Ermənistan ədliyyə nazirinin müavini Ruben Melikyan İrəvanda keçirdiyi mətbuat konfransında bildirib. Nazir müavini bu faktı qərəzçilik kimi qiymətləndirib.

Lakin Ermənistan KİV-nə müsahibə verən vəkil Lyusine Saakyan deyib ki, təkcə 2012-ci ildə AİHM-nə 800 şikayət daxil olub. Həmin şikayətlərin hamısında vətəndaşların hüquqlarının hakimiyyət tərəfindən pozulduğu göstərilib. Məhkəmə daxil olan şikayətlərin 42-nə baxıb və baxılmış bütün işlər üzrə Ermənistan hökumətinin əleyhinə qərar qəbul edib. Bu işlər üzrə büdcədən vətəndaşlara 440 min avro məbləğində cərimə ödənilib.

İnsanlar məhkəməyə inanmırlar

Vəkil onu da qeyd edib ki, məhkəmələrdə özbaşınalıq və rüşvətxorluq baş alıb gedir. Vətəndaşlar məhkəməyə inanmırlar. Ermənistan məhkəmələrində ən xırda işləri belə rüşvətsiz həll etmək olmur. Bütün bunlara görə də yerli məhkəmə instansiyalarını keçdikdən sonra yaşadığı ölkədə ədalət tapa bilməyənlər AİHM-nə müraciət etmək məcburiyyətində qalırlar. Siyasi baxışlarına və hakimiyyətin cinayət əməllərini üzə çıxardıqlarına görə həbs olunmaq isə adi hala çevrilib. Bir çox halda məhkəmə orqanları ədalətli araşdırma aparmaq əvəzinə vəzifəli şəxslərin sifarişlərini yerinə yetirirlər.

Hərbi xərclər "artırılır"

Ermənistanın 2013-cü il dövlət büdcəsində hərbi xərcləri 451 milyon ABŞ dolları (182778 milyon dram) həcmində planlaşdırır.

Rəsmi İrəvan hərbi xərclərini 2012-ci illə müqayisədə təxminən 105 milyon dollar artırır.
Ermənistan maliyyə nazirinin müavini Pavel Safaryan parlamentdə büdcənin müzakirəsi zamanı bildirib ki, bu vəsaitin 177845 milyon dramı (439 milyon dollar) sırf hərbi xərclərə yönəldiləcək. Bundan başqa, humanitar mina təmizləmə üzrə proqramlarının reallaşdırması və ekspert xidmətlərinin təşkilinə 94,7 milyon dram (233 756 dollar) vəsaitin ayrılması planlaşdırılır.
Ermənistanın 2013-cü il dövlət büdcəsinin gəlirləri 2,5 milyard dollar, xərcləri isə 2,2 milyard dollar proqnozlaşdırılır.

Qeyd edək ki, Ermənistanın hərbi xərcləri Azərbaycanın 2013-cü ildə dövlət büdcəsində müdafiə xərcləri bölməsi üzrə nəzərdə tutduğu vəsaitdən 4,3 dəfə azdır. Azərbaycanın 2013-cü il dövlət büdcəsində müdafiə xərcləri bölməsi üzrə Silahlı Qüvvələrə, təhlükəsizlik qüvvələrinə və hərbi sənaye sahəsinə bilavasitə 1 milyard 528 milyon 582 min manat (1 milyard 947 milyon 238 min dollar) vəsait ayrılması nəzərdə tutulur.

Azərbaycan hökuməti dövlət büdcəsindən gələn il ümumilikdə ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, imkanlarının artırılması üçün 2 milyard 910 milyon 656 min manat (3,7 milyard dollar) ayırmağı planlaşdırır. Bura əlavə investisiyalar, Silahlı Qüvvələrin tərkib hissəsi olan Daxili Qoşunlar və Xüsusi Dövlət Mühafizə Xidmətinə (XDMX) ayrılan vəsaitlər də daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə