Tanınmış siyasi ekspertlərin son vaxtlar bu ölkə haqqında söylədiyi fikirlər vəziyyətin nə qədər acınacaqlı olduğunu göstərir: "Ermənistan çökür, iqtisadi cəhətdən geriləyir, mənəvi-psixoloji cəhətdən bərbad vəziyyətdədir. Ölkədə mühacirət kütləvi hal alıb. İnsanlar işsizlikdən, aclıqdan, haqsızlıqdan canlarını qurtarmaq üçün xaricə üz tuturlar. Ermənistanın daxili siyasi məkanı isə küləklərin at oynatdığı və ucu-bucağı görünməyən, ətrafda nadir hallarda kiməsə rast gəlinə biləcək səhranı xatırladır. Həmin səhradakı məxluqların çoxu o qədər eybəcərdir ki, görkəmləri və səsləri ikrah hissi yaradır".
Xalqı sümürən zəlilər
Ermənistandakı siyasi təbəqələr, prezident də başqa olmaqla siyasi avantüristlər, cinayətkarlar və sadə ermənilərin dili ilə desək xalqı qanını sümürən "zəlilərdən" ibarətdir. Dövlət başçısı Serj Sarkisyan ətrafını pis, özünü isə yaxşı "dövlət başçısı" və bəzi məmurların əməllərindən xəbərsiz qalmış obrazını yaratmağa çalışır və bununla yanaşı son vaxtlar icraedici hakimiyyət və hüquq-mühafizə orqanlarının müxtəlif səviyyələrindəki adamların ünvanlarına "sərt tənqid"lərlə çıxış edir.
Əslində vəziyyət tamam başqadır. Sarkisyanın idarə etdiyi ölkə nə demokratik, nə hüquqi, nə suveren, nə də sosialdır. Ümumiyyətlə, Sarkisyanın özünün siyasətə gəlişi təsadüfü haldır. O, siyasətdən çox şəxsi biznesi, başçılıq etdiyi mafioz qrupların fəaliyyəti ilə məşğul olur. Hakimiyyətə gəldiyi gündən bəri Serj Sarkisyanın maraqları hətta onun başçılıq etdiyi və iqtidarda olan Respublika Partiyasının mənafeləri ilə də üst-üstə düşmür. İqtidar partiyası sadəcə Sarkisyanın rəhbərlik etdiyi iribuynuzlu quldurlar dəstəsinin siyasi alətinə çevrilib.
Milyardlarla ölçülən şirkətlər
Ermənistan prezident Serj Sərkisyanın ailəsinin idarəsində olan bəzi şirkətlər var ki, onların hətta Nigeriya, Bostvana və Namibiyadakı almaz mədənlərində payları var. Ermənistan İqtisadi Tədqiqatlar Fondunun hesabatında bildirilir ki, adıçəkilən Afrika ölkələrindəki 4 mədəndə 153 erməni çalışır. Onlar Serj Sarkisyana və onun ailəsinə məxsus offşor şirkətlərinin satın aldıqları paylara malik faydalı qazıntı yataqlarında kölə kimi işlədilirlər.
Ermənistan prezidentinin qohumları isə ölkədəki iri sənaye müəssisələrindən sayılan "Bazalt" səhmdar cəmiyyəti, "Aqrineks" istixana təsərrüfatı, "Zvartnos" beynəlxalq hava limanı, "Armpoçta" dövlət poçt xidməti, Qafan dağ-mədən kombinatı, Zəngəzur mis-molibden kombinatı, İrəvan kimyəvi reaktivlər zavodu və daha 18 müəssisə var. Bütün bunlarla yanaşı, "prezident qohumları" 12 hotel və motel, ABŞ və Avropa ölkələrindəki avtomobil konsernlərinin İrəvandakı rəsmi distribusiya və françayzinq strukturlarına, ölkə paytaxtındakı ən iri bazarlara, "Vanna Liç" istirahət mərkəzinə, Tatev və Cermuqdakı əyləncə-istirahət məkanlarına nəzarət edirlər.
Bütün bunlarla yanaşı, Prezident Serj Sarkisyan və ailəsinin yanacaqdoldurma stansiyaları şəbəkəsi, Dağlıq Qarabağda (Xankəndi, Xocavənd və Ağdərə) üç şərab kombinatı, Ermənistanda satılan bütün spirtli içkilərin 80 faizinə nəzarət edən şəbəkə, "Ararat" və "Sünik" bankları, 30 restorandan ibarət "Ararat" restoranlar şəbəkəsi, Ermənistandakı yanacaq-sürtkü materiallarının satışına tam nəzarət edən MİKA şirkəti, "Armavia" aviaşirkəti, "MİKA House" inşaat holdinqi, Moskvada hotel və restoran kompleksləri, Londonda dəbdəbəli malikanə, Rusiyanın VTB bankının Ermənistan nümayəndəliyi, "Cazve" kafelər şəbəkəsi, Bolqarıstandan bir çox dövlətlərə silah satışı ilə məşğul olan iki şirkət, "ArmenAkob" və "HayTV" telekanalları, "Arsaxbank", MAP, "Armeksimbank", "Unibank", "ABB Bank", "Renko Construction Bank" bankları da Sarkisyan ailəsinin aktivləri arasındadır.
Bundan başqa Sarkisyanın Gürcüstanda milyonlarla dollarlıq biznesi var. Ermənistan prezidenti bu ölkədə əsasən daşınmaz əmlak sahəsinə sərmayə yatırıb. Sarkisyanın Gürcüstanda həm yaşayış, həm də qeyri-yaşayış məqsədli daşınmaz əmlaka malik olduğu bildirilir. Həmçinin onun ailə üzvlərinə məxsus şirkəti Gürcüstanda tikinti biznesi ilə məşğuldur. Sarkisyan Gürcüstanla yanaşı, Bolqarıstanda da daşınmaz əmlak alıb.
Əgər Sarkisyanın kişiliyi çatırsa...
Ermənistan Milli Konqresinin (EMK) lideri Levon Ter-Petrosyanın Serj Sarkisyana ünvanladığı bu sözlər onun prezident yox, ölkəni, milləti qarət edən bir cinayətkar olduğunu ortaya qoyur: "Əgər Sarkisyanın kişiliyi çatırsa, əlini stola vurub desin ki, "bu gündən oğurlamağı dayandırırıq".
Ermənistanda gələn il keçiriləcək prezident seçkiləri ilə bağlı "Soçimetr" sosioloji araşdırmalar mərkəzinin apardığı sorğuda 3250 respondentin yalnız 35, 6 faizi Sarkisyana səs verib. Sorğuda ikinci pilləni 31.8 faiz səslə "Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqik Çarukyanı, üçüncü yeri 20.2 faizlə Ermənistanın keçmiş prezidenti Robert Koçaryanı tutub.
Məlum olub ki, respondentlərin əksəriyyəti Çarukyanı xeyirxah, Koçaryanı ciddi siyasətçi kimi görürlər. Ermənilər özləri də Sarkisyanın obrazını müəyyənləşdirməkdə çətinlik çəkiblər.
Ölkədə sürətli bahalaşma var
Ermənistan Milli Statistika Xidmətinin açıqladığı son hesabata görə, ölkədə fəaliyyət göstərən özəl, kommersiya və dövlət banklarının ümumi gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,2 faiz azalıb. Ötən ilin ilk 7 ayında isə gəlirlər 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,7 faiz aşağı düşüb.
Geriləmə 2007-ci ildə başlayıb və indiyədək davam edir.
Rəsmi statistikaya rəğmən, ölkədə sürətli bahalaşma var və qiymət artımından ən çox əziyyət çəkənlər də təbii ki, adi vətəndaşlar. Ermənistan əhalisinin sürətli yoxsullaşması müşahidə olunur. 2005-ci ildə sürətlənən yoxsullaşma ermənilərin bir qismini artıq səfil gününə salıb və onlar gündəlik, minimal ehtiyaclarını ödəmək üçün pul tapa bilmirlər.
Mövcud hakimiyyətdən, onun rəhbərliyindən bezən sadə erməniləri Sarkisyanı quldur, cinayətkar, eyni zamanda Ermənistanın eybəcərləşmiş siması da adlandırırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB