ABŞ prezidenti, ölkənin Demokratlar Partiyasının prezidentliyə namizədi Barak Obama seçkidə qalib gəlmək üçün ilk növbədə Birləşmiş Ştatların qadınlarının ona olan əvvəlki simpatiyasını özünə qaytarmalıdır. Politoloqların fikrincə, hazırkı dövlət başçısının noyabrın 6-dək görəcəyi əsas iş məhz bundan ibarət olmalıdır. Məsələ barədə heç də təsadüfən söz açılmır. Çünki ABŞ-da qadın elektoratın vacib rolu artıq siyasi aksiomdur. Əslində qadınların ölkədəki statistikası da bu əhəmiyyətliliyi təsdiqləməkdədir.
2010-cu ilin rəqəmlərinə görə, Birləşmiş Ştatlarda 157 milyon qadın, 152 milyon kişi var. Amerika qadınları kişilərə baxanda daha çox ömür sürürlər. Məsələn, 85 və ondan yuxarı yaşlı qadınların sayı həmin yaşda olan kişilərin sayından iki dəfə artıqdır. Üstəlik onlar kişilərə nisbətən seçkiyə daha çox maraq göstərirlər.
2008-ci ildə Barak Obama prezident seçkisini əsasən məhz qadınların hesabına udmuşdu. O vaxt namizəd olan qaradəriliyə etimad göstərmiş zərif cinsin nümayəndələrinin say nisbəti Respublikaçılar Partiyasının namizədi Con Makkeynə səs verən qadınlardan 13 faiz çox olmuşdu. Halbuki Obamaya səs vermiş kişilər Makkeynə səs vermiş kişilərdən cəmi 1 faiz çox idi.
Hazırkı seçkiqabağı marafon başlamazdan öncə də Barak Obama qadınlar arasında Respublikaçılar Partiyasının namizədi Mitt Romnidən daha populyar idi. Ancaq son vaxtlar mövcud üstünlük nisbətən arxa plana keçməkdədir. Xüsusən də seçkiqabağı debatların ilk raundundan sonra bu mənada vəziyyət Birləşmiş Ştatların hazırkı dövlət başçısı üçün xüsusən acınacaqlı idi. "USA Today" qəzetinin "Gellap" sorğu təşkilatı ilə birgə keçirdiyi rəy sorğusunun nəticələri də bunu deməyə əsas verirdi. Sorğu müəyyənləşdirmişdi ki, M.Romninin rəyi soruşulanların 49 faizinin etimadını qazanmış Obamadan cəmi bir faiz geriyə qalan mövqeyə yetişməsində qadınlar başlıca rol oynayıb.
Həm partiyadaşları, həm də sosioloqlar etiraf edirlər ki, qadınlar Romniyə daha yaxşı münasibət bəsləməyə başlayıblar. Halbuki praymerizlərdə belə bir mənzərə müşahidə olunmamışdı. Bu isə namizədin nümayiş etdirdiyi xarakterin nəticəsidir. Müşahidəçilər bildirirlər ki, teledebatların birinci raundunda Romnidə neqativ siyasi anti-reklamlarda göstərildiyi kimi, qorxunc simadan əsər-əlamət yox idi. O, normal, sadə, müasir, səmimi və gülərüz görkəmi ilə seçilirdi. Həmin vaxt amerikalıların çoxuna onun qarşısındakını dinləmək məharəti xoş gəlmişdi. Təbii ki, bu, Obamanın formasını almadığı dönəm idi.
Prezidentliyə namizəd siyasətçilərin proqramlarına gəldikdə isə, sözügedən sorğu müəyyənləşdirib ki, qadınlar üçün əsas məsələ onların hüquq genişliyinin tanınması, xüsusən də abortla bağlı müstəqilliklərinin olmasıdır. İqtisadiyyat, səhiyyə, təhsil məsələləri ABŞ-da zərif cinsin nümayəndələri üçün ikinci dərəcəli sayılır. Məlumdur ki, Romni belə formada özünü təzahür etdirən qadın azadlığına qarşıdır və qəti şəkildə abortların əleyhinədir. Amma seçkiyə az müddətin qaldığı bir vaxtda o, özünü elə aparır ki, elə bil, haqqında zaman-zaman mənfi fikirlər səsləndirdiyi məsələ onun üçün o qədər də aktual deyil.
Maraqlıdır ki, Romni iqtisadiyyatla bağlı məsələlərdə seçicilər üçün daha cəzbedicidir. Baxmayaraq ki, Obamadan fərqli olaraq dövlətin iqtisadiyyat üzərindəki təsirlərini azaltmağın və sosial-iqtisadi proqramların məhdudlaşdırmağın tərəfdarıdır. Amma bir məsələ var: müvafiq təşilatların məlumatlarına görə, hazırda ABŞ-da 55 milyon ərsiz qadın var. Onların əksəriyyəti uşaqlarını təkbaşına böyüdürlər. 2010-cu ildə ölkədəki tək anaların orta illik gəliri 24,5 min dollar təşkil edirdi. Cütlüklərin gəliri isə 77,7 min dollar idi. İndi Obama daha çox birincilərin sosial mövqeyinin möhkəmləndirilməsinin tərəfdarı kimi çıxış edir.
Yeri gəlmişkən, 2008-ci ildə evli olmayan amerikalıların 70 faizi demokratların namizədinə etimad göstərmişdi. Onların hazırda Romninin əleyhinə köklənmələrinin səbəbi isə respublikaçıların namizədinin çox anlaşılmaz tərzdə fikir bildirməsidir. Diqqət yetirək, M.Romni deyib ki, ölkə əhalisinin 47 faizi özünə və köməyə ehtiyac duyanlara yardım göstərməyi bacarmayan çörəyə möhtac qalanlardır. Deyim tənha qadınların narahatlığına səbəb olub. Ürəklərinə elə gəlib ki, Romni daşışarkən onları da nəzərdə tuturmuş.
Təbii ki, ABŞ-ın hazırkı prezidenti məhz belələrinin etimadını qazandığına bəribaşdan inana bilməz. Çünki Amerika qadınlarında qeyd edəcəyimiz deyimə xas xarakter də var: "İnsanı balıqçı olmağa öyrətmək daha yaxşıdır, nəinki onu müftə yedizdirmək".
Ümumiyyətlə, mövcud fikirlə təkcə Romni deyil, Obama da razıdır. Həm də ona görə ki, amerikalılara hələ uşaq yaşlarından özünə güvənməyi öyrədirlər. Onlar kiminsə xeyirxahlığına bel bağlamağı xoşlamırlar. Respublikaçıların namizədi isə hazırkı seçkiqabağı marafonda məhz bu siyasi təbliğat klişesindən yararlanır. Amma ideyanı siyasi xətt kimi necə təsdiqləmək lazımdır, o, hələlik bu barədə o qədər də aydın danışa bilmir. Çox vaxt Romninin söylədikləri boğazdanyuxarı bəyanatlar təsiri bağışlayır. Obama isə əksinə söhbəti reallıqlar üzərində qurur. Yerinə yetirilməsi mümkün olmayan vədlər vermək onluq deyil. Bəli, demokratların namizədi yalan danışmağı sevmir və bu xarakterini isbatlaya bilib. Yeri gəlmişkən, qadınlar da yalançıları sevmirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB