Gürcüstanda keçirilən son seçkilərdə qalib gələn "Gürcü arzusu" müxalifət koalisiyasının lideri Bidzina İvanişvili bu günlərdə diqqət mərkəzindədir. Demək olar ki, bütün Qərb dünyası onun Gürcüstanın xarici siyasətinə dair fikirlərini öyrənmək istəyir. Ona görə də, onun bu sahədə verəcəyi bəyanat və yaxud atacağı addım bu və ya başqa qrup tərəfindən diskussiyalara səbəb olacaq.

Hər kəsin ondan belə bir işarə gözlədiyi bir zamanda, B.İvanışvili "The New Times" qəzetinə müsahibəsində ermənilərlə bağlı maraqlı fikirlər səsləndirib. Belə ki, B.İvanişvili gürcülərin öz torpaqlarına bağlı olduğunu bildirərək erməniləri misal çəkib: "Bizdə ermənilər yaşayır. Mən təəccüblənirəm, onların vətənləri bir addımlıqdadır, amma onlar burda yaşayırlar. Ola bilsin ki, sizin üçün belə məsələ yoxdur. Mənim üçünsə aydın deyil. Mən Fransada, Amerikada yaşamışam, amma mənim kəndim, torpağım həmişə yuxuma girib".

Əslində bir nöqteyi-nəzərdən, B.İvanişvili bu fikirləri söyləməkdə haqlıdır. Qafqazda yaşayan bu siyasi xadim Ermənilərin xislətinə bələddir. O yaxşı bilir ki, ermənilər başqalarına aid olan hər şeyə necə və hansı üsullarla sahiblənirlər. O yaxşı bilir ki, bir müddətdən sonra Ermənilər Gürcüstandakı ərazilərə, Gürcüstanda olan milli-mənəvi dəyərlərə sahib çıxmağa çalışacaq, özlərinin bu torpaqların qədim sakinləri olduğunu, gürcülərin isə buralara başqa yerdən gəldiyini iddia edəcək, bar-bar bağıraraq aləmə səs salacaqlar.

Bu fikirləri söyləyərək, B.İvanişvili öz vətəninin, onun torpağının, milli-mənəvi dəyərlərinin bir növ müdafiəsinə qalxır. Ona görə də gürcülərin yaxasını ermənilərdən mümkün qədər tez qurtarmasını istəyir.

Lakin B.İvanişvili bir məqamı unudur. Bəs ermənilər hansı vətənlərinə qayıtmalıdır ki? Axı indiki Ermənistan da onların əsl vətəni deyil. Bu torpaqlar əzəli türk torpaqları olmuşdur, ermənilər isə buralara 19-cu əsrdən başlayaraq çar Rusiyası tərəfindən İrandan və Osmanlı torpaqlarından köçürülmüşlər. İndi İran və Türkiyə onları təkrar qəbul edərmi? Açığı, inanmıram.

Bir az daha qədimə getsək, ermənilərin əsl vətəni Yaxın Şərqdir, Mesopotamiyadır. Bu nöqteyi-nəzərdən, ermənilərin oralara qayıtması lazım gələrdi. Ancaq orada yaşayan xalqların da belə bir milləti qəbul etmələrinə şübhəm var.

Bunu ermənilərin özləri də yaxşı başa düşür. Onlar bilirlər ki, Ermənistan onların vətəni deyil və gec-tez Azərbaycan torpaqlarından çıxmalı olacaqlar. Ona görə də, onlar indiki Ermənistan deyilən ölkədə yaşamaq istəmirlər. Dünyanın dörd bir yanına səpələniblər. Ermənistanda olanlar isə bu ölkəni tərk etmək üçün fürsət axtarırlar.

Statistik məlumatlar indiki Ermənistanı tərk etmək istəyənlərin sayının ildən-ilə artdığını göstərir. ABŞ səfirliyindən verilən məlumata əsasən, 2013-cü ildə təkcə ABŞ-a köçmək üçün rəsmi müraciət etmiş Ermənistan vətəndaşlarının sayı 107 minə yaxındır. 2 milyon əhalisi olan bir ölkə üçün isə bu olduqca yüksək rəqəmdir və əhalinin 5 %-dən artıqdır.

Bəs görəsən Ermənistan rəhbərliyi və erməni xalqı bu haqda nə fikirləşir? Onlar bunun fərqindələrmi?

Ermənistan rəhbərliyi üçün bunun zərrə qədər mənası yoxdur. Gələcəkdə erməniləri hansı aqibətin gözləməsi onların heç vecinə də deyil. Ölkədə nə qədər az adam olsa, o qədər asan idarə etmək olar. Çünki bu gün Ermənistan əhalisi bir qrup avantürist separatçının girovuna çevrilib və heç cür xilas ola bilmir.

Ona görə də, erməni xalqının vəziyyəti daha acınacaqlıdır. Xüsusilə də Ermənistandan qaça bilməyənlərin. Ermənistan vətəndaşları isə bundan tez və düzgün nəticə çıxarmalıdır.

Dr. Turab Qurbanov

Bütün xəbərlər Facebook səhifəmizdə